İrəvan seçkiləri sülhdən sonraya saxlayır? - referendum iddiası
2-03-2024, 09:40
Murad Sadəddinov: “Azərbaycanın tələbi Ermənistanda parlament seçkilərinin keçirilməsi yox, referendum keçirilməsidir”
“Ermənistanda erkən seçkilər mümkünsüz və qəbuledilməzdir, bu, məsuliyyətdən qaçmaqdır”. Bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan söyləyib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları artıq öz seçimini edib, bu məsələ müzakirə olunmayıb və müzakirə olunmur.
“Bizim Ermənistana və regiona sülh gətirmək missiyamız var. Bundan sonra seçkilərin vaxtı gələcək. Biz öz baxışımızı təqdim edəcəyik, müxalifət öz baxışını təqdim edəcək, Ermənistan xalqı isə yenidən azad və ədalətli seçkilərə gedərək lazım bildiyi hökuməti seçəcək”, - Simonyan qeyd edib.
Bu o deməkdirmi ki, kapitulyant ölkədə erkən parlament seçkiləri yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra keçiriləcək? Bəs konstitusiya referendumu?
Məlumdur ki, rəsmi Bakı net şəkildə bildirib ki, Ermənistan sülh sənədi imzalamaqdan ötrü öncə öz konstitusiyasından, digər normativ-hüquqi sənədlərdən Azərbaycana və Türkiyəyə ərazi iddiaları ilə bağlı bəndləri çıxarmalıdır.
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Alen Simonyanın fikirlərinə əsasən Ermənistan konstitusiyasına dəyişikliklərin olub-olmaması ilə bağlı birmənalı fikir söyləmək mümkün deyil. Ona görə ki, Ermənistanda istər spiker, istər baş nazirin özü də müxtəlif fikirlər sərgiləyən adamlardır və bir gün sonra isə həmin fikirlərinin əksinin edildiyinin dəfələrlə şahidi olmuşuq. Spiker Simonyanın həmin fikirləri söyləməsinin arxasında bir neçə məqam durur: “Birincisi, o, vəzifəsinin qorumaq üçün növbədənkənar parlament seçkisinin keçirilməsinin tərəfdarı deyil. Çünki bəlli deyil ki, seçkidə nəticələr necə olacaq və Alen Simonyan bu dəfə spiker ola biləcək yoxsa yox. Bu baxımdan hesab etmək olar ki, Simonyan şəxsi maraqlarından irəli gələn açıqlama verib. Ermənistanda indiki parlament 44 günlük müharibədən sonra keçirilən seçkilərdə formalaşıb. Baxmayaraq ki, Ermənistanı dəstəkləyən dövlətlər həmin seçkiləri "demokratik seçkilər" adlandırmışdılar, mən hesab edirəm ki, parlamentin hazırkı parlamentin tərkibi razılaşdırılmış tərkibdir. Burada Rusiyanın da rolu olub. Seçkidən sonra ilk olaraq Paşinyanı təbirk edən məhz Rusiya prezidenti Putin olub. Yəni öncədən razılaşma var idi, Rusiya da razı idi ki, çoxluğu Nikol Paşinyan hakimiyyəti əldə eləsin və Paşinyan hakimiyyətdə qalsın və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Ona görə də rusiyapərəst müxalifətə ciddi dəstək verilməmişdi, amma şərt kimi həmin müxalifətin parlamentdə əsas müxalifət olması məsələsi qoyulmuşdu. Lakin növbəti seçkilərdə bu razılaşmanı çox güman ki, təkrar əldə etmək mümkün olmayacaq. Bu zaman isə vəziyyətin və seçkinin nəticələrinin necə olacağı qaranlıqdır. Alen Simonyan da bunu bildiyindən erkən seçkilərə getməyin əleyhinədir".
O ki qaldı Ermənistanda referendum keçirilməsi məsələsinə, M.Sadəddinov qeyd etdi ki, bu məsələni İrəvan Azərbaycanın təzyiqlərindən sonra səsləndirməyə başlayıb: “Azərbaycan haqlı olaraq Ermənistan konstitusiyasında dəyişiklik məsələsini qaldırıb. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ləğv edilmədən sülh müqaviləsi bağlana bilməz. Növbədənkənar parlament seçkilərinin olub-olmamasından asılı olmayaraq konstitusiya dəyişikliyi üçün referendum mütləq keçirilməlidir. Azərbaycanın tələbi Ermənistanda parlament seçkilərinin keçirilməsi yox, referendum keçirilməsidir. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik haqqında Konstitusiya Aktında Türkiyəyə də ərazi iddiası irəli sürülüb. Bu məqam da referendumun keçirilib həmin iddiaların qanundan çıxarılmasını labüd edir. Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsinə bu iddia mənfi təsir göstərir. Ona görə də aradan qaldırılmalıdır. Ermənistan həqiqətən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirsə, konstitusiyasında dəyişiklik etməsi qaçılmazdır”.
Etibar SEYİDAĞA