ABŞ Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirir
Bu gün, 11:54
"ABŞ Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında (PfP) aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə yaydığı məlumatda deyilir.
“Biz, Azərbaycanın PfP məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən Birgə Təlim Konfransında iştirakları vasitəsilə dəstəkləyirik”, ABŞ səfirliyi bildirir.
Məlumatda deyilir ki, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan akademik konfransda ABŞ səfirliyinin hərbi ataşesi, polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Soniya Wettsteyn iştirak edib.
Xatırladaq ki, noyabrın 26-da Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə bildirib ki, elmi-praktik konfrans zamanı ölkəsinin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-NATO əlaqələri
NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir ki, NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.
NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.
NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.
DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.
1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.
Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.
Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır