Əsrlərlə dövləti olmayan erməniləri birləşdirən kilsə- İndiki plan nədir?- SENSASİON FAKTLAR
14-05-2024, 09:14
Kilsə böyük güclərin aləti olaraq dini mərkəzdən daha çox ideoloji-siyasi mərkəz rolunu oynayıb
Yenə meydanda erməni keşişləridir. Daha əvvəl hərbçilər, ardınca siyasətçilərdən nəticə çıxmadığı üçün Moskva “köhnə tüfəngi” irəli verib. Erməni kilsəsinin Rusiya imperiyasına xidmət tarixi yeni deyil, 1808-ci ildə Qafqazı işğal edən Rusiyaya xidmətlərinə görə, çar I Aleksandr erməni katolikosu Danieli “Müqəddəs Anna” medalı ilə təltif etmişdi. Silsilə davam edir.
Amma təkcə medalla deyil, erməni kilsəsi xidmətlərinin əvəzi olaraq 1836-cı ildə Çar fərmanı ilə Alban kilsəsini özünə bağladı. Kilsə daha sonra, xüsusən də Birinci dünya müharibəsi illərində silahlı erməni dəstələrinin Şərq cəbhəsində Rusiya imperiyasına sədaqətlə xidmət etməsində xüsusi rol oynadı. Sonrakı tarixlərdə xidmət ənənəsi davam edib və görünür ki, bu gün də davam edir...
Kilsə tarix boyu erməniləri birləşdirən əsas mərkəz rolunu oynayıb. Bunun əsas səbəblərindən biri də ötən min il ərzində erməni dövlətinin mövcud olmamasıdır.
Milli dövlətləri olmayan erməniləri bir arada tutan kilsə olmuşdur. Başqa sözlə, kilsə ermənilər üçün siyasi, ideoloji və dini mərkəz rolunu oynayıb. Ən çox da siyasi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiyanın Türkiyədə konsulu olmuş Vladimir Mayevski yazırdı ki, erməni kilsə xadimləri fəaliyyətində dini mövzuda çalışmalar demək olar ki, yox kimidir, amma bunun əvəzində milli fikirləri yaymaq mövzusunda çox böyük və geniş fəaliyyətləri vardır.
Bu sözlərdə çox böyük həqiqət yükü var. Erməni kilsəsinin “dini mətnləri” Adəm və Həvvanın erməni olmaları, həzrət İsanın Eçmiədzinə enərək ilk kilsəni orda qurması əfsanələrindən o yana getmir. Amma bunun əvəzində erməni keşişləri görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Erməni keşişi və azərbaycanlı axundun fərqi haqda” adlı hekayəsində parlaq şəkildə təqdim etdiyi radikal erməni millətçiliyinin yaranması üçün əllərindən gələni etdilər.
“Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.
Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürvət tayfaların yumruğunun altında pamal olublar: bununla belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”
Bu qayda yüz illərdir dəyişmir. Erməni kilsəsi dini mərkəz olmaqdan daha çox ideoloji və siyasi mərkəz xidmətini göstərib.
Hazırda dünyada 4 böyük Qriqoryan dini mərkəzi var. Bunlar: Kilikiya (Beyrut) katolikosluğu, İstanbul və Qüds Patriarxlığı və Eçiəmdizndir. Yayıldığı ərazilərin genişliyinə görə ən böyük kilsə Eçmiədzindir. Ermənistan, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrində fəaliyyət göstərən erməni kilsələri Eçmiədzinə tabedir.
Uzun bir dövr ərzində dövləti olmayan və icma kimi mövcudluğunu davam etdirən erməni icması üçün ideoloji və siyasi mərkəz rolunu kilsə oynayıb. Kilsə “ondabir” vergisini topladığı üçün böyük maliyyə imkanlarına malik olub, məktəblər açıb, ictimai-siyasi məsələlərlə bağlı qərarlar verib və dünyaya səpələnmiş ermənilər üçün əsas ictimai-siyasi mərkəz rolunu oynayıb.
19-cu əsrdə ortaya çıxan millətçi erməni siyasi təşkilatları müəyyən mənada kilsə ilə rəqib olsalar da, milli məsələlərdə “yola gediblər”. Amerikalı tarixçilər Castin və Karolin Makkartilərin fikrincə, erməni kilsəsi erməni ənənələrinin qoruyucusu kimi çıxış edib və bu səbəbdən də erməni millətçiliyinin inkişafında ilk addımlar kilsə ilə bağlı olub.
Sovet illərində, daha sonra Qarabağda başlayan separatizm hərəkatında erməni kilsəsinin dağıdıcı fəaliyyətləri tarixi araşdırmalarda geniş şəkildə əksini tapıb. Doğrudur, 20-ci əsrdə kilsə dünyada baş verən millətçilik tendensiyasının təsiri ilə ortaya çıxan millətçi erməni təşkilatları ilə müqayisədə zəifləsə də, heç zaman arxa planda olmadı və hər zaman müharibə və separatizm, siyasi qalmaqallarda ön sırada oldu.
Bu gün meydanda yenə erməni keşişləridir. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan kütləvi etiraz yürüşü təşkil etməklə Paşinyanı devirməyə çalışır. Yenə də kənar gücün diktəsi ilə. Motiv yenə də Azərbaycana nifrət olsa da, bu dəfə mövzu bir qədər fərqlidir. Erməni kilsəsi indi daxili siyasət aləti olaraq meydana çıxıb. Paşinyanı devirməyə çağırır və bunun üçün xalqı arxasınca səsləyir. Bu faktın özü kilsəsinin siyasi oyunların aləti olduğunu nümayiş etdirir.
Qalstanyanın uzaq hədəfində həm də Azərbaycan var. O, Paşinyanı təslimçilikdə ittiham edərək 100 il, 40 il əvvəl olduğu kimi qisas və nifrət çağırışı edir. Yenə kütlənin dini və milli hisslərini istismar edib, terror və müharibəyə çağırır. Bununla da bizə xatırladır ki, erməni ideoloji aparatı dəyişməyib, zəifləsə belə işləkdir və təhlükəlidir.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün