Başqa ölkədən gələn puldan "asılı" ailələr... -

15-04-2024, 18:46           
Başqa ölkədən gələn puldan "asılı" ailələr... -
Xüsusilə Rusiyaya üz tutan əmək miqrantları yerli əhalinin sosial mənzərəsində əhəmiyyətli payı sahibidir. Yüzminlərlə azərbaycanlı qonşu ölkə bazarlarında külüng vuraraq buradakı ailəsini dolandırmağa çalışır. Bu səbəbdən hər il Azərbaycana milyard manatlarla pul göndərilir. Amma bu istiqamətdə də vəziyyət pisləşib.
Bizimyol.info xəbər verir ki, Rusiyadan Azərbaycana pul köçürmələri üç dəfəyə yaxın azalıb. Keçən il qonşu ölkədə işləyən azərbaycanlılar vətənə təxminən 1 milyard dollar göndəriblər. Halbuki 2022-ci ildə ümumi məbləğ 2,8 milyard dolları keçmişdi. Əvvəllər Rusiyadan Azərbaycana pul transferinin ümumi köçürmələrdə payı, adətən, 75 faizdən yuxarı olardı. Məsələn, 2022-ci ildə 82 faiz olmuşdu. İndi isə göstərici 63,3 faizə düşüb.

Mütəxəssislər Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasını müharibə amili ilə əlaqələndirirlər. Şimal ölkəsi bütünü gücünü Ukrayna döyüşlərinə qoyub. Rusiyada iqtisadi vəziyyət xeyli pisləşib. Üstəlik, orada pandemiyadan sonra iqtisadiyyat yetərincə bərpa olunmamışdı. Koronavirus dalğasından dərhal sonra müharibə başladığından, Rusiya özünə gəlməyə imkan tapmamışdı. Mütəxəssislər bu ölkədən postsovet məkanının digər nöqtələrinə də pul köçürmələrinin azalmasına diqqət yetirməyi tövsiyə edir. Böyük pullardan daha danışmaq olmur.

Sosial mediada Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasını başqa amillə izah ediblər. Guya şimal dövlətinin SWIFT-dən uzaqlaşdırılması ciddi rol oynayıb. Demək istəyirlər ki, Moskvanın beynəlxalq banklararası informasiya və köçürmə mübadiləsi sistemindən kənarda qalması alternativ variantları işə salıb. Yəni ölkəyə qeyri-rəsmi pul daxilolmalarından danışılır. Heç inandırıcı deyil. Nəzərə alaq ki, Rusiya ilə Azərbaycan arasında pul köçürmələri ilə bağlı başqa sistemlər işləkdir. Yəni ölkəyə istənilən halda şimaldan pul göndərmək olur. Lap bu cür variantlar varsa da, fərq belə böyük ola bilməz. Açıq-aşkar köçürmələrin həcmi azalıb.

Ən pisi bilirsiniz nədir? Ölkə iqtisadiyyatı başqa bir dövlətdən gələcək pullardan heç bir halda asılı olmamalıdır. Nə qədər ailə gözünü Rusiyaya dikib. Mənzil bazarındakı canlanma da qonşu ölkədən asılı qalıb. Niyə belə olsun ki?! Ölkə vətəndaşları üçün elə burada uyğun yaşam imkanları olmalıdır. İnsanlar ailəsini gözü yolda qoyub Rusiya çöllərində həyat mübarizəsi aparmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.