Rusiya Ermənistandan çıxır, Türkiyə girir - Adonts

9-03-2024, 08:59           
Rusiya Ermənistandan çıxır, Türkiyə girir - Adonts
Ermənistan hakimiyyəti Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı Türkiyənin təsirini gücləndirməyə dəyişir.

Axar.az xəbər verir ki, bu sözləri “Sputnik”ə müsahibəsində Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Avet Adonts söyləyib.

O bildirib ki, Ermənistan rəhbərliyi xarici siyasət vektorunu dəyişmədiyini desə də, Paşinyanın Münhen, Paris, XİN rəhbərinin Antalya səfərindən sonra kəskin dəyişikliklər, növbəti bəyanat dalğası başlayıb:

“Rusiya sərhədçilərini Zvartnots hava limanından çıxarmaq niyyəti Ermənistan hakimiyyətinin daha geniş gündəliyində yalnız kiçik elementdir. Əgər əvvəllər proses Rusiyanın Ermənistanda və bütövlükdə regionda təsirini azaltmaq məqsədi daşıyırdısa, indi onun tamamilə aradan qaldırılmasına cəhd edilir”.

O, buna misal olaraq AB üzvlüyünə namizəd olmaq üçün göstərilən təşəbbüsləri, həmçinin KTMT-də fəaliyyətin dondurulduğu haqda açıqlamanı göstərib.

Adontsun fikrincə, hakimiyyət orqanları Aİİ-nin əhəmiyyətini sırf iqtisadi baxımdan dəyərləndirməyə çalışır:

“Rusiya tərəfi isə açıq şəkildə bildirdi ki, KTMT-də iştirakın “dondurulması” İrəvanın Avrasiya İqtisadi İttifaqında tam iştirakını sual altına qoyur”.

O vurğulayıb ki, İrəvan xarici siyasət vektorunu dəyişir, lakin heç bir təhlükəsizlik zəmanəti olmadan:

“Nə Azərbaycan, nə də Türkiyə ilə münasibətlərimiz nizamlanıb, vəziyyət gözlənilməz və son dərəcə təhlükəlidir. İran regiondankənar qüvvələrin cari proseslərdə iştirakının qəti əleyhinədir və bu yaxınlarda bunu təkrarlayıb. Amma Ermənistanda antirusiya və antiiran prosesləri çox aktiv şəkildə cərəyan edir”.

Sabiq nazir müavini əmindir ki, Qərb Ermənistana gəlməyəcək, çünki ortada Ukrayna nümunəsi var, əvəzində isə Rusiyanı Türkiyə əvəzləyəcək:

“Təhlükəsizliyin təmin edilməsində AB-nin özü Vaşinqtondan asılıdır. İndi ABŞ-ın Avropadakı hökmranlığı daha da güclənib. Ermənistanın ən güclü silahı elan etdiyi demokratiya isə uşaq nağılıdır, heç kimə lazım deyil. Hanı demokratiya, dəyərlər, insan haqları, məsələn, Qəzzada?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.