Sülh danışıqları: Hansı məsələlərlə bağlı razılığa gəlinib? - Ekspert danışır...

9-03-2024, 17:15           
Sülh danışıqları: Hansı məsələlərlə bağlı razılığa gəlinib? - Ekspert danışır...
"Ermənistan Azərbaycanla daimi sülhün bərqərar olunmasında maraqlıdır".

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İrəvan və Bakı arasında sülh sazişi layihəsi ilə bağlı müzakirələr davam edir.

“Başqa müzakirə platformaları da var. Ölkə liderləri səviyyəsində görüşlər və xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin əsas məsələlərdə tərəflərin mövqeləri hələ də fərqlidir”.

Maraqlıdır, Azərbaycan və Ermənistan rəsmiləri sülh danışıqlarında hansı məsələlər üzrə razılığa gəlib?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Ararat Mirzoyanın bəyanatı manipulyasiya xarakteri daşıyır:

"Ötən ilin ortalarından bəri Ermənistan tərəfi bəyan edir ki, İrəvan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Amma indiyə kimi, bu saziş imzalanmayıb. Ona görə ki, İrəvan bir tərəfdən sülhdən danışır, o biri tərəfdən isə sülh prosesini bilərəkdən ləngidir.

Bildirim ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün 5 baza prinsipi təqdim edir. Amma Ermənistan hakimiyyəti sülh sazişinin məhz 3 prinsip əsasında imzalanmasının istəyir. Əgər bu saziş 3 prinsip üzərində imzalanarsa, regionda heç vaxt daimi sabitlik olmayacaq.

Düzdür, iki ölkə arasında ərazi bütövlüyü ilə bağlı razılıq əldə olunub. Ancaq məsələ orasındadır ki, Ermənistan hakimiyyəti burada Alma-Ata Bəyannaməsini tez-tez gündəmə gətirir.

Çünki İrəvan vaxtilə həmin bəyanata imza atarkən, ora özünə sərf edən müəyyən qeydlər əlavə edib. Heç bir zəmanət yoxdur ki, sülh sazişindən sonra Ermənistan həmin qeydlərdən əl çəkəcək.

Həmçinin Ermənistan Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları aradan qaldırmalıdır. İrəvanın bu istiqamətdə lazımi addımlar atmadan sülh sazişinin imzalanması qeyri-mümkündür.

Ararat Mirzoyan və ölkənin digər rəsmiləri bu cür bəyanatlar vermək manipulyasiya ilə məşğul olur və vaxt qazanmaqla müharibəyə hazırlaşırlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.