Sülh üçün Astana formatı niyə sərfəlidir? - İNCƏLƏMƏ
25-04-2024, 00:01
Yaxın zamanda Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilə bilər.
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə məlumat verib. Dövlət rəhbəri qeyd edib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. “Əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək,” – deyə Prezident vurğulayıb.
Bununla, Prezident İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanmasında və münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib. Dövlət başçısı, həmçinin nəzərə çatdırıb ki, rəsmi Bakı istənilən məkanda Ermənistanla görüşə hazırdır. Rəsmi İrəvan razılıq verərsə, şübhəsiz ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri -Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüş Astanada baş tutacaq. Eyni zamanda, hesab etmək olar ki, əgər iki ölkənin XİN rəhbərinin görüşü uğurlu keçərsə, Astanada Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında da görüş keçirilə bilər. Təbii ki, Astanada ikitərəfli görüşlərin keçirilməsi indiki halda İrəvandan asılıdır. Azərbaycan hər zaman nəticəyönlü danışıqlara hazırdır. Yəni həm Azərbaycan, həm də Ermənistanın birgə razılaşması əsnasında Astanada sülh prosesi üzrə mütəmadi ikitərəfli görüş və danışıqların keçirilməsi mümkündür. Hətta Azərbaycan-Ermənistan sülh prosesinin nizamlanması üzrə Astana formatının mümkünlüyündən də danışılır.
Xatırladaq ki, artıq belə bir format mövcuddur, amma başqa bir istiqamətə yönəlib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə Suriyada münaqişənin nizamlanması ilə əlaqədar Rusiya, Türkiyə və İran tərəfindən Astana formatının əsası qoyuldu. Bu format çərçivəsində Suriyada münaqişənin sona çatması, sülh və sabitliyin təmin olunması ilə bağlı bir çox məsələlər müzakirə olunur. Hər il bu formatın müntəzəm görüşləri keçirilir. Astana formatı Suriya münaqişəsinin nizamlanmasında mühüm rol oynayır və tərəflər arasında dialoqun davam etməsi üçün münasib şərait yaradır.
Eyni hal Azərbaycan-Ermənistan sülh prosesində də yaşana bilər. Xüsusilə qeyd etmək lazımdır ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə Astananın Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib:
“Astana İrəvanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.
Nəzərə alaq ki, Qazaxıstanın Azərbaycanla güclü, əhatəli və dərin diplomatik-siyasi, iqtisadi-ticari və hərbi münasibətləri var. Azərbaycan-Qazaxıstan münasibətlərində iqtisadi-ticari əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə enerji, təhsil, elm və mədəniyyət sahələrində də əməkdaşlıq edir. Həmçinin Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq çərçivəsində regional təhlükəsizliyin möhkəmlənməsinə də töhfə verir.
Bununla yanaşı, Azərbaycan və Qazaxıstan Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzv ölkələridir. Hər iki ölkə arasında ikitərəfli münasibətlər ilbəil daha da şaxələnir və möhkəmlənir. Qazaxıstan Ermənistanla da bir çox sahələrdə münasibətlər qurub. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu baxımdan, Qazaxıstanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə təklif etdiyi Astana platforması istənilən zaman baş tuta bilər. Qazaxıstan həqiqətən Azərbaycan ilə Ermənistan arasında daimi sülh və barışığın bərqərar olunmasında maraqlıdır. Çünki Astana çox yaxşı anlayır ki, Cənubi Qafqaz sabit və təhlükəsiz bir regiona çevriləcəyi təqdirdə “Orta Dəhliz”, o cümlədən Zəngəzur dəhlizi tam şəkildə fəaliyyət göstərəcək.
Bu da Qazaxıstana iki dəhliz vasitəsilə Cənubi Qafqaz üzərindən Türkiyəyə və Avropaya strateji məhsullarını daşımaqla yanaşı, Şərqi Aralıq dənizinə və Şimali Afrikaya da çıxış imkanları yaradacaq.
cebheinfo