Rusiya Ermənistana hərbi müdaxilə edəcək? – Gərginlik pik həddə

9-03-2024, 09:22           
Rusiya Ermənistana hərbi müdaxilə edəcək? – Gərginlik pik həddə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı məlumatları təsdiqləyib və bura İrəvanın özünün nəzarət qabiliyyətinin olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadan uzaqlaşmaq üçün əlinə düşən bütün fürsətlərdən istifadə etməyə çalışırdı:

“Ən böyük belə imkan isə Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistanı məğlubiyyətə uğratmasından sonra yarandı. Xronoloji olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına cavab kimi şərti sərhəddə keçirdiyi əməliyyatlar, yüksəkliklərin nəzarətə götürülməsi, eyni zamanda, Rusiya sülhməramlılarının da olduğu Qarabağda separatizmin kökünün kəsilməsi Nikol Paşinyan hakimiyyətinin əlinə düşən bir fürsət oldu. Ümumilikdə 44 günlük müharibədən sonra Ermənistanda media vasitəsilə anti-Rusiya təbliğatı aparılmağa başlanmışdı. Beləliklə, Ermənistanın məğlubiyyətinə səbəb rəsmi Moskvanın dəstəyinin olmaması göstərilirdi”.

Siyasi şərhçinin fikrincə, bu təbliğatlar birbaşa Qərb mətbuatı vasitəsilə erməni cəmiyyətinə çatdırılırdı və Rusiyanın Ermənistandakı nüfuzu bu kimi yollarla zədələnirdi:

“Ermənistan bilirdi ki, əvvəlcə əhali tərəfindən buna sərt mövqe nümayiş etdirilməlidir ki, hüquqi əsaslar olsun. Yəni bu təkcə Ermənistan dövlətinin yox, həmçinin erməni xalqının da qərarıdır. Onlar Rusiya hərbçilərinin Ermənistandakı fəaliyyətini istəmirsə, ona güvənmirsə, dövlət də demokratik mühitin qorunması məqsədilə xalqın fikrini nəzərə alıb addımlar atmalıdır. Bir növ, səbəblər sırasına qoymaq üçün bəhanələr lazım idi.

Artıq vəziyyət o həddə çatdı ki, Ermənistan paytaxt İrəvandakı “Zvartnots” beynəlxalq hava limanında Rusiya Sərhəd Mühafizəsinin fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu, təbii ki, ilk addımlardır.
Ermənistan bunu etməklə ölkəyə Qərbdən gəlib hərbi fəaliyyət həyata keçirən şəxslərə, silah-sursata Rusiyanın yox, özünün nəzarət etməyinin vacib olduğunu göstərir. Çünki son illərdə dərinləşən Fransa-Ermənistan münasibətləri hər iki ölkəyə mütəmadi səfərləri zəruri edib”.

Elmir Səftərov vurğulayıb ki, Rusiyanın regiondakı əsas dayaqlarından olan Ermənistan hələ ki bu cür addımlarına görə tam cəzalandırılmır:

“Kreml rəsmi şəxslər vasitəsilə müəyyən xəbərdarlıqlar etsə də, bunlar formal xarakter daşıyır. Çünki artıq ox yaydan çıxıb və Ermənistan Rusiyadan açıq şəkildə uzaqlaşmaq yolunu seçib.

Qarışıq məsələlərdən biri də iqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistanın bu qədər rahat davranmasıdır. Bu da yəqin ki, Avropa dövlətlərindən şirin vədlər alan İrəvanı ruhlandırıb. Amma hələ ki Rusiya səbirli davranaraq müəyyən xəbərdarlıqlarla kifayətlənir.

Ümumiyyətlə, Ermənistanın Rusiyadan tam azad olması Moskvanın Ukraynada hərbi cəhətdən məğlub olduğu halda reallaşa bilər. 2008-ci ildə Gürcüstan və 2022-ci ildə isə Ukrayna Rusiya hücumunun şahidi olduğu kimi, Ermənistan da bu baxımdan istisna deyil.

Ona görə də İrəvan anlamalıdır ki, tarix və coğrafiya hər bir ölkənin xarici siyasətinə və geosiyasi oriyentasiyasına təsir edir, bəzən isə onu məhdudlaşdırır. Bundan əlavə, Rusiyanın Ermənistan üzərində hərbi nəzarəti çox olduğu üçün hələ ki ciddi addımlar atmır. Eyni zamanda, iqtisadi cəbhədə Rusiya son üç onillikdə gizli şəkildə Ermənistan üzərində nəzarətini genişləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan tam olaraq Rusiyadan asılı vəziyyətdədir. Ona görə də Rusiya hazırkı məqamda Ermənistanı sadəcə digər ölkənin əli ilə cəzalandıra bilər. Moskvanın İrəvana açıq hərbi müdaxilə ehtimalı azdır. Çünki tarix boyu Ermənistandan müxtəlif məqsədlərlə istifadə edən Rusiya nə öz forpostunu itirmək, nə də erməni xalqının ağlında düşmən obrazında qalmaq istəyir”.

Safura Bənnayeva

Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.