PUTİN ŞOYQUNU VƏ PATRUŞEVİ NİYƏ “VURDU”? - Rusiya PA-da ciddi dəyişikliklərin anonsu verildi

14-05-2024, 10:04           
PUTİN ŞOYQUNU VƏ PATRUŞEVİ NİYƏ “VURDU”? -
Belousovun Müdafiə naziri vəzifəsinə gətirilməsində Putinin qızının xüsusi rolu olub?

Hələ Sergey Şoyqunun müavini və “kassası” sayılan general Timur İvanov həbs olunanda və məhkəmə zalındakı şüşə qəfəsə nümayişkaranə şəkildə general formasında gətiriləndə yaxın zamanda Şoyqunun “vurulacağı”na dair qənaət yaranmışdı. Həmin vaxt proqnozlaşdırılırdı ki, Vladimir Putin hökumətin yeni tərkibini müəyyən edərkən Şoyqunu istefaya göndərəcək və hətta onun barəsində araşdırma başlanacaq. Çünki İvanovun milyardlıq yeyintiləri təkbaşına həyata keçirmədiyini anlamaq üçün xüsusi istedada malik olmaq lazım deyildi...

Lakin mayın 9-da hərbi paradı Şoyqunun qəbul etməsi və Putinin yanında görüntülənməsi bu proqnozıarı bir qədər sual altına almışdı. Məhz buna görə Şoyqunun qəflətən istefaya göndərilərək, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi çoxları üçün gözlənilməz oldu.

Kremlin “boz kardinalı” sayılan Nikolay Patruşevin bu vəzifədən kənarlaşdırılması isə heç də Şoyqunun istefasından az sensasiyalı qərar hesab edilə bilməz. Məsələni “qarışdıran” həm də Patruşevin başqa vəzifəyə keçiriləcəyinə dair verilən anonsdur. Bu vəzifənin nədən ibarət olacağıl ilə bağlı müxtəlif proqnozlar var.

Bəziləri hətta Patruşev üçün yeni bir vəzifə yaradıla biləcəyini deyirlər. Yeri gəlmişkən, Patruşevin oğlunun Kənd Təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılaraq, Baş nazirin müavini vəzifəsinə yüksəldilməsi Nikolay Patruşevə təsəlli verilməsi, onun istefaya göndərilməsinin kompensasiyası kimi qəbul olunur...

Lakin bu arada Putinin mərhum “şefi”, məşhur Anatoli Sobçakın qızı Kseniya Sobçak Rusiya Prezdent Administrasiyasında ciddi dəyişikliklərin anonsunu verən paylaşım edib. Hakimiyyətə kifayət qədər yaxın olan Sobçakın mənbələrinin etibarlılığı az şübhə doğurur. Məhz buna görə bir çoxları Patruşevin administrasiyada yüksək vəzifəyə gətiriləcəyini proqnoz edirlər. Ancaq istənilən yeni vəzifənin Patruşevin əvvəlki statusunu, nüfuzunu bərpa edəcəyini düşünmək çətindir. Odur ki, həm Şoyqunun, həm də Patruşevin öz vəzifələrindən kənarlaşdırılması onların hər iksinin “vurulması” kimi qəbul olunur.

İlk baxışdan Şoqyunun Müdafiə naziri postundan TŞ katibi vəzifəsinə keçirilməsi yüksəliş kimi görünə bilsə də, əslində bu, onun “qocalar evinə” göndərilməsidir. Çünki Təhlükəsizlik Şurası hər hansı bir real hakimiyyətə, həlledici rəsmi qərarlar vermək ixtiyarına malik deyil. Bu qurum çoxdan bəri “vurulmşuşlar”ın sığınacaq yeri rolunu oynayırdı. Bunu Dmitri Medvedevin də timsalında görmək olar.

Patruşevi bu vəzifədə qüdrətli edən isə onun rəsmi səlahiyyətləri yox, şəxsi keyfiyyətləri, güc strukturlarındakı nüfuzu və əlaqələri, ən nəhayət, FTX-nın sabiq rəisi kimi zəngin keçmişi idi. Patruşev TŞ katibi omaqla yanaşı, FTX-dakı və digər güc naizrliklərində, strukturlarındakı şəxsi nüfuz və təsirini qoruya bilmişdi. Faktiki olaraq, onları kurasiya edirdi.

Şoyqununsa bu imkanları yoxdur. FTX-da ona nifrət edirlər, DİN, Rosqvardiya və digər strukturlar üçün o, tamamilə yad birisidir. Müdafiə Nazirliyinə gəlincə isə xüsusilə də orta zabit heyətinin Şoqyudan zəhləsi gedir. Peşəkar zabit heyəti və generallar onu hər zaman “toy generalı” kimi qəbul ediblər və tutacağı yeni vəzifə də onun bu obrazına olduqca uyğun bir postdur...

Şoyqunun nazir olarkən ətrafına yığdığı generalları isə bir-bir dənləməyə başlayırlar və Timur İvanovdan sonra növbənin tezliklə Şoyqunun digər yaxın adamı sayılan müavini general Ruslan Tsalikova çatacağı gözlənilir. Yeri gəlmişkən, nair postuna təyin olunan Andrey Belousovun ən başlıca vəzifəsi nazirlikdəki “Şoyqu klanı”nı darmadağın etməkdir ki, bunun da mərkəzi fiquru məhz Tsalikov hesab olunur.

Ümumiyyətlə, Qərb dəyərlərini, idarəçiliyini və s. gecə-gündüz tənqid edən Putinin Müdafiə Nazirliyi rəhbərliyinə hərbi xidmətdə belə olmayan iqtisadçını gətirməsi, onun Avropa ölkələrinin təcrübəsindən istifadə etməyə məcbur olduğunu göstərir. Çünki məhz Qərb ölkələrinin böyük əksəriyyətində müdafiə naziri vəzifəsinə ölkə rəhbərinin siyasi komandasında təmsil olunan mülki şəxslər, hətta qadınlar gətirilir.Rusiya ordusundakı başıpozuqluq, külli miqdarda yeyintilər, korrupsiya, israfçılıq, eləcə də Rusiya iqtisadiyyatının getdikcə müharibənin yükünü daşımaqda çətinlik çəkməsi orduya ayrılan xərclərə(ÜDM-in 6 faizi orduya xərclənir ki, bu da fantastik dərəcədə böyük məsrəflərdir) nəzarəti artırmağa, bu sahədə səliqə-səhman yaratmağa vadar edir. Bu baxımdan ordu rəhbərliyinə iqtisadçının gətirilməsi gec də olsa, məntiqli görünür.

Yeri gəlmişkən, bir çox hakimiyyətə yaxın mənbələr, o cümlədən Aleksey Navalnı fondunun tanınmış aktivistləri iddia edirlər ki, Belousovun Müdafiə naziri vəzifəsinə gətirilməsində Putinin qızı Yekaterina Vorontsovanın xüsusi rolu olub. Maraqlıdır ki, məhz onlar bir neçə gün əvvəl Şoyqunun yerinə namizədlər sırasında Belousovun adını çəkmiş, onun təyinatında Yekaterinanın israr etdiyini yazmışdılar. Yekaterinaya yaxınlığı ilə tanınan Belousovu Putin özü də çox yaxından tanıyır. Odur ki, bu namizədin təsdiqlənməsi daha çox “ailənin qərarı” kimi qəbul edilir.

Onu da qeyd edək ki, son zamanlar Putinin qızının hakimiyyət daxilində baş verən proseslərə təsirinin artdığı bildirilir və qeyd olunur ki, bu mənzərə getdikcə Yeltsin hakimiyyətinin son illərini xatırlatmağa başlayır...

İndi bir çoxları sarkazmla Yevgeni Priqojini xatırlamağa başlayıblar. O mənada ki, Putin nəhayət, Priqojinin tələbini yerinə yetirdi və ordudakı acınacaqlı vəziyyətin böyük ölçüdə korrupsiya və özbaşınalıqla bağlı olduğunu dolayısı ilə etiraf etdi. Bunun əsas günahkarı Putinin özü, onun idarəçilik sistemi olsa da, Priqojin bunu açıq demirdi və günahı Şoyqu-Gerasimov cütlüyündə görürdü.

Yeri gəlmişkən, Şoyqu istefaya göndərilsə də Baş Qədargah rəisi Valeri Gerasimov hələ ki, yerini saxlayır və döyüş meydanında müharibəni idarə edən də nazir yox, məhz Baş Qərargah rəisidir. Lakin uzağı ilin sonuna qədər Gerasimovun da istefaya göndəriləcəyi proqnozlaşdırılır... Ümumiyyətlə, qeyd olunur ki, “Kiyevi üç günə alacağını” düşünən Putin hələ müharibənin ilk günlərindən həm Şoyqu, həm də Gerasimovdan olduqca narazıdır.Priqojinin qiyamı zamanı isə onların hər iksi özlərini bir daha olduqca mənfi tərəfdən, qorxaq göstərdilər. Elə Patruşev də həmin vaxt xüsusi fədakarlığı, bacarığı və etibarlılığı ilə seçilməmişdi. Onların heç biri Kadırov kimi görüntü xatirinə də olsa cəsarət göstərməmişdilər.

Lakin müharibənin çətin dövrlərində Şoyqunu və Gerasimovu istefaya göndərmək Putin tərəfindən uğursuzluğun etirafı kimi qəbul oluna bilərdi. Ona görə də müvafiq şəraiti gözləyən Putin cəbhədə vəziyyətin nisbətən stabil olduğu vaxtda bu addımı atmağa üstünlük verdi...

Hər halda, indi Şoyqu əsl “toy generalı” statusundadır və alkoqol həvəskarı olan yeni müavini D.Medvedevlə süfrə arxasında birgə rahatlıqla vaxt keçirə, keçmiş və gələcək barədə söhbətlər edə bilər. Nəzərə alsaq ki, Şoyqunun özü də “yeyib-içən oğlan” kimi tanınır, o zaman onun Medvedevin kampaniyasında qətiyyən darıxmayacağını güman etmək olar...

Cəlal Məmmədov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.