Ermənilər Moskvanın təhdidlərindən həm qorxurlar... - həm də “bizə heç nə edə bilməzsiniz” deyirlər...

1-03-2024, 13:17           
Ermənilər Moskvanın təhdidlərindən həm qorxurlar... - həm də “bizə heç nə edə bilməzsiniz” deyirlər...
Rusiya-Ermənistan münasibətlərinin gələcəyi rəsmi İrəvanın Kreml əleyhinə artan fəaliyyəti fonunda getdikcə daha çox diqqət cəlb edir. Bu fonda “armenuanreport” portalı ilginc bir məqalə yayımlayıb. Məqalədə əsas iki tezis diqqət çəkir. Ermənilər Rusiyanın təhdidlərindən həm qorxurlar, həm də özlərində cəsarət tapıb “bizə heç nə edə bilməzsiz” deyirlər.

Portal Ermənistanın KTMT fəaliyyətini dondurması haqda Paşinyanın bəyanatından sonrakı reaksiyalar haqda yazır: “Paşinyanın İrəvanın KTMT-də iştirakını dondurduğunu bəyan etməsi böyük səs-küyə səbəb olub. Üstəlik, həm Ermənistanın özündə, həm Rusiyada, həm də Belarusda. Xüsusən də Minskdə Paşinyanın sözlərindən o qədər həyəcanlandılar ki, yenidən bizi hədələməyə başladılar. Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, "Ermənistan onu tərk etsə, KTMT dağılmayacaq, lakin İrəvan bu qərara tələsməməlidir, çünki sonradan daxil olmaq çətin olacaq". Lukaşenkoya “qoca” deyərək xitab edən portal yazır: “Qoca burada öz rolundadır - deyəsən, pis oyunda özünü yaxşı tərəfdən göstərməyə çalışır, deyir ki, Ermənistan çıxsa, KTMT-yə pis heç nə olmayacaq, amma dərhal hədələyir ki, sonra "girmək çətin olacaq". Niyə KTMT-dən çıxmalı, sonra yenidən üzv olmağı xahiş etməliyik? Doğrudanmı bu, Lukaşenkonun ağzından gələn üstüörtülü təhdid idi? Deyirlər ki, KTMT-dən kənarda Ermənistan “təhlükəsizlik çətiri”siz qalacaq, sonra isə bizim tam mehriban qonşularımızın olmadığını nəzərə alsaq, işlər yaxşı getməyəcək. Narahat olmayın, Aleksandr Qriqoryeviç, Ermənistan şübhəsiz ki, heç vaxt kömək üçün sizə müraciət etməyəcək.

Təhlükəsizlik çətiri və silah təchizatına gəlincə, Rusiya və KTMT “işıq gələn tərəfə” oxşamır. Hindistan və Fransa artıq Ermənistana yeni silah sistemlərinin əsas tədarükçülərinə çevrilib".

Sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “qanuni olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən elan edilmiş KTMT üzvlüyünün dondurulması rejimi mövcud deyil” fikrinə də sərt cavab verilib: “2020-ci ildən biz həm Moskvaya, həm də KTMT-yə açıq şəkildə deyirik ki, onlarla heç bir əlaqəmiz yoxdur. Biz KTMT-nin İrəvan sammitinin yekun bəyannaməsini imzalamamışıq, bu dəyərsiz təşkilatın təlimlərində və digər tədbirlərində iştirak etmirik. Daha aydınlıq haradadır? Bizə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı həyasızcasına nəsə deyəndə cavab olaraq nə istədin, sonra da buna görə bizə lazımi köməklik göstərə bilmədin? KTMT Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədi və buna görə də İrəvan tərəfindən çox uzağa, uzaqlara göndərildi”.

Daha sonra rusiyalı deputatların, politoloqların və ekspertlərin Ermənistana qarşı yumşaq gücdən istifadə etmək çağırışlarına belə reaksiya bildirilib: “Onlardan biri Dövlət Dumasının deputatı Konstantin Zatulindir ki, o, Rusiya mətbuatına müsahibəsində deyir ki, "Paşinyan KTMT-dən çıxmaqla kifayətlənməyəcək", məsələn, Rusiya Federasiyasının 102-ci hərbi bazasının getməsini xahiş edəcək. Və sonra o, Ermənistanın suveren ərazilərinin Rusiya tərəfindən mümkün ilhaqına eyham vurmağa başladı.

“Gümrü bir vaxtlar Aleksandropol adlanan şəhərdir. Məhz orada "Slavla vida" yazılmışdı, bu himnin müəllifi Aqapkin orada xidmət edirdi", - Zatulin mənalı şəkildə deyib. Eh, Konstantin Fyodoroviç, sən bizi boş hədə-qorxu ilə qorxuda bilməyəcəksən - Gümrünü qulaqlarının dibi kimi görməyəcəksən".

Ermənistanda belə mövqelərin artıq cəmiyyətə sirayət etməsi nə deməkdir? İrəvan taranamı gedir?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov İrəvanın Moskva ilə münasibətlərinin gedişini Qərbin siyasi oyunu kimi qiymətləndirir: “Qərb dövlətləri Ukraynada müharibə uzandıqca, prosesin mürəkkəbləşməsini anlayıb müxtəlif çıxış yolları axtarırlar. Ermənistanın Rusiyaya qarşı demarşının razılaşdırılmış siyasi oyun olduğunu təsdiqləyən faktlardan biri də ondan ibarətdir ki, son illər Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 3 qat artıb, Ermənistan iqtisadiyyatı sıçrayış edib. Bu o deməkdir ki, Rusiya Ermənistan vasitəsilə sanksiyalardan ustalıqla yayınır. Yaxud Rusiyaya və onun milli maraqlarına qarşı açıq şəkildə çıxan Ermənistana Kreml hədsiz dözümlülük göstərir. Ermənistanı ram etmək, onun şıltaqlığına son qoymaq üçün Rusiyanın bir həmləsi yetər. Paşinyanın Fransada cuşa gələrək KTMT-də Ermənistanın iştirakını dondurması haqda dedikləri isə sadəcə, Qərbin diqqətini və dəstəyini cəlb etmək, habelə diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Ermənistan üçün Rusiyanın təhlükəsizlik çətirindən alternativ çətir tapa biləcəyi, xüsusən də bunun Fransaya etibar ediləcəyi ağlabatan deyil. Fransa regiona yad ölkədir. Region oyunçuları kənar bir dövlətin iştirakına heç vaxt imkan verməzlər. Ermənistan hakimiyyəti əgər həqiqətən də bəyan etdiyi kimi, KTMT-dən çıxarsa, çox ağır bədəl ödəyər. Erməni siyasi elitası da, cəmiyyəti də çox yaxşı dərk edir ki, Rusiya faktoru olmasa, Qərbin bütün bəyanat və addımlarına rəğmən mövcudluğu və təhlükəsizliyi təmin etmək çox çətindir. Xüsusən də regionda ciddi təsirə və gücə malik Türkiyəyə və Azərbaycana düşmən münasibətlərdə qalmaqla. Paşinyana icazə verildiyi qədər Rusiya, o cümlədən Rusiyanın patronajı altında olan KTMT haqqında bəyanatlar səsləndirə bilər. Cızılan xətdən çıxmaq Ermənistan üçün fəlakət olardı. Paşinyan çox hiyləgər və iradəsiz siyasətçidir. Onun Rusiyaya qarşı tarana gedə biləcək çox riskli addım atacağını gözləmirəm”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, rəsmi İrəvan bu addımı atarsa, onu Kiyevin taleyi gözləyir: “Ermənistanın KTMT-dəki fəaliyyətini de-fakto dondurması və lazım gələrsə de-yure də təşkilatla münasibətləri kəsə biləcəklərini iddia etməsi, o cümlədən Ermənistanda yayımlanan Rusiya telekanallarının qadağan olunması 2014-cü il Ukraynasını xatırladır. Bu siyasətin nəticəsi isə bütün dünyaya bəllidir. Ukrayna paramparçadır. İqtisadiyyatı və infrastrukturu tamamən məhv olub. Özü xarici yardımlarla yaşayan bir dövlətə çevrilib. Ermənistan KTMT-dən çıxarsa, "Ukraynalaşa" bilər. Bu təhdidi açıq şəkildə rus ekspertləri də səsləndirirlər. Məsələn, rusiyalı siyasi ekspert Dmitri Suslov belə bir açıqlama verib ki, “Ermənistan KTMT-dən çıxarsa, oradakı hərbi bazanı da çıxararsa, buna heç ehtiyac da qalmayacaq, çünki ora Qərbi Azərbaycan olacaq”. Azərbaycan təbii ki, xarici güclərin təsir uğrunda savaşında alət olmaq niyyətində deyil. Buna baxmayaraq, Rusiya-Qərb oyununda Azərbaycan sərhədində təxribatlar törətməklə öz məqsədlərinə nail olmağa çalışan Ermənistan (Rusiya sərhədləri qoruya bilmir tezisi ilə) bilməlidir ki, Azərbaycan istənilən təxribata cavab vermək və öz hədəflərinə və milli maraqlarına nail olmaq qabiliyyətindədir".

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.