Əvvəl parlament seçkiləri, sonra referendum, yoxsa... - Gözləntilər və ehtimallar

13-05-2024, 10:40           
Əvvəl parlament seçkiləri, sonra referendum, yoxsa... -
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ikinci dəfədir ki, ölkədə parlament seçkilərinin yaxın aylarda keçiriləcəyinin anonsunu verir. Mayın 2-də M.Pənahov bu il keçirilməli olan parlament seçkilərinin əvvələ çəkilə biləcəyini bildirmişdi. Mayın 10-da isə MSK sədri jurnalistlərə açıqlamasında deyib ki, qurum parlament seçkiləri ilə bağlı fəaliyyəti artıq həyata keçirir.

“Qanunvericiliyə görə, parlament seçkiləri noyabrın birinci bazar günü keçirilməlidir. Bu da noyabrın 3-nə təsadüf edir. Seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyası (MSK) geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Maarifləndirmə proqramı tərtib edilir, MSK onu bəyənir və onun əsasında tədbirlər həyata keçirilir”, - deyə M.Pənahov vurğulayıb.

“Söz-söhbət var ki, COP29-a görə seçkilərin vaxtı dəyişə də bilər. Bu zaman vaxt ancaq qabağa çəkilə bilər. Qanunvericiliyin tələbinə görə, geriyə çəkilə bilməz. Hətta noyabrın əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq. Bununla bağlı fəaliyyətimizi artıq həyata keçiririk. Yaxın günlərdə bu istiqamətdə əməli addımların atılmasına şahid olacaqsınız”, - deyə MSK sədri fikrini yekunlaşdırıb.

MSK sədrinin açıqlamasını şərh edən ekspertlər hesab edirlər ki, parlament seçkilərinin yay aylarında, yaxud da payızın ilk ayında keçirilməsi ehtimalı çoxdur. Bununla yanaşı, mütəxəssislərin qənaətincə parlament seçkilərindən əvvəl referendumun keçirilməsi də mümkündür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu seçkilərlə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, iki rəy var:

-Belə fikirlər səsləndirilir ki, birinci parlament seçkiləri keçiriləcək, daha sonra referendumun keçirilməsi mümkündür. Mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri 3 noyabradək keçirilməlidir. Ötən dəfə növbədənkənar seçkilər keçirilib. Amma bir məsələ var ki, noyabrda Bakıda beynəlxalq tədbir – COP29 keçiriləcək. Bu tədbir iki həftə davam edəcək və on minlərlə qonaq Bakıya təşrif edəcək. Bu səbəbdən həmin vaxt seçkilər keçirilməsi problematikdir. Ona görə də seçkilər noyabrdan əvvələ çəkilməlidir. Avqustun sonlarında, sentyabrın əvvəllərində parlament seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Bu, doğru yanaşmadır. İkinci yanaşma da budur ki, birinci referendum keçirilməlidir, Konstitusiyaya dəyişiklik edilməlidir, ondan sonra parlament seçkiləri keçirilməlidir. Unutmaq olmaz ki, dekabrda da bələdiyyə seçkiləri keçirilməlidir.

- İki seçkini – parlament seçkiləri və referendumu az bir müddətdə keçirmək mümkündürmü?

- Əgər referendum keçirilsə, o zaman parlament seçkilərini də bu il keçirmək mümkün olmaya bilər. Konstitusiya dəyişikliyi edilə, parlament seçkiləri isə gələn ilin fevral ayına da saxlanıla bilər. Çünki referendum da vacib məsələdir. Parlamentdə 125 deputat yeri var, bu rəqəm Azərbaycan əhalisi 7 milyon olarkən müəyyənləşib. Amma indi Azərbaycan əhalisinin sayı 10 milyondan artıqdır. Bu səbəbdən 125 deputat yeri azdır, artırılmalıdır. Bu da referendumla həll olunmalı məsələdir. Eyni zamanda, icra strukturlarının ixtisarı, bələdiyyələrin statusunun artırılması kimi məsələlər gündəmdədir. Bunun üçün də Konstitusiyada dəyişiklik vacibdir.

Amma gedişatdan hiss olunan, mənim də proqnozum bundan ibarətdir ki, referendumdan əvvəl parlament seçkiləri keçiriləcək. Yəni noyabr ayınadək parlament seçkilərinin keçirilməsi gözləniləndir. Avqustda da keçirilə bilər, sentyabrın əvvəlləri də ola bilər.

- Belə fikirlər var ki, seçki sistemi dəyişdirilməli, mojaritar yox, qarışıq seçki sisteminə keçilsin, deputat sayı artırılsın. Əgər parlament seçkiləri referendumdan əvvəl keçirilərsə, o zaman Milli Məclis əvvəlki qanunla formalaşacaq. Sonradan referendum keçirilsə, o zaman yenidən növbədənkənar parlament seçkiləri keçirilməlidir. Belə çıxır ki, bu il formalaşacaq parlamentin ömrü az olacaq...

- Əlbəttə, bu da mümkündür. Doğrudan da proporsional seçki sisteminin bərpası ağlabatandır. Əslində Azərbaycanda qarışıq seçki sistemi mövcud olub. 25 nəfər deputat proporsional əsasda seçilirdi. Sonradan ləğv edildi. Amma bu sistemə yenidən qayıdış mümkündür. Tam proporsional seçki sisteminə qayıdışı düşünmürəm.

Referendum parlament seçkilərindən sonra keçirilərsə və Konstitusiyada seçki sistemində dəyişiklik edilərsə, o zaman yeni formalaşan parlamen buraxıla, növbədənkənar seçki qərarı verilə bilər. Yəni qanun bunu tələb edəcək. Bütün hallarda, biz dediklərimiz ehtimaldır. Sonda qərarı ali rəhbərlik verəcək.

- Qarşıdan gələn seçkilərdə namizəd olacağınızın anonsunu verdiniz. Seçkilərdə iştirak qərarı vermək ideyası haradan qaynaqlandı?

- Bu seçkilərdə gücümü sınamaq fikrim var. 53 yaşım var, uzun illər jurnalistika ilə məşğul olmuşam. 20-25 ildir peşəkar səviyyədə analitika fəaliyyətim var, dostlarla birgə “Atlas” Araşdırmalar Mərkəzini yaratmışıq, fikirlərimiz mediada mütəmadi yayılır. Demək istədiyim odur ki, bu işlə onsuz da məşğuluq. Amma bir qədər hədəfləri böyütmək qərarı verdim. Dostlar və ətrafımdakı insanlar da bu qərarı verməkdə mənə dəstək oldular. Namizəd olacağım dairə də müəyyənləşib – 119 saylı Ağdam kənd Seçki Dairəsi.

- Niyə məhz həmin dairədən?

- Atam Ağdamda doğulub. Baxmayaraq ki, əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindəndir, amma bütün qohumlarım Ağdamdadır, buranı yaxşı tanıyıram. Uşaqlığım və gənclik illərim Ağdamda keçib, oranın insanlarını tanıyıram. Bu bir yarışdır, fikir mübarizəsidir. Hər kəs kimi mən də qələbəyə hədəflənirəm. Ən əsası da Ağdamdakı insanların problemlərinin həllinə yardımçı, vasitəçi olmaq istəyirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.