“Ağızlarına su alan” incəsənət xadimləri - “Avroviziya” yarışması
9-05-2024, 12:40
Müzakirələr qızışıb. Az qalırıq, iki ifaçını dar ağacından asaq. Nədir ki, “Avroviziya”da nəinki qalib gələ bilməyiblər, heç finala da çıxmayıblar. Hamı günahkar axtarışındadı. Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, 2011-ci ildə Nigar Camalla birlikdə “Avroviziya” qalibi olmuş müğənni Eldar Qasımovu istefaya çağıranlar, hətta ölkədən qovmaq istəyənlər də tapılır. X-in Azərbaycan seqmentində, həmçinin Eldarın instaqramdakı sonuncu postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Eldar Qasımov iki ildir Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir və bu müddət ərzində ölkəmiz müsabiqədə uğur qazanmayıb. Gülməlidi vallah! Eldar Qasımov Azərbaycan nümayəndə heyətinin rəhbəridir, dünyanın yox!.. İndiyədək kimsə “Avroviziya” mahnı müsabiqəsinin siyasi şou olduğunu anlamayıbsa, qəbahət özündədir. Bəli, bu müsabiqənin fanatları var. Təəssüf ki. Fanat olanda da gərək düz-əməlli nəyinsə fanatı olasan. Yoxsa ki, bizə yaxından-uzaqdan o qədər də əlaqəsi, əsası, nə bilim, kökü-filan olmayan bir yarışmaya bunca bağlılıqda bir məntiq də görünmür. Bəzən aidiyyətsiz məsələlərdə çox irəli gedirik, faydasız yerə. Bir çoxumuz özünü bilməzliyə, görməzliyə vurur, həqiqəti bildiyi və ya həqiqət ortada olduğu halda. Müsabiqədə üstün nəticələr göstəriləndə - halbuki müsabiqənin nəticələri səsvermədən asılıdır - ifaçını, bəstəkarı, səhnə tərtibatı... əməyi keçən hər kəsi göyün yeddinci qatına qaldırırıq, uğursuzluq olanda yerin dibinə basdırırıq. 2008-ci ildən bugünədək eyni vəziyyətdir. Azərbaycan ifaçılarının heç biri heç vaxt zəif olmayıb.
Bu il İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı Fəxri İsmayılov və İlkin Dövlətov təmsil etdi. Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən “Özünlə apar” mahnısı üzərində Fəxri ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar. Mahnının muğam hissəsini İlkin Dövlətov ifa edib. Gözəl də ifadır. Zatən Azərbycanın mahnı ifaçılığında zəif olma ehtimalı öz-özlüyündə sıfırdır. Dünyada Azərbaycanın səsinə səs çatmaz! Amma və lakin. “Avroviziya” siyasi şoudur və dünyada cərəyan edən prosesləri özündə açıqca əks etdirir. Bunu görməmək özünü əbəs yerə aldatmaq və gülünc görünmək olar. Hər il “Avroviziya” yarışmasında siyasi şoular yaşanır. Dost-düşmən açığa çıxır. Kim kiminlə dostdur, kim kimdən asılıdır, kim hansı qütbdədir... Bir tərəfdən yaxşıdı, dostumuzu, düşmənimizi bir daha tanımaq imkanı əldə edirik. Yəni qısası, “Avroviziya” sənət, mədəniyyət müsabiqəsi deyil, açıq-aşkar siyasi tədbirdir. Ona görə də “uğursuzluğ”a görə kimlərisə günahlandırmaq, asıb-kəsmək lazım deyil. Avropanın nəzərində günahkar Azərbaycan əsgəridir. Bəli. Qarabağı erməni separatçılarından azad etmiş Azərbaycan əsgəri. Bizim üçün Qəhrəman, Avropa üçün günahkar olan əsgərimiz! Təki əsgərlərimizin “günahı” ucbatından “Avroviziya”da uduzaq. Vətəndə yox.
Maraqlısı həm də budur ki, incəsənət xadimləri “ağızlarına su alıblar”. Kimsə “Avroviziya” yarışmasındakı iştirakımızı şərh etmək istəmir. Builki “Avroviziya” müsabiqəsini “yenilgi” hesab edib qəm-kədərə batıblar. Ya da hardansa göstəriş, bəlkə də icazə gözləyirlər, danışmaq üçün. İfa barədə fikir bildirmək yəni bu qədər çətindir?.. Bir neçə şəxslə əlaqə yaratmağa çalışdıq. Daşdan səs çıxdı, onlardan yox. Hərə bir bəhanə gətirdi, yaxasını kənara çəkdi. Aralarında təpərli yenə bir xanım çıxdı. Müxtəlif illərdə “Avroviziya” mahnı müsabiqəsinin Azərbaycan üzrə aparıcısı, nümayəndə heyətinin rəhbəri də olmuş Leyla Quliyeva açıqlama verdi: "Avroviziya" müsabiqəsiylə bağlı heç bir fikir, münasibət bildirmək istəmirəm. Çünki çoxdan aralanmışam bu layihədən. Maraq dairəmdə deyil, izləmirəm. Onu bilirəm ki, bu il müsabiqədən keçməmişik. Bu da olan şeydi. Müsabiqələrdə olur belə hallar”.
Vəssalam. Qısa və konkret. Hər il, hər dəfə müsabiqədə finala çıxmaq, qalib olmaq, ilk 3-lük, ilk 5-lik... qazanmaq kimi bir öhdəliyimiz də yoxdur. “Avroviziya” da bir növ bəxt məsələsidi; kimini qalib edir, kimini məğlub. Dedik, amma təki Vətəndə və Vətənə görə uduzmayaq. Qalanları təfərrüat!
Məlahət Rzayeva - sherg.az