Ermənistanın "cahil cəsarəti"... - Rusiyanın Ermənistana hərbi müdaxilə riskini artıra bilər
9-03-2024, 09:56
Rusiya sərhədçilərinin İrəvanda yerləşən Zvartnots hava limanında fəaliyyətini dayandırmaq tələbi ilə Ermənistanın Rusiyaya göndərdiyi rəsmi məktub iki ölkə arasında onsuz da "incələn" münasibəti daha da gərginləşdirib. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
Ukrayna müharibəsində vəziyyətin Zelenski əleyhinə gərginləşdiyi, Ukrayna prezidentinin müharibədən sülh ritorikasına keçdiyi və Qərb dünyasının "əlini-ətəyini" bu müharibədən çəkib, Ukraynanı bir növ Rusiyaya "yem" etdiyi bir zamanda Ermənistan iqtidarının bu sayaq "cəsarət"i haradan qaynaqlanır?
Türkiyəli və rus siyasi ekspertləri Ermənistanın bu addımını öz analizlərində "göz görə-görə özünü oda atmaq", "Ermənistandan cahil cəsarəti" kimi təhlil edirlər.
Bəs həqiqətənmi, bu addım sözün əsl mənasında "cahil cəsarəti"dir?
"Aysberqin görünməyən üzü"ndə nə gizlənib?
Davam edən bu gərginliyin nəticəsi Rusiyanın Ermənistana açıq hərbi müdaxiləsi ilə yekunlaşa bilərmi?
Bir həftəni tamamlayan bu gərgin situasiyanın səbəb və nəticələri barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bizimyol.info xəbər portalının suallarını şərh edib.
"Ermənistan hökuməti Rusiya ilə vəziyyəti gərginləşdirməkdə davam edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı da kəskin qərarlar verməsi mümkündür. Əvvəl bu təşkilatda fəaliyyəti dondurmağı təklif etsələr də, indi De-yuri çıxmağı seçə bilərlər.
İndi Zvarnots hava limanından rus hərbçilərinin çıxarılmalarını istəmək, o demək deyil ki, Rusiya həmin dəqiqə Ermənistanın bu istəyini yerinə yetirəcək. Amma fakt budur ki, həmin rus hərbçiləri illərdir o hava limanında xidmət göstərirlər. Eyni zamanda Ermənistanın İran və Türkiyə ilə həmsərhədində də bu hərbçilər xidmət keçirlər. 1990-cı illərdə Ermənistanla Rusiya arasında sərhədlərin qorunması yönündə müqavilə olduğundan, Rusiya Ermənistanın bu istəyini geri çevirə bilər. Lakin Ermənistan hökuməti bu məsələdə dirənsə və tələbini artırsa, bəli, o zaman hesab edirəm ki, Rusiyanın Ermənistana hərbi müdaxilə riski arta bilər".
Ermənistanın təhlükəsizlik konsepsiyasını formalaşdıran məhz Rusiya dövləti və onun bu ölkədə olan hərbçiləridir. Yəni bu konsepsiya bir növ rus hərbçiləri üzərində qurulub. Rus hərbçiləri qəfil Ermənistanı tərk etdiyi təqdirdə (ki, bu da mümkün ehtimallardan biridir), Ermənistanın təhlükəsizlik konsepsiyasının aqibəti necə olacaq?
"Ermənistanın Türkiyə ilə 345 km-lik sərhədi var. Əgər Paşinyan Türkiyə ilə münasibətləri normallaşdıra bilsə, bu sərhəddə rus hərbçilərinin dayanmasına ehtiyac qalmayacaq. Sadəcə olaraq, Paşinyanın problemi ondadır ki, Türkiyə ilə Azərbaycanla məsələlərin nizamlanma prosesini yubadır. Əgər Ermənistan bu iki ölkə ilə münasibətləri normallaşdıra bilsəydi, rus hərbçilərinin Ermənistandan çıxarılması daha ağrısız həyata keçirilə bilərdi. Amma indiki halda Rusiya Ermənistan tərəfinin bu tələblərini cavabsız qoymayacaq" - deyə, politoloq qeyd edib.