Bakıda “qara binalar”da nə baş verir? – “Ölü evlər”lə bağlı heyrətamiz faktlar
Bu gün, 12:14

Dünyada daşınmaz əmlak ən etibarlı sərmayə sahəsi hesab olunur. Bu gün də vəziyyət dəyişməyib. Artıq Azərbaycanda da neçə illərdir bu təcrübədən istifadə edilir. Maddi imkanları artan şəxslər daha çox ev, obyekt alır. Ölkəmizdə onlarla evə sahib olan insanlar var. Belə ki, investorlar binadan-binaya, rayondan-rayona ev alır və nəticədə qiymətlər süni şəkildə artır. Bu da bazarda yaşayış olmayan, amma satışı tamamlanmış kimi görünən “qara binalar”ın yaranmasına səbəb olur.
Belə çıxır ki, investor üçün daş, qum və beton ideya və yenilikdən daha cəlbedici görünür. Bir tərəfdən onları başa düşmək olar. Çünki uzun illərdir mənzil alışı ən sabit və gəlirli yatırım hesab olunur. Digər tərəfdən isə mövcud vəziyyət sadə insanlar üçün mənzili əlçatmaz edib.
Bəs görəsən, bu fonda mənzil bazarında bir “partlayış” ola bilərmi? Yoxsa qiymət artımı artıq davamlı bir prosesə çevrilib?
Referans bildirir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, son illərdə, xüsusilə Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra Bakıda daşınmaz əmlakın qiyməti sürətlə artmaqdadır və bu tendensiya davam edir.
O qeyd edib ki, artımın davamlı olmasının ciddi iqtisadi əsasları var:
“Azərbaycan iqtisadi inkişafını davam etdirir, dövlət büdcəsi genişlənir. 30 ildən artıq işğal altında olan torpaqların azad olunması investisiya cəlbediciliyini artırıb. Daşınmaz əmlak investisiya baxımından digər variantlarla müqayisədə daha cəlbedicidir. Çünki ölkələrdə ənənəvi olaraq kapital depozit şəklində yığılsa da, bu gün daşınmaz əmlakın qiymət artımı depozit faizlərini üstələyir. Bu isə onu göstərir ki, biznes sahəsində müəyyən risklər daşınmaz əmlakdan daha yüksəkdir”.
Vüqar Oruc vurğulayıb ki, daşınmaz əmlak həm illik qiymət artımı, həm də kirayə gəlirləri sayəsində davamlı və az riskli investisiya mənbəyidir: “Bu səbəbdən həm sahibkarlar, həm də müəyyən gəlir qrupuna daxil olan vətəndaşlar bu sahəyə üstünlük verirlər. Qiymətlərin azalması üçün ciddi sosial və iqtisadi böhran, müharibə və ya neftin qiymətində kəskin düşüş tələb olunur. Əgər neftin qiyməti büdcədə nəzərdə tutulanın iki dəfəsindən daha aşağı düşərsə, daşınmaz əmlak qiymətlərində azalma mümkündür. İqtisadi inkişaf davam edərsə, qiymətlərdə azalma olmayacaq. Ən azı bir il qiymətlərdə artım müşahidə olunacaq”.
Müsahibimizin fikrincə, həmçinin, Ukrayna–Rusiya müharibəsi inşaat materiallarının və işçi qüvvəsinin qiymətlərinin artmasına səbəb olub:
“Bu isə tikinti şirkətlərində ƏDV-nin işçi qüvvəsinin maaşının artmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarıb. Nağdsız ödənişlərin artması da qiymətlərin yüksəlməsində təsirli amillərdən biridir. Artıq daşınmaz əmlak sahəsində biznes formalaşıb və bəzi investorların 30-40 evinin olması adi haldır. Kirayə biznesi sürətlə inkişaf edir və bu sahəyə maraq artmaqdadır. Ona görə də daşınmaz əmlak bazarında artım tendensiyasının davamlı olacağını düşünürəm. Son olaraq qeyd edim ki, bölgədə Azərbaycanın söz sahibi olması, nəqliyyat dəhlizlərinin açılması, İran və İsrail arasındakı gərginlik, həmçinin İranda yaşayan soydaşlarımızın Azərbaycanda daşınmaz əmlaka artan marağı bazarın dinamikliyinə əlavə təsir göstərir”.