İsrail və Hizbullah arasında atəşkəs elan olunub
Bu gün, 11:14
ABŞ Prezidenti Joe Biden İsraillə İranın dəstəklədiyi Hizbullah döyüşçüləri arasında 13 aydır davam edən döyüşlərə son qoymaq üçün atəşkəs sazişini elan edib.
ABŞ və Fransa birgə bəyanatla bildiriblər ki, saziş Livanda döyüşləri dayandıracaq və "İsraili Hizbullah və digər terror təşkilatlarının təhlükəsindən qoruyacaq".
ABŞ Prezidenti Joe Biden jurnalistlərə deyib ki, razılaşma “daimi atəşkəs üçün nəzərdə tutulub”.
Azərbaycan atəşkəs razılaşmasını dəstəklədiyini açıqlayıb. Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında yazılıb. Qurum bildirib ki, Azərbaycan bu atəşkəsin hərbi əməliyyatlara son qoyacağına ümid edir.
İran da atəşkəsi dəstəklədiyini bildirib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai atəşkəsi alqışlayıb və “Livan hökuməti, milləti və müqaviməti”nə dəstəyini vurğulayıb.
Təxminən iki ay əvvəl İsrail Hizbullah-a ardıcıl zərbələr endirməyə başlamışdı.
Atəşkəsin şərtlərinə əsasən, Hizbullah öz döyüşçülərini və silahlarını 60 gün ərzində Livan və İsrail arasında qeyri-rəsmi sərhəd olan “Mavi xətt” və Litani çayı arasındakı ərazidən, təxminən 30 km şimaldan çıxaracaq.
Yüksək rütbəli bir ABŞ rəsmisinin sözlərinə görə, Hizbullah döyüşçüləri həmin ərazidə infrastrukturun və ya silahların yığışdırılmasını təmin edəcək. Həmin ərazidə Hizbullah döyüşçülərini Livan ordusunun 5000 əsgəri əvəz edəcək.
Bu 60 gün ərzində İsrailin qalan hərbi qüvvələrini tədricən geri çəkəcəyini söyləyən Biden, bunun sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan yaradacağını bildirib.
Atəşkəsə necə nəzarət ediləcək? Əvvəlki atəşkəslərə nəzarət edə BMT-nin sülhməramlıları UNIFIL, Livan və İsrailin təsis etdiyi üçtərəfli mexanizmə indi ABŞ və Fransa da qoşulur.
Həm İsrail, həm də Hizbullah bir-birilərini əvvəlki atəşkəs razılaşmalarını pozmaqda ittiham edib.
İsrail pozuntulara cavab vermək hüququna iddia edir: Baş nazir Netanyahu deyib ki, İsrail “ABŞ-ın tam anlayışı ilə” Livanda “tam hərbi əməliyyat azadlığını qoruyacaq”.
Netanyahu deyib ki, Hizbullah yenidən silahlanmağa cəhd edərsə, infrastrukturun bərpası baş verərsə və ya raketlərdən istifadə edərsə, bunu cavabsız buraxmayacaq.