"Qaş düzəltmək istəyərkən gözüdə çıxardırlar.." - Taksilərlə bağlı yeniliklər bizə baha başa gəlir...

8-05-2024, 10:18           
"Qaş düzəltmək istəyərkən gözüdə çıxardırlar.." -
İyulun 1-dən təkcə yaşı 8 ilədək avtomobillər taksi işləyə biləcək. Bu müddətə qədər isə yaşı 15 ilə qədər olan maşınların sahibləri belə şans əldə edəcəklər. İndidən yeni qanunun təsirini görmək olur. Taksi qiymətləri yüksəlməyə başlayıb. Üstəlik, sifariş etməyə maşın tapılmır. Sifariş zamanı isə daha çox gözləmək lazım gəlir.
Bizimyol.info xəbər verir ki, taksilərlə bağlı uzun müddət giley-güzar diqqət çəkirdi. Bundan sonra hökumət məsələyə müdaxilə etmək qərarına gəldi. İndi elə təəssürat var, sanki problemin həllinə doğru tərəfdən yanaşılmır. Taksi fəaliyyətinin nizamlanmasına ehtiyac var. Amma hər şeydən əvvəl ictimai nəqliyyat qaydasına salınmalıdır. Bakıya təşrif buyuran turistlər dayanacaqlarda avtobusların gəlmə vaxtının qeyd olunmamasına çox təəccüblənirlər. Yerli insanlar da qeyri-müəyyənlik içində qalırlar. Avtobusun, ümumiyyətlə, gəlib-gəlməyəcəyi məlum deyil. Məcbur qalıb taksiyə üz tuturlar. İndi isə qiymətlər çox yüksəlib. Təxminən 60-70 faiz bahalaşmadan söhbət gedir. Əhalinin gəlirləri yeni qiymətlərlə ayaqlaşa bilmir.

Bu haqda əvvəllər danışmışıq. Yeni qanun həm də onminlərlə insanın işsiz qalması anlamına gəlir. Hökumət qanun qəbul edəndə insanları da düşünməlidir. Yoxsa islahat görüntüsü yaratmaq işin ən asan tərəfidir. Məlum məsələdir ki, şərtlərin öhdəsindən hamı gələ bilməyəcək. Bunun məntiqi nəticəsi olaraq bazarda satışa çıxarılan köhnə avtomobillərin sayı artıb. Cəmiyyətdə taksi kimi qəbul olunan “Prius”lar isə dəyər-dəyməzinə təklif olunur. Sürücülər necə davranacağını bilmir. Belə islahat kimə lazımdır? Həmin adamlar iyulun 1-dən sonra necə yaşayacaqlar? Hökumət əvvəlcə bu suallara cavab tapmalıydı.

Sosial platformalarda taksilərlə bağlı yüzlərlə rəy oxuyuruq. Əksər rəylərdə narazılıq ifadə olunur. Elmar Vahidov yazıb ki, mayın 3-də səhər saatlarında çox cəhd etsə də, taksi sifariş edə bilməyib. Çünki avtomobillərin sifariş yerinə çox gec çatacağı yazılırmış. Bu isə həm də sifarişin alınmaması anlamına gəlir.

İsmayıl Abbasov da eyni problemlə üzləşib. O, indidən vəziyyətin belə olduğu halda iyulda problemin daha da böyüyəcəyini düşünür.

Səfərəli Səfərov artıq bir neçə gündür taksi fəaliyyəti göstərə bilmədiyini yazır. Onun sözlərinə görə, “Bolt” üç gündür proqramı bağlayıb.

Çox mürəkkəb situasiya yaranıb. İndi sürücülər də əziyyət çəkir, müştərilər də. Halbuki məqsədin hər iki tərəf üçün uyğun ortam yaratmaq olduğu iddia edilirdi. Guya sürücülər pis şərtlərlə işləyirdi deyə vəziyyəti yaxşılaşdırmaq, eyni zamanda müştəri məmnuniyyətinə nail olmaq hədəf seçilmişdi. Hökumət "qaş düzəltdiyi yerdə vurub gözü də çıxardı".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.