Yaponiya-Rusiya gərginliyi Ukrayna müharibəsi ilə daha da artıb
9-05-2024, 10:43
Yaponiya və Rusiya arasında onilliklər boyu davam edən və heç bir ərimə əlaməti göstərməyən münaqişələrə görə gərginlik çox güman ki, Ukrayna müharibəsi fonunda artacaq.
Kreml bu yaxınlarda Rusiya tərəfindən işğal edilmiş, lakin Yaponiyanın şimal əraziləri olduğunu iddia etdiyi Kuril adaları yaxınlığındakı sularda qeyri-rus gəmilərinə qadağa qoyub. Tokio bu addımı ABŞ və Yaponiya arasında son təhlükəsizlik ittifaqından sonra Moskvanın təhdidlərinin bir hissəsi kimi görür.
Yaponiyanın Temple Universitetinin siyasi elmlər professoru Ceyms DJ Braunun sözlərinə görə, Moskva Yaponiyaya qarşı əlavə cavab tədbirləri görəcək.
"Putin rejimi Yaponiyanın qeyri-dost hərəkətləri kimi qiymətləndirdiyi əməllərinə cavab vermək öhdəliyi hiss edir. Tokio hər dəfə Ukraynaya yardım etmək və ya ABŞ-la hərbi əlaqələri gücləndirmək üçün əlavə nəsə edəndə, Moskva Yaponiyanı cəzalandırmaq üçün bəzi tədbirlər görür” - deyə, o bildirib.
Onun sözlərinə görə, Yaponiyanın Kyivi dəstəkləmək üçün əlavə sanksiyalar tətbiq edəcəyinə görə, Moskvanın cavab tədbiri “qaşılmazdır”.
Cavab tədbirləri təkcə Tokionu hədəf almır. Kuril adalarında yaşayan bir rusiyalıya mart ayında Rusiya məhkəməsi tərəfindən Yaponiya mediasına ərazinin keçmişdə Yaponiyaya məxsus olması barədə dediyi sözlərə görə xəbərdarlıq edilib.
Bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putin Kuril adalarına səfər edəcəyini bildirərək, hər iki ölkənin onilliklər boyu cəhd etdiyi suverenliklə bağlı danışıqlara olan ümidləri puç edib.
Yaponiyanın ikinci ən böyük adası olan Hokkaydonun şimal-şərq sahillərində yerləşən dörd ada üzərində Rusiya və Yaponiyanın iddiaları ən azı 19-cu əsrə gedib çıxır. İkinci Dünya Müharibəsinin sonuna yaxın ovaxtkı Sovet İttifaqı Kuril adalarını tam işğal etməyə başlayıb.
Yaponiya Sovet İttifaqının onları “heç bir hüquqi əsas olmadan” birləşdirdiyini iddia edərək, sülh müqaviləsini imzalamaqdan imtina edib. Tokio bildirib ki, 17 minə yaxın yapon sakini adalardan deportasiya edilib.
Braunun sözlərinə görə, Rusiya ictimaiyyəti Kuril adalarına Sovet xalqının müharibə zamanı göstərdiyi fədakarlıqların mükafatı kimi baxır.
İki ölkə razılığa gəlmək üçün onilliklər ərzində ara-sıra danışıqlar aparsa da, bu cəhdlər heç bir nəticə verməyib. Münaqişə 2016-cı ildə iki ölkə birgə iqtisadi fəaliyyətlər, o cümlədən adalarda turizm layihələri, habelə Yaponiya vətəndaşları üçün vizasız səfərlər barədə razılığa gəldikdən sonra yumşalıb. İki il sonra Yaponiyanın keçmiş baş naziri Şinzo Abe dörd adanın bölünməsini, iki adanın Yaponiyaya qaytarılmasını təklif etsə də, Putin bunu rədd edib.
Yaponiyanın Hokkaydo Universitetinin Slavyan-Avrasiya Araşdırmalar Mərkəzinin professoru Akihiro İvaşita bunu Putinin Yaponiyaya qarşı “uğursuz diplomatiyası” adlandırıb və nəticədə bu, Tokionun Moskvaya qarşı daha sərt mövqe tutmasına gətirib çıxarıb.
İvaşita Amerikanın Səsinə müsahibəsində deyib: “Əgər Putin Yaponiyaya xoşməramlılıq nümayiş etdirsəydi, Şinzo Abe ilə sülh müqaviləsi üçün danışıqlar aparsaydı, Yaponiya Ukrayna müharibəsində kritik mövqe tutmazdı. Yaponiyanın 2014-cü ildə Ukraynaya qarşı təcavüzündən sonra Rusiyaya sanksiya tətbiq etməkdə tərəddüd etdiyini xatırlayırsınız? Yaponiya indi Rusiyaya qarşı siyasətini məhdudlaşdırmağa ehtiyac duymur”.
Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən az sonra Yaponiya ilə bütün sülh müqaviləsi danışıqlarını və əvvəllər razılaşdırılmış iqtisadi fəaliyyətlər və Yaponiya vətəndaşları üçün adalara vizasız səfərləri dayandırıb. Bu, Baş nazir Fumio Kişidanın müharibədə Ukraynanın tərəfini tutmasından sonra baş verib və Kişida dayandırılmaları “son dərəcə ədalətsiz” adlandırıb.
Yaponiya ötən il Patriot hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Rusiyanın işğalına qarşı Ukraynaya yardım edir. Kişida Ukrayna və ABŞ ilə həmrəylik nümayiş etdirmək üçün aktiv müharibə zonasına səfər edən ilk Yaponiya lideri olub.
Moskva bunun Tokio ilə əlaqələri üçün “ağır nəticələr”ə səbəb olacağı barədə xəbərdarlıq edib. Bu, Yaponiyanın ötən ilin dekabrında müharibədən zərər çəkmiş Ukraynaya 4,5 milyard dollar, o cümlədən humanitar məqsədlər üçün 1 milyard dollar yardım vəd etməsinə mane olmayıb.
Yaponiyanın Ukraynaya yardımı Hokkaydo sakinlərinə təsir edib. Keçən il Hokkaydo səlahiyyətliləri və Hokkaydo Şimbun tərəfindən aparılan sorğu göstərib ki, Rusiya-Yaponiya sərhədi yaxınlığında respondentlərin yarıdan çoxu Ukrayna müharibəsinin yerli həyata, o cümlədən balıqçılıq fəaliyyətləri, ticarət və insanlar arasında əlaqələrə mənfi təsir göstərdiyini bildirib.