Günəşin altında yeni heç nə baş vermir. Gözləyək…
9-03-2024, 08:47
Sülh müqaviləsi mümkün deyil, hər şeyə yenidən baxmaq lazım gələcək...
Gözümüz önündə yeni dünya düzəni yaranır. Bu barədə az danışılır, amma Qərb çoxdan “Demokratiya (onların anlayışına görə) avtoritarizmə qarşı” müharibəsinə başlayıb. Bu təlatümlü prosesdə Azərbaycan hələ də “sakit ada” olaraq qalır. Ermənistan isə nədənsə Qərbin yardım vədlərinə inanıb və belə qərara gəlib ki, öz həyatını ən yaxın qonşuları ilə əməkdaşlıqda qurmaq məqsədəuyğun deyil… Bu yaxınlarda Ermənistan bəyan edib ki, Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün müraciət edəcək.
Hətta ölkə rəhbərliyinin belə bir bəyanatını da bəzi erməni politoloqları “qərarsızlıq” kimi qiymətləndirirlər. Erməni ekspertlərinin bir hissəsi Rusiyanın yaratdığı strukturlardan çıxmaq və Rusiyadan uzaqlaşmaqla bağlı qəti addımların atılmamasını gözləmə taktikası adlandırırlar. Məsələn, politoloq Andreas Qukasyan hesab edir ki, hamı Rusiyada vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək hansısa hadisəni gözləyir. Bu isə Ermənistanın indiki siyasətinə təsir edir. Rusiyada dəyişikliklər baş verərsə, Moskvanın Cənubi Qafqaz siyasətində də böyük dəyişikliklər olacaq. Mediada isə Rusiyanın “Artsaxı” Ermənistana “qaytaracağı” ilə bağlı gözləntilərə də rast gəlmək olar. Və aydındır ki, Nikol Paşinyan bu cür dəyişikliklər olacağı təqdirdə vəziyyətdən itkisiz çıxmaq, hakimiyyəti saxlamaq və yeni situasiyada ona yenə də tələbatın olması situasiyasını saxlamaq istəyir. Lakin digərləri hesab edir ki, Paşinyanın komandası “kiçik addımlar” siyasətinə sadiqdir. Analitik Ovsep Xurşudyan qeyd edir ki, hazırda NATO ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi prosesi gedir. Bundan əlavə, FTX sərhədçilərinin “Zvartnots” hava limanından tez bir zamanda çıxarılması üçün işlər aparılır… O deyir ki, bunlar hələ kiçik addımlardır, amma kurs düzgündür. FTX-nın “Zvartnots” hava limanından çıxarılmasından sonra növbəti addım Rusiya mobil hissələrinin Azərbaycanla sərhəddən, Ermənistan-İran sərhədindən, eləcə də Türkiyə ilə sərhəddən çıxarılması olacaq. O, əmindir ki, erməni cəmiyyəti Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılmasını da tələb edəcək. Çünki bu baza həqiqətən mənasız və faydasızdır. Artıq Ermənistan əhalisinin əksəriyyəti Rusiyanı düşmən hesab edir.
Ermənistan ordusu hələ də sovet döyüş üsul və taktikasına sadiq qalır. Erməni ekspertləri hesab edirlər ki, Fransa ordusu, bu ölkənin müdafiə sistemləri və hərbi sənaye kompleksi ilə səmərəli qarşılıqlı əlaqəni təmin etmək üçün sistemli dəyişikliklər etmək lazımdır. Fransa Ermənistana texnologiya sahəsində yardım göstərə bilər, Ermənistanın özü isə Qərb silahlarının üçüncü ölkələrin, o cümlədən Rusiyanın əlinə keçməsi ehtimalı ilə bağlı riskləri idarə etmək iqtidarındadır.
Ermənistanda hesab edirlər ki, yuxarıda sadalananlar Rusiyanın timsalında “Troya atı” xidmətlərindən imtina etmək üçün kifayət qədər əsas verir. Onların inanırlar ki, Ermənistanın gələcəyi NATO-dadır, lakin ölkə hakimiyyəti hələlik bunu bəyan etmir.
Ermənistanın baş nazirinin özü ayrı mövzudur. O, Şekspir obrazı kimi bəzən faciəvi, bəzən də komediya formasında maskalanma ustasıdır, siyasətə hətta Hollivudun belə səhnəyə çıxarmağa cəsarət edə bilməyəcəyi dramatizm gətirir. Onun nitqi həqiqətin harada, uydurmanın harada olduğunu müəyyən etmək mümkün olmadığı əsl kaleydoskopdur. Bir şey aydındır – o, siyasətə sonsuz dramdan, gülməli hoqqabazlığa qədər yeni çalarlar əlavə edir.
Çətin ki, “erməni ekspertlərin” özləri, eləcə də bir çox dövlət məmurları doğrudan da nə dediklərini tam başa düşürlər. Onlar sadəcə olaraq, Ermənistanın hazırda düşdüyü hansısa boşluğu doldurmağa çalışırlar. Ölkənin həyatının hadisələrlə dolu olması, onun ətrafında çox maraqlı “təkliflər” olduğu görüntüdür. Əslində Ermənistan boşluq içindədir.
Erməni kimliyinin əsas mənbəyi – bütün dünyada ermənilərin öz həyatlarını və “bizneslərini” qurduqları uydurma “1915-ci il soyqırımı” üzərində göz yaşları da öz gücünü itirməyə başlayır. Ətrafımızdakı həyat sürətlə yeni hadisələrlə zənginləşir və buna görə də bir əsrdən çox yaşı olan bu yalanın təbliğat təsiri də quruyub və zəifləməkdədir. Onun dividentləri onsuz da minimaldır və indi ermənilər onu təzə bir şeylə əvəz etməyə çalışırlar. Təzminat üçün yeni ümidlər, Azərbaycan, Türkiyə, Gürcüstan, hətta Rusiya torpaqlarına iddialar lazımdır. İllüziyalar dağılsa da, demaqoq mülahizələrdən, vaxtaşırı qışqırıqlardan başqa real layihələr olmasa da, ermənilər ruhdan düşmürlər. Onlar ideoloqlarının qeyri-sağlam təxəyyülünün yaratdığı çoxsaylı yeni “erməni soyqırımları”na həsr olunmuş növbəti kampaniyaya start veriblər. Əsas odur ki, sadə ermənilərin özləri də artıq bu aksiyaya cəlb olunmağa başlayıblar. Qarabağ münaqişəsi başlayandan ermənilər öz dərsliklərinə, elmi konfranslarıda çıxışlarına ermənilərin “məhv edilməsi” ilə bağlı öz hesablamalarını daxil ediblər. İndi Azərbaycanı Sumqayıt hadisələrinə, Qarabağ “soyqırımı”na görə məsuliyyətə cəlb etmək cəhdləri var. Amerika və Avropa administrasiyasına Azərbaycana qarşı sanksiyalar tətbiq etmək, Qarabağdan olan “qaçqınlara” qeyd-şərtsiz dəstək vermək, Bakını onları geri qəbul etməyə məcbur etmək və onlara status vermək çağırışları başlayır. Və təbii ki, kulminasiya nöqtəsi kompensasiya tələbləridir…
Ermənilər bəlalarına görə özlərindən başqa hamını günahlandırırlar. Özünü ən qədim xalq adlandıran, müstəqil inkişafa və yaradıcılığa qadir olmayan bu icmanı ancaq türk xalqlarına qarşı nifrət birləşdirir. Onlar ayıq düşünmək qabiliyyətini tamamilə itiriblər. Ermənistandakı bəzi “ekspertlər”in dedikləri və düşündüklərini erməni mətbuatından öyrənmək olar: “Azərbaycan ancaq güc dilini başa düşür”, “Hazırkı halda “güclü olmaq haqq yaradır” prinsipi tətbiq olunmalıdır”, “Qabaqlayıcı tədbirlər həyata keçirmək, simmetrik və hətta asimmetrik cavab vermək lazımdır”, “Azərbaycan işğal olunmuş “Artsaxın” mədəni irsini dövlət səviyyəsində məhv edir”, “Hücum Azərbaycanda avtoritar repressiyaların dərinləşməsi ilə üst-üstə düşdü” və s… Onlara “azərbaycanlıların 2022-ci ildə “təcavüz” nəticəsində soxulduqları ərazilərdən onlara atəşə tuta bilməsi” fikri rahatlıq vermir… Bütün bunların fonunda Paşinyan guya Ermənistan ərazisində Azərbaycanın nəzarəti altında olan 31 kənddən və eyni zamanda Konstitusiyanın yeni redaksiyasından danışır.
Eyni zamanda, Ermənistan rəhbərliyinin məntiqi belədir: Ermənistan əhalisi yenə də Konstitusiyaya dəyişikliklərin əleyhinə səs verəcək, Paşinyan isə əlini qaldırıb xalqın buna qarşı olduğunu deyəcək. Bundan sonra nə baş verir? Sülh müqaviləsi olmayacaq. Hətta səhv etdiyimizi və Konstitusiyaya lazımi düzəlişlərin edildiyini fərz etsək belə, Ermənistanla Azərbaycan arasında tezliklə sülhün əldə olunmasına mane olan bir neçə amil var: Birincisi, bu, erməni diasporudur! O, hələ də bütün yol ayrıclarında Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Qarabağ məsələsinin sülh müqaviləsinə salınması tələbi ilə bağlı çığırmaqda davam edir… İkincisi, bu, anklav problemidir. Azərbaycan anklavları əsasən İran, Ermənistan və Gürcüstanı birləşdirən magistral yolların kənarında yerləşir və Ermənistan onlardan əl çəkmək istəmir. Üçüncüsü, kompensasiya məsələsi var. Diaspora tərəfindən dəstəklənən ermənilər Bakıdan Qarabağı tərk edən ermənilərin mülklərinə görə təzminat tələb etmək istəyirlər. Eyni zamanda, Ermənistanı tərk etmiş azərbaycanlıların, Azərbaycan ərazisinin 20%-nin işğalı zamanı qovulmuş azərbaycanlıların əmlakına dəymiş ziyana görə, ölkənin ekologiyasına dəymiş ziyana görə, minalama siyasətinə görə dəymiş ziyana görə… (siyahını uzatmaq olar) Azərbaycan qaldırdığı iddiaları unudaraq. Və nəhayət, dördüncü və beşinci, sərhədləri necə demarkasiya etmək və “sülh müqaviləsi”ni harada və necə imzalamaq lazımdır? Ermənistan bizdən qoşunları geri çəkməyi və sovet dövründə istifadə etdiyi bəzi ərazilərin ona verilməsini tələb edir. O, 1991-ci ilin Alma-Ata bəyannaməsindən və bəzi sərhədlərdən danışır. Özü isə 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətini sənədli şəkildə Ermənistana “birləşdirib”, bütün sərhədləri, o cümlədən Alma-at bəyannaməsini pozaraq Azərbaycana hücum edib. Bəs hansı sərhədlərdən danışmaq olar? Özü də müqaviləni ABŞ və ya Avropada (beynəlxalq vasitəçilərin zəmanəti ilə) imzalamaq istəyir.
Azərbaycan isə bir sıra məsələlərin vasitəçilərsiz həlli prinsiplərini özündə əks etdirən “çərçivə sazişi” təklif edir, ikitərəfli danışıqlara və sənədin neytral platformada (məsələn, Gürcüstanda. Amma təbii ki, bu, məsələn, Dubayda da mümkündür) imzalanmasına üstünlük verir. Beləliklə, əgər buna nəqliyyat kommunikasiyalarının açılması və istismarı ilə bağlı fikir ayrılıqlarını da əlavə etsək, o zaman “sülh müqaviləsi” ilə bağlı vaxtaşırı nikbin proqnozlar məni təəccübləndirir. Fikrimcə, mövcud situasiyanı “pat vəziyyəti” kimi xarakterizə etmək olar. Hazırda “sülh gündəliyinin bəzi əsas məsələlərinə dair tərəflərin baxışları diametral şəkildə ziddiyyət təşkil edir və praktiki olaraq “həllolunmazdır”. Ən azından indiki geosiyasi vəziyyətdə. Zaman keçdikcə, situasiya dəyişəndə, sülh gündəminə qayıtmaq mümkün olacaq.
Görünən odur ki, əvvəllər həm Qərbə, həm də Rusiyaya yaxınlaşmaq üçün bütün səylərini əsirgəməyən Ermənistan indi öz seçimini Qərbin xeyrinə etmək qərarına gəlib. Bu, şübhəsiz ki, öz növbəsində, Ermənistan-Avropa və Rusiya-Ermənistan münasibətlərinin bir çox aspektlərinə yenidən baxılmasına gətirib çıxaracaq. Süleyman padşahın müdrik sözlərini xatırlamağa dəyər: “Günəşin altında yeni heç nə baş vermir. Bu da keçəcək”. Ancaq hər bir tərəfin sonda hansı qiyməti ödəyəcəyini ancaq Allah bilir. Odur ki, gözləyək-görək…
Doktor Fuad Rəsulov, iqtisadçı
pressklub