Siyasi açılım ehtiyacı: “Parlament seçkilərindən əvvəl referendum keçirilməlidir”

9-05-2024, 16:36           
Siyasi açılım ehtiyacı:
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözləntiləri artmaqdadır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ötən həftə bu il parlament seçkilərinin keçiriləcəyinin anonsunu verib. Pənahov MSK-nın iclasında deyib ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır: “Ancaq seçkilərin müddəti önə də çəkilə bilər. Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

MSK sədrinin bu açıqlamasından sonra belə proqnozlar var ki, seçkilər avqust-sentyabr ayına çəkilə bilər. Ölkədəki siyasi partiyalarda da seçkilərə hazırlıqlarla bağlı hərəkətlənmələr müşahidə olunur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri, siyasi icmalçı Əli Orucov maraqlı məsələlərə toxunub:

- MSK sədri növbədənkənar parlament seçkilərinin anonsunu verdi. COP29 tədbirinə görə seçkilərin önə çəkilə biləcəyini dedi. Proqnozlar var ki, avqust-sentyabrda seçkilər keçiriləcək. Seçkilər yayda və ya yayın sonunda gözlənilirmi?

- Bu il parlament seçkilərinin keçiriləcəyi ilə bağlı siyasi kluarlarda və mətbautda çoxdandır ki, ardıcıl müzakirələr aparılır. Qanunvericiliyə istinad etsək və nəzərə alsaq ki, son parlament seçkiləri növbədənkənar keçirilib, o zaman ilin sonunadək qanunverici orqanın yenidən formalaşdırılması mütləqdir. Bu, məsələnin hüquqi tərəfidir. Siyasi tərəfinə gəlincə, “müasir dövrün çağırışları və tələbləri ilə, habelə Prezidentin apardığı islahatların tempinə uyğunlaşmadığına” görə 2019-cü ildə özünü buraxan parlament yenidən təxminən eyni tərkibdə formalaşdırıldı. Heç bir keyfiyyət dəyişkənliyi baş vermədi. Bu gün Milli Məclisin faydalı iş əmsalı 10 ballıq şkala ilə götürsək,heç ikiyə çatmır. Mən bunun obyektiv və subyektiv səbəblərinə geniş toxunmadan demək istərdim ki, istənilən şərtlər daxilində ali qanunverici orqan öz funksiyasını icra etməlidir. Bu funksiya təkcə qanunların qəbulu ilə kifayətlənmir. Parlament həm də siyasi institutdur və ölkədəki ictimai-siyasi prosesilərin episentri olmalı, Azərbaycanın beynəlxalq əlaqələrinin və mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynamalıdır. Xüsusən də, indiki tarxi və həssas, həmçinin regionda və ölkədə çox ciddi və sürətli proseslərin cərəyan etdiyi dönəmdə parlamentin üzərinə daha böyük məsuliyyət düşür.

Qərbin Azərbaycana davamlı təzyiqləri fonunda parlament seyirçi mövqedən çıxmalı, bu basqıların bir qismini də öz üzərinə götürməlidir. Hazırda isə Qərbə qarşı təkcə Prezident İlham Əliyevin özünün duruş gətirdiyinin və informasiya müharibəsində təkləndiyinin şahidi oluruq. Milli Məclis hakimiyyətin icra qolu ilə sinxron və qarşılıqlı nəzarət prinsipi ilə fəaliyyət göstərmək əvəzinə, əksinə, özünü asılı vəziyyətə salmaqla atrıq yükə çevrilib. Deputatlar cəmiyyətlə işləməkdən, seçicilərlə təmaslardan qaçır, öz səlahiyyətlərinin icrasından könüllü imtina edirlər. İctimai rəydə elə fikir formalaşıb ki, hər işi Prezident görürsə, deputatların xalqa xeyri dəymirsə, Milli Məclisə mandat alanlar şəxsi maraqlarının peşindədirlərsə, o zaman parlament nəyə lazımdır. Dünyada və regionda gedən sürətli proseslər, bu proseslərin Azərbaycana təsirləri, habelə ölkədəki mövcud durum ilin sonunadək parlament seçkilərinin keçirilməsini vacib edir.

Gürcüstanı bürüyən etirazlar, Ermənistanda baş verən hadisələr Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycandan yan ötüşməyəcəyi qənaəti yaradır. Hadisələrdə xarici izlərin mövcudluğunu heç kəs inkar etmir və həmin xarici təsir dairələri şübhəsiz ki, Azərbaycanın üzərində də planlar qurur. Siyasi düşərgələr arasında konsolidasiya və qarşılıqlı əməkdaşlıq, etimat atmosferi yaratmaqla bu planları pozmaq olar. Bunun da yolu məhz real siyasi qüvvələrin parlamentdə təmsilçiliyinə imkan yaratmaqdan, ehtimal edilən təhlükələrin qarşısını sivil qaydada almaqdan keçir.

Parlament seçkilərinin bu il keçirilməsini zəruri edən şərtlərə qısa da olsa toxundum. Ancaq bununla belə, bu ilin 11-22 noyabrında mötəbər beynəlxalq tədbirin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransın, yəni COP29-un Azərbaycanda keçiriləcəyini, həmçinin dekabrda növbəti bələdiyyə seçkilərinin vaxtını nəzərə alaraq hesab edirəm ki, parlament seçkiləri barədə qərar verilməyə bilər. Nəzərə alaq ki, hökumət bütün diqqətini və imkanlarını COP29-un yüksək səviyyədə baş tutmasına səfərbər edib. Ölkə, aralarında dövlət və hökümət başçıları da olmaqla yüksək səviyyəli rəsmi şəxslər, media nümayəndələri, mütəxəssislər və s. daxil yüz min insanı qəbul edəcək. Həmişə olduğu kimi bu beynəlxalq tədbirdə dünyanın gözü, diqqəti Azərbaycanda olacaq. Bəzi qüvvələrin bu fürsətdən Azərbaycana və hakimiyyətə qarşı qara piar kampaniyası kimi istifadəsi də istisna deyil.

Zənn etmirəm ki, avqust-sentyabar aylarında hakimyyət demokratik və şəffaf parlament seçkiləri keçirəcək və bir sıra haqlı irad və tənqidləri aradan qaldıracaq. Odur ki, COP29 ərəfəsində parlament seçkilərinə getməklə hakimiyyətin özünü çətin duruma salacağı inandırıcı deyil. MSK sədri Məzahir Pənahov icraçıdır. Seçkilərin təyin edilməsi ilə bağlı qərar vermə səlahiyyəti isə Prezidentə məxsusdur. Bunlarla yanaşı, avqust-sentiyabr ayları mövsümi baxımından seçki keçirmək üçün uyğun aylar deyil. Həmin vaxt istirahət və tətil vaxtlarıdır və ictimai-siyasi fəallıq çox aşağı olur. Komissiyaların tərkibi əsasən büdcədən maliyyələşən idarə və təşkilatların əməkdaşları, əsasən də təhsil işçilərindən təşkil olunduğundan həmin dövr seçkilər üçün münasib deyil.

- Sizcə, ölkədəki ictimai-siyasi təşkilatlar parlament seçkilərinə hazırdırmı?

- Azərbaycanda seçkilər elə keçirilir ki, bundan, sanki cəmiyyətin xəbəri olmur. Demokratiyanın və təhlükəsizliyin vacib elementlərindən olan seçki və seçkili institutların formalaşmasına müstəqilliyimizi təkrar qazandıqdan üzü bəri heç vaxt imkan verilmədi. Doğrudur, ötən əsrin 90-cı illərinin sonu - 2000-ci illərin əvvəllərinədək siyasi rəqbət, seçki mühiti az-çox hiss olunurdu, ölkə əhalisi maraq göstərirdi. Lakin tədricən seçkilərə baxışlar ciddi şəkildə dəyişdi və nəticə etibarilə həm cəmiyyətdə, həm də siyasi düşərgələrdə inamsızlıq yaranaraq, bu vacib demokratik atributa maraq kəskin şəkildə azaldı. 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərindəki ab-hava, seçki mübarizəsi və aparılan kampaniya ilə Azərbaycanda keçirilən parlament seçkilərini siz özününüz müqayisə edin və nəticə çıxarın. Kəskin fərqi deməyə ehtiyac qalmır. Seçki Məcəlləsinin tələblərinə görə parlament seçkilərinə verilən vaxtın ümumi müddəti 2 aydan bir az çoxdur. Namizədlərin təbliğat və təviqat kampaniyasına 20 gün vaxt ayrılır və həmin müddət ərzində də çox məhdud imkanlar yaradılır. Digər tərəfdən, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə ümidlər az olduğundan nə siyasi partiyalar, nə də namizədlərin özləri aktiv seçki kampaniyası aparmaq üçün lazımi resursları, xüsusən də, malliyyə və insan resurslarını cəlb etməyə həvəs göstərmir. Zatən, belə resurslar da artıq müxalifət düşərgəsində yoxdur. Açığını söyləsəm, vəziyyət o həddə çatıb ki, indi siyasi partiyalar özlərini eloktoratın, tərəfdarlarının istək və maraqlarına deyil, hakimiyyətin göstərəcəyi münasibətə uyğun şəkildə kökləyir. Fəaliyyətini də məhz bu istiqamətdə qurur.

- Demək istəyirsiniz ki, partiyalar seçkilərə hazır deyil?

- Partiyaların seçkilərə hazırlıq məsələsi normal və demokratik cəmiyyətlərdə olur və seçki hazırlıqlarına hər seçki bitdikdən dərhal sonra başlanılır. Seçkinin nəticələri ciddi təhlil edilir, buraxılan səhvlərin aradan qaldırlması istiqamətində, həmçinin hər bir səs, hər bir seçicinin üzərində iş aparılır. Amma pesimist də deyiləm. Ümid edirəm ki, seçkili qurumlara və seçkilərə həm iqtidarın, həm müxalifətin, ümumilikdə cəmiyyətin özünün münasibəti pozitiv olaraq dəyişəcək.

- İstənilən halda, qarşıdakı 5-6 ay ərzində seçki keçirilməlidir. Bu seçkilərdə mandat uğrunda mübarizə əvvəlki seçkilərdən fərqli olacaqmı?

- Əgər indiki şərtlər və şərait höküm sürərsə, normal seçki ortamı yaradılmazsa, o zaman qarşıda anononsu verilən seçkilərin əvvəlkilərdən heç bir nəzərəçarpacaq fərqi olmayacaq. Məncə, parlament seçkilərindən əvvəl referendum keçirib Konstutusiyada müəyyən dəyişikliklər edilməlidir, Seçki Məcəlləsi təkmilləşdirilməlidir. Xüsusən də seçki komissiyaları hökumətin nəzarətindən çıxarılmalıdır. 2002-ci ildə ləğv edilən proporsional seçki sistemi yenidən bərpa edilməlidir. Parlamentarilərin sayı artırılmalı və parlamentin funksiyalarının icra edilməsinə yaradılan problemlər aradan qaldırılmalıdır. Bu və ya digər məsələlər referendumla Konstitusiyada həllini tapmayınca parlament seçkilərinin keçirilməsinin heç bir əhəmiyyəti qalmır və bu ölkədə mövcud problemlərin çözümü olmayacaq. Bundan başqa parlament yenə də cəmiyyətə təsir gücü olmayan, hətta ictimai müzakirələrdən qaçan siyasilərdən, siyasi partiyalardan və şəxslərdən formalaşdırılsa, yaxın gələcəkdə bunun ciddi fəsadları yaşanar. Çətinliklə də olsa, mövcudluğunu qoruyan ənənəvi partiyalar tamamilə sıradan çıxar və cəmiyyətdə radilakizm meylləri daha da güclənər. Hakimiyyət anlamalıdır ki, siyasi təsisatlar cəmiyyətlərin immunitetidir və bu immunitet tamam sıradan çıxarsa, dövlətin varisliyinə və gələcəyinə ciddi təhlükələr yaranar. Odur ki, inkişaf etmiş ölkələrdə siyasi partiyalara, mətbuata və QHT-lərə imkan yaradılır ki, inkişaf etsin, rəqabət qabiliyyətli və rentabelli olsun. Azərbaycan bu mütərəqqi təcrübədən, tətbiq və ideyalardan faydalanmalıdır. Xarici təqiblərdən, təsir və təhlükələrdən də ən effektli, etibarlı qorunmağın yolunun demokratik seçkilərdən keçdiyi unudulmamalıdır.

- Qarabağ məsələsi bitdi, bundan sonra siyasi müstəvidə dəyişikliklər mümkündürmü?

- 2020-ci il 44 günlük mürharibə Azərbaycan xalqının, Ali Baş Komandan və Silahlı Qüvvələrimizn vəhdəti ilə böyük zəfərlə başa şatdı. Azərbaycan 30 ildən artıq müddət ərzində məruz qaldığı işğal faktorunu aradan qaldıraraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu qələbə regionda yeni reallıqlar yaratdı və Azərbaycan Cənubi Qafqazda güc mərkəzinə çevrildi. Nəinki region ölkələri, hətta, regiona maraqları olan böyük güclər də indi Azərbaycanın mövqelərini nəzərə almaq məcburiyyətindədir. Doğrudur, Qarabağ məsələsi tarixin arxivinə göndərilsə də, azad olunmuş ərazilərdə tamamilə dağıdılaraq məhv edilmiş infrastrukturun yenidən qurulmasına, yaşayış məskənlərinin salınmasına, qaçqınların və məcburi köçkünlərin məskunlaşmasına, habelə minlarla, partlayıcı qurğularla cirkləndirilmiş ərazilərin təmizlənməsinə çox böyük resurs və vaxt lazım gəlir. Bütün bunların hamısını xaricdən heç bir yardım almadan həyata keçirmək olduqca çətindir. Azərbaycan bu çətinlikləri də dəf edərək addım-addım hədəflərinə doğru yaxınlaşır. Göründüyü kimi, belə böyük miqyaslı, çətin işlərə dəstək vermək əvəzinə, Qərbin əsassız intensiv təzyiqlərinə məruz qalan, eyni zamanda, Rusiyanın artan təsirləri fonunda Azərbaycan iqtidarı fundamental müstəvidə islahatlar aparmağa, yumşalmalara getməyə risk etmir.

Baxın, yaxın qonşularımız olan Gürcüstanda və Ermənistanda region uğrunda mübarizə aparan böyük güclər hansı mənzərə yaradıblar. Amma cəmiyyəti sıxmaq çıxış yolu da deyil. Demək, zənnimcə iqtidar-müxalifət dialoqunun əsil zamanıdır. Biz nə Gürcüstanıq, nə də Ermənistan. Bizim Türkidən başqa etibarlı strateji müttəfiqimiz yoxdu. Üstəlik də İran, Rusiya kimi totalitar, Ermənistan kimi təcavüzkar dövlətlərin əhatəsindəyik. Qərbin də son dövrlər Cənubi Qafqazla bağlı siyasətində ayrıcı xəttin olması və Azərbaycanın təcrid edilməsi aydın hiss olunmaqdadır. Azərbaycan iqtidarının bu baxımdan məsuliyyəti nə qədərdirsə, siyasi müxalifətin məsuliyyəti heç də ondan az deyil. Ona görə də hesab edirəm ki, məsuliyyət bölgüsü aparılmalı, inhisarçlıq fəlsəfəsindən imtina olunmalıdır.

- Xalqın və siyasi qüvvələrin hakimiyyətdən gözləntisi nələrdir? Yeni siyasi açılım gözlənilirmi?

- Siyasi açılım çox vacibdir. Hökümət nə qədər inkar etsə də, təcili həllini gözləyən xeyli sayda problem var. Bu problemlər həyatın bütün sahələrində mövcuddur. Yeri gəlmişkən, Konstitusiyaya edilməli olan dəyişiklər barədə fikir söyləyərkən, onu da vurğulamaq istərdim ki, Baş nazir vəzifəsinin ləğv edilməsini məqsədəuyğun hesab edirəm. Türkiyədə və Birləşmiş Ştatlarda Baş nazir postu yoxdur. Onun əvəzində Birinci vitse-prezident postu var. Siyasi açılımın göstəricilərindən biri də məhz fundamental reformalardır.

Etiraf etmək lazımdır ki, iqtidar-müxalifət düşmənçiliyi, qarşılıqlı inkarçılıq son dövrlər səngiyib. Mövzular və tədbirlər çərçivəli də olsa, müxalifət təmsilçilərinin mediada fikirlərinə yer verilir. Bunlar müsbət tendensiyalardır. Lakin bütün bunlarla kifayətlənmək olmaz. Siyasi partiyalara, mətbuata sərbəstlik verilməlidir. Onların iqtisadi-maliyyə mənbələrinə əlçatanlığı təmin edilməlidir. Sponsorlardan və qeyri-leqal mənbələrdən asılılıq aradan qaldırılmalıdır. İnzibati və struktur islahatlar aparılmalıdır. Monopoliya, inhisarçılıq, dövlətin biznesə, iqtisadiyyata müdaxiləsi minumuma endirilməlidir. Dövlət idarəetmə sistemi müasir dövrün satandartlarına uyğunlaşdırılmalı, neqativ hallardan, rüşvət və korrupsiyadan təmizlənməlidir.

Məhkəmələrdə rüşvət, korrupsiya qalmamalıdır. Kadr islahatları aparılanda və yeni təyinatlar həyata keçiriləndə təkcə xarici universitetlərdə kurs keçmələri, xarici dil bilmələri, harasa və kimlərəsə bağlı olmaları deyil, peşəkarlıq, innovativlik və təcrübə mütləq nəzərə alınmalıdır. Xalqın sosial rifah halı yaxşılaşdırılmalıdır. Konstitusiyanın 12-ci maddəsində təsbit olunuduğu kimi, dövlətin ali vəzifəsinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir təsbiti reallaşmalıdır.

Bəlkə də sadaladıqlarımız utopiya kimi görünəcək. Ancaq qalib xalqın bütün bunlar haqqıdır. Siyasi açılım üçün siyasi iradə olmalıdır. Məncə, 44 günlük müharibədə xalq mümkün olmayanı necə mümkün edə bildisə, bu möhtəşəm qələbəyə nail olunması üçün Prezidentin arxasında möhkəm dayandısa, yuxarıda sadaladığımız problemlərin də öhdəsindən gələməsi üçün eyni əzmkarlığı göstərər.

Təbii ki, yeniliklər, köklü dəyişikliklər həmişə ciddi maneələrlə, təlatümlərlə üzləşir. Bu gün dövlət başçısının yüksək nüfuzu və reytinqi, həmçinin siyasi qüvvələr arasında, ümumilikdə isə cəmiyyətdəki mülayimlik ən riskli addımların atılmasını təhlükəsiz edərdi. Ancaq zamanında köklü islahatlar aparılmasa, problemlərin çözüm yolları tapılmasa, bir müddətdən sonra xalqın tələbləri sətləşə bilər. 20 illik dövr arxada qalıb, yeni dövr üçün xalq da, siyasi qüvvələr də Azərbaycanı və həyatlarını dəyişəcək yeniliklər gözləyir.

- İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanlığına qayıtdı. Köklü partiya olan Müsavatın dirçəlişinin, siyasi proseslərə təsirinin artacağını gözləmək olarmı?

- İsa Qəmbərin Müsavat Partiyasının başqanlığından getməsi formal idi. Partiyanın siyasi kursunun müəyyənləşdirilməsində və qərarların qəbulunda son söz ona məxsus idi. İsa Qəmbər hətta başqan olduğu dönəmlərdə istifadə etdiyi iş otağını vəzifəsindən getdikdən sonra da tərk etməmişdi. Fikrimcə, sabiq başqanın yenidən postuna qayıtması nə partiyasına, nə də ölkədəki ictimai-siyasi proseslərə hansısa bir təsir göstərəcək. Hər bir siyasətçinin yüksəliş və eniş dövrü olur. Çox nadir siyasətçi sonadək formada qala və öz təsirini cəmiyyət üzərində saxlaya bilir. İsa Qəmbərin isə belə siyasətçilərdən olduğunu düşünmürəm. Onun qayıdışı əksinə həm partiya daxilində yeni siyasi liderlərin üzə çıxmasının qarşısını alacaq, həm də müxalifətdaxili parçalanmanı və intriqanı sürətləndirəcək.

Hakimiyyətin özü də hərəkatdan gələn, uğursuzluğa düçar olan və barəsində ciddi kompromatlar olan siyasi fiqurların siyasi meydanda olmasında maraqlıdır və buna hər cür şərait yaradır. Gənc nəsil bir tərəfdən iqtidarın apardığı uzunmüddətli təbliğatın nəticəsi olaraq, digər tərəfdən də müasirliyə, yeniliyə meyilliyi, üstəlik də, daha praqmatiq düşünmə səbəbinə görə köhnədən qalan siyasi liderlərə simpatiyasının olmadığını deyə bilərəm. Ölkədə gənc siyasi liderlərin yetişməsinə onsuz da əlverişli şərait yoxdur. Müxalifət düşərgəsində əksər hallarda siyasətdə az-çox qalan gənclərə qısqanclıqla yanaşılır. Bir qədər müstəqil düşünən, fikir və düşüncələrini açıq söyləyə bilənlər kənara atılır. Bu problem ümumi siyasi təşkiltatlıarın əksəriyyətində kök salan acı reallıqdır.

İqtidarı alternativsizlikdə, rəqabətsizlikdə suçlayan müxalifət partiyalarının hamısı partiyaya sədr seçkilərinə formal da olsa, alternativ namizədlə, demokratik rəqabət şəraitində gedilməsinə imkan verilməyib. Biz bunu İsa Qəmbərin başqan seçkilərində bir daha gördük. Cəmiyyət bütün bunları təhlil edərkən müxalifətlə iqtidar arasında heç bir fərqin olmadığını aydın şəkildə dərk edə bilir. Mən zənn etmirəm ki, İsa Qəmbər şüaraçılıqdan, pafoslu çıxışlardan başqa ortaya ciddi nəsə qoya və siyasi proselərin axarına yöntəm verəcək. Hazırda ölkədəki proseləri hakimiyyət özü şəkilləndirir və Prezident Admnistrasiyasının nəzarətindən və orbitindən kənar heç nə baş vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.