Almaniya haker hücumuna etiraz olaraq Rusiyadakı səfirini geri çağırıb
7-05-2024, 11:04
Almaniya bazar ertəsi kansler Olaf Şolzun partiyasına haker hücumundan sonra Rusiyadakı səfirini Berlində məsləhətləşmələr üçün geri çağırdığını bildirib.
Almaniya keçən həftə Rusiya hərbi agentlərini Şolzun Sosial Demokrat Partiyasına, digər həssas hökumət və sənaye obyektlərinə müdaxilə etməkdə ittiham edib. Berlin Rusiyanın kiber-casusluğunun nəticələrinin olacağı barədə xəbərdarlıq edən NATO və digər Avropa ölkələrinə qoşulub.
Berlin Xarici İşlər Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, hökumət son insidenti "ciddi" qəbul edib və xarici işlər naziri Annalena Berbok Almaniya səfiri Aleksandr Lambsdorfu geri çağırmaq qərarına gəlib. Onun bir həftə sonra Moskvaya qayıdacağı bildirilib.
"Almaniya hökuməti bu hadisəni liberal demokratiyamıza və onu dəstəkləyən qurumlara qarşı davranış kimi çox ciddi qəbul edir" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Katrin Deşauer bildirib.
Berbok keçən həftə deyib ki, hakim koalisiyada aparıcı Sosial Demokrat Partiyasının elektron poçtlarının sındırılmasının arxasında Rusiya hərbi kiber-operatorları dayanıb. Rəsmilər hakerlərin Microsoft Outlook proqramından istifadə etdiklərini bildirib.
Almaniya Daxili İşlər Nazirliyi keçən həftə açıqlamasında haker kampaniyasının 2022-ci ilin martında, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən bir ay sonra başladığını və dekabr ayından başlayaraq, Sosial Demokrat Partiyasının qərargahındakı elektron poçtlara daxil olunduğunu bəyan edib. Bildirilib ki, müdafiə və aero-kosmik sektorlar, habelə Ukraynadakı müharibə ilə bağlı hədəflər də daxil olmaqla, Almaniya şirkətləri haker hücumlarının diqqət mərkəzində olub.
Rəsmilər hücumların aylardır davam etdiyini bildirib.
Rusiya ilə Almaniya arasında münasibətlər Rusiyanın Ukraynaya hücumundan sonra gərginləşib. Almaniya davam edən müharibədə Ukraynaya hərbi dəstək verir.
amerikaninsesi