Avropa Rusiya aktivlərinin müsadirəsinə qarşı: “Onlar çox narahatdırlar”

7-05-2024, 08:24           
Avropa Rusiya aktivlərinin müsadirəsinə qarşı:
Onları əsas narahat edən budur: “Aktivlərimiz təhlükəsizdirmi?”

Rusiyanın Qərbdə dondurulmuş ehtiyatları ilə bağlı hansı qərarın verilməsi barədə mübahisələr iki ildən çoxdur ki, davam edir. ABŞ Konqresi apreldə Prezident Co Baydenə dondurulmuş aktivləri müsadirə etməyə icazə verən qanun qəbul etsə də, aktivlərinin çoxunun bloklandığı Avropa Birliyi belə bir fikrə qarşıdır. İki əsas səbəb var: Avropa dövlət borc bazarına və ehtiyat valyuta kimi avroya inamın mümkün aşınması, habelə dövlət mülkiyyətinin toxunulmazlığını təmin edən beynəlxalq hüquq prinsiplərinin toxunulmazlığı.

Nəticədə, Kiyev hələ də ehtiyatların müsadirəsinin əsaslı olduğunu israr etsə də, bu variant artıq “Böyük yeddilik” (G7) ölkələri tərəfindən nəzərdən keçirilmir. Bu barədə “Financial Times” G7 rəsmilərinin sözlərinə istinadən yazır. Üstəlik, inkişaf etməkdə olan böyük ölkələr də buna qarşıdır.

“Beynəlxalq hüquq sistemində polis qüvvəsi yoxdur. O sadəcə olaraq, beynəlxalq hüquqa əsaslı hörmətə əsaslanır”, deyə London Kral Kollecindən, Avropa Parlamentinin Rusiya ehtiyatlarının müsadirəsinin qanuniliyinə dair araşdırmanın müəllifi Filipp Uebb deyib: “Risk ondan ibarətdir ki, əgər biz sadəcə olaraq bu prinsiplərə məhəl qoymamağa başlasaq, onlardan başqa dövlətlər tərəfindən bizə qarşı istifadə oluna bilər və biz gələcəkdə gözlənilməz nəticələr verəcək presedent yarada bilərik”.

Bu mövqeyin təsdiqi digər ölkələrin Rusiyanın ehtiyatlarının müsadirə olunmasının mümkünlüyü ilə bağlı narahatlığıdır. “Financial Times” yazır ki, bu məsələ hətta “Böyük iyirmilik” (G20) maliyyə nazirlərinin fevralda Braziliyada keçirilən görüşündə də müzakirə olunub. Səudiyyə Ərəbistanı və İndoneziya nazirləri xüsusi narahatlıqlarını ifadə ediblər: “G7 ölkələri həqiqətənmi belə bir addım atmaq istəyirlər? Onun mümkün nəticələrini nəzərə aldılarmı?”, sualları səslənib

İndoneziya və Səudiyyə Ərəbistanı, Avropada yerləşən öz aktivlərinin gələcəyindən qorxaraq, Avropa İttifaqını Rusiyanın ehtiyatlarını müsadirə etməməyə çağırır.

"Onlar çox narahatdırlar", deyə bir Avropa rəsmisi nəşrə bildirib. Onun sözlərinə görə, onları əsas narahat edən budur: “Aktivlərimiz təhlükəsizdirmi?”.

190 milyard avro dəyərində olan Rusiya ehtiyatlarının əsas hissəsi “Euroclear” depozitarında bloklanıb. Aİ hesab edir ki, ABŞ-da cəmi 5 milyard dolların dondurulduğunu nəzərə alsaq, amerikalılar üçün sərt mövqe tutmaq daha asandır. Avropalı bir diplomat deyir: "Onların risk etmək üçün çox şeyləri yoxdur".

Bu arada, İtaliyanın iqtisadiyyat və maliyyə naziri Giancarlo Giorqetti G20 iclasında müsadirə üçün hüquqi əsasların tapılmasının “çətin” olacağını söyləyib. Onun fransalı həmkarı Bruno Le Maire daha aydın şəkildə danışıb – “Belə əsaslar mövcud deyil”.

Avropalıları müsadirə addımından saxlayan bir sıra başqa amillər də var. Məsələn, Almaniyada qorxular var ki, (hərçənd hüquqşünaslar bunun üçün heç bir səbəb görmürlər) Rusiyanın ehtiyatlarının ələ keçirilməsi İkinci Dünya müharibəsi zamanı onun hərəkətlərindən dəymiş ziyanı tələb edənlərə qapı açacaq.

Bundan əlavə, Moskva ehtiyatların müsadirəsinə oxşar tədbirlərlə cavab verəcəyini vəd edib. Nəşr yazır ki, Aİ rəsmilərinin sözlərinə görə, avropalı investorların Rusiya Milli Hesablaşma Depozitarında dondurulmuş 33 milyard avro var. “Aygenis” İnvestisiya Şirkətinin investisiya portfeli meneceri Vladimir Yazev deyir ki, dövlət “C” tipli hesablarda bloklanmış aktivlər üzrə ödənişləri toplamağa başlaya bilər. O, həmçinin vergilər, qrantlar və özəl ianələr də daxil olmaqla, qeyri-dost ölkələrə məxsus qeyri-mübadilə aktivlərinin bloklanmasını istisna etmir.

Lakin Rusiya hakimiyyəti heç bir beynəlxalq hüququn normalarını nəzərə almadan Qərb şirkətlərinin aktivlərini müsadirə etməkdən artıq çəkinmir. Ən son nümunə, bir həftə əvvəl “Ariston” və “Bosch” məişət texnikası istehsalçılarının Rusiya bölmələrinin böyük itkilərə məruz qalan “Qazprom”a köçürülməsi idi.

Ağ Ev Konqresin qərarına baxmayaraq, vahid yanaşmanı inkişaf etdirmək istəyir. Ağ Evin beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini Dalip Sinq “biz bu aktivləri birlikdə hərəkətsizləşdirmək və birlikdə onlara hərəkət etmək istərdik”, deyib.

Belçika əvvəllər istiqrazların buraxılması və ya aktivlə təminatlı kredit təklif etmişdi, lakin bu fikir tez bir zamanda ləğv edildi. Çünki bu, yenidən ehtiyatların istifadəsini nəzərdə tutur. İndi Aİ onlardan əldə edilən gəlirləri istifadə etməyə doğru irəliləyir. Dondurulduqdan sonra “Euroclear” kupon ödənişlərini və istiqrazların geri qaytarılmasını almaq və yenidən investisiya etmək yolu ilə 5 milyard avrodan çox (vergidən sonra) qazanıb. Aİ bu yolla əldə etdiyi gəlirin 90%-ni Ukrayna üçün birgə silah alınmasına sərf etmək, qalan vəsaiti isə onun iqtisadiyyatını bərpa etmək üçün istifadə etmək istəyir.

Hələ fevral ayında təsdiq edilmiş bu plan tezliklə rəsmi olaraq qəbul edilməlidir. Onun mənfi cəhəti ondan ibarətdir ki, o Ukraynaya ildə cəmi 3-4 milyard avro göndərməyə imkan verir.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.