Naxçıvandan Bakıya etiraza gələn keçmiş xüsusi təyinatlılar
Bu gün, 12:14
Xüsusi Təyinatlı Qüvvələrin bəzi keçmiş hərbçiləri Naxçıvandan Bakıya, Prezident Adminstrasiyasına şikayətə gəliblər. İkinci Qarabağ müharibəsində yaralanan keçmiş hərbçilər hələ də birdəfəlik müavinət ala bilmədiklərini deyirlər.
Onların şikayətini BBC Azərbaycanca üçün Əminə Məmmədova çəkib.
"Sosial Müdafiə Nazirliyi tərəfindən əlilliyimiz təsdiqlənib, sənədlərimiz var, şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu, onu göstərir ki, bu adamlar bu pulu yeyib talayıblar ki, pulu gecikdirirlər", - keçmiş hərbçi Kamran İbrahimova BBC-yə bildirir.
Seymur Məmmədov isə deyir ki, "bununla 3-cü dəfədir Bakıya gəlir".
"Hər dəfə 300 manat pul gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?" -deyə o bildirir.
"Bu gün gecə saat 4-də enmişik havalimanına. Səhərə qədər orda daşın-dəmirin üstündə yatmışıq", - İlkin Baxşəliyev deyir.
Kəşfiyyatçı hərbçilər deyir ki, onlara əlillik dərəcəsi verilib, buna görə pensiya alırlar, amma qanuna görə, onlara birdəfəlik kompensasiya da verilməlidir. Onlar, həmçinin bildirirlər ki, Müdafiə Nazirliyinə tabe qurumlardan 4 ildir bu kompensasiyanı nə üçün ala bilmədiklərini öyrənə bilmirlər.
Müdafiə Nazirliyindən BBC Azərbaycancaya bildirilib ki, məsələ araşdırılır.