Yuliya Navalnaya Putinin nüvə silahından istifadə edə bilməsini istisna etmədiyini bildirib
22-04-2024, 11:14
Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının mühacirətdə olan həyat yoldaşı Rusiya prezidenti Vladimir Putindən nə gözlənildiyini “heç kimin bilmədiyini” deyib və Kreml liderinin buna ehtiyac duyduğu təqdirdə nüvə silahından istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
Fevral ayında Arktika həbsxanasında ərinin ölümündən sonra Putinə qarşı təzyiqləri davam etdirəcəyinə söz verən Yuliya Navalnaya dpa xəbər agentliyinin onun nüvə silahından istifadədən çəkinəcəyini düşünüb-düşünmədiyi haqda sualına aprelin 21-də açıqlanan cavabında deyib ki,”biz [Putindən] nə gözlədiyimizi bilmirik”.
“O, yəqin ki, bunu edə bilərdi”, Navalnaya bildirib.
Yuliya Navalnaya Almaniya və Polşada son casus qalmaqalları və həbslərdən istifadə edərək Putinin illərdir Avropanın mərkəzində müharibə apardığını iddia edib.
“Putin yeni başlamayıb”- deyə, o bildirib. “O, hər zaman bunu edirdi”, Navalnaya əlavə edib.
47 yaşlı Aleksey Navalnı fevralın 16-da ekstremizm və siyasi motivli hesab edilən digər ittihamlarla 19 illik həbs cəzasını çəkdiyi Arktika həbsxanasında qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.
Rəsmi ölüm şəhadətnaməsində Navalnının təbii səbəblərdən öldüyü bildirilsə də, Yuliya Navalnaya və Navalnının tərəfdarları onun qeyri-müəyyən şəraitdə ölümünü qətl adlandırıblar.
ABŞ prezidenti Co Bayden və digər Qərb liderləri Moskvanı Navalnının özünün Putini günahlandırdığı çoxsaylı zəhərlənmələrdən sağ çıxan ən ciddi tənqidçisini öldürməkdə ittiham ediblər.
Aprelin 9-da Yamalo-Nenets Muxtar Dairəsinin müstəntiqləri Navalnının ölümü ilə bağlı ibtidai istintaqın müddətini ən azı aprelin 20-dək uzadıblar.
Dörd il əvvəl Navalnı bu ilin sonunda satışa çıxarılacaq xatirələrini yazmağa başlamışdı. Naşir Alfred A. Knopf onları “dünyaya son məktub” adlandırıb.
Övladları ilə birlikdə mühacirətdə yaşayan Navalnaya dünyanı Putini Rusiyanın “qanuni” prezidenti kimi tanımaqdan əl çəkməyə çağırıb və onun hakimiyyətdən devrilməsi üçün səyləri davam etdirəcəyinə söz verib.
Putin rəsmilərin onun yeganə ciddi tənqidçisini diskvalifikasiya etməsindən sonra və Rusiyada hərbi vəziyyətin hökm sürdüyü bir vaxtda mediaya təzyiqlərin güclənməsi və müxaliflərə qarşı təqiblərin davam etdiyi şəraitdə keçirilən seçkilərdə beşinci prezidentlik müddətinə 87 faiz səslə qalib elan edilib.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya səbəbsiz müdaxiləsinin gözlənilməz olduğunu əsas gətirən Navalnaya deyib ki, Putinin növbəti zərbəni hara vurmağa çalışacağını təxmin etmək mümkün deyil. “İnsanları qorxudur, qorxuda saxlayır. Heç kim Putinin bundan sonra nə edəcəyini bilmir”, o deyib.
Mart ayında Litvada Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş direktoru Leonid Volkova çəkiclə zorakı hücumda iştirakda şübhəli bilinən iki Polşa və bir Belarus vətəndaşı olan üç nəfər bu ay Polşada saxlanılıb.
Polşa təhlükəsizlik rəsmiləri Rusiya kəşfiyyatına Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd planına kömək etməkdə ittiham etdikləri şübhəli şəxsi saxlayıb.
Navalnaya Putinin bəzilərinin şübhələndiyi kimi Ukraynada müharibə üçün yeni səfərbərlik elan etdiyi halda Rusiyada müharibəyə qarşı müqavimətin artacağını proqnozlaşdırıb.
“Bir çox müharibə əleyhdarı və Putin əleyhdarı fəallar var”, o, dpa agentliyinə bildirib. “Onlar Qərbdən dəstəyi eşitməlidirlər”, Yuliya Navalnaya əlavə edib.
amerikaninsesi