Sülh sazişi əvəzinə 2-ci “Qars müqaviləsi”? - ŞOK İDDİALAR
14-05-2024, 10:00
Azərbaycanla Ermənistan arasında daha bir görüş vasitəçilərsiz reallaşdı. Amma Qazaxıstanın Almatı şəhərində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında mayın 10-11-də aparılmış iki günlük danışıqlar konkret sənəd imzalanmadan bitdi.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. XİN başçıları və nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Təbii, ortaya suallar çıxır: söhbət hansı “açıq qalan məsələlər”dən gedir? Bakı və İrəvan sülh sazişinə doğru yolun harasındadır? Vasitəçilərsiz danışıqların növbəti raundu harada baş tuta bilər - Tiflisdə, yoxsa? Təbii ki, ekspertlərimizlə bu kimi məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Amma bir sıra fikir adamları mövcud situasiyada diqqətçəkən ideyalarla çıxış edirlər.
“Bölgədə marağı olan böyük güclər Ermənistana təzyiq etsə, ilin sonuna qədər sülh mümkün ola bilər. Amma Ermənistandakı tərəfdarlarını itirməmək üçün indiki ərəfədə onların bunu edəcəyinə şübhə edirəm”. Bunu ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun fikrincə, Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. “İkitərəfli sülh sazişi imzalansa belə, istənilən vaxt casanlıqla pozula bilər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir”, - o bildirib.
Qeyd edək ki, Qars müqaviləsi 1921-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstanla Türkiyə Böyük Millət Məclisi arasında Rusiyanın iştirakı ilə imzalanıb. Doğrudanmı 2-ci Qars müqaviləsinə bənzər sənədin imzalanması labüdə çevrilib?
Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, müqaviləni müxtəlif cür, həmçinin “İkinci Qars Müqaviləsi” adlandırmaq olar: “Bu paralelin gətirilməsi oxşar situasiyanın yaranması ilə bağlıdır. O vaxt da Qərb regiona daxil oldu, hadisələrə nəzarət etməyə başladı, amma yerini möhkəmlədə bilmədi, bölgəni tərk etməli oldu. Nəticədə regionda Türkiyə və Rusiya amili qabardı, iki dövlətin fəal iştirakı ilə Qars müqaviləsi ortaya gəldi. İndi də həmin ssenari təkrar olacaq, ya yox?.. Oxşar cəhətlər var, amma fərqli cəhətlər də çoxdur. Qərbin regiondan çıxmaq fikri yoxdu. Ən əsası isə Azərbaycan regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, regionda bizim iradəmizin ziddinə heç bir qərar qəbul edilmir. Regionun aparıcı qüvvəsi Azərbaycan-Türkiyə tandemindən ibarətdir. "Yol xəritəsi"ni bu iki ölkə cızıb. Təbii ki, Rusiya və Qərbin də təsir imkanları nəzərə alınır. Ona görə də “İkinci Qars Müqaviləsi” müqayisəsi o qədər də uğurlu təşəbbüs deyil". A.Nağı onu da qeyd etdi ki, Almatı görüşü ilə bağlı məlumat yox dərəcəsindədir: “Yalnız qeyd olunur ki, "açıq məsələlər" qalır. Güman etmək olar ki, bu, “açıq qalan məsələlər” Zəngəzur dəhlizinə nəzarət, Azərbaycanın 4 eksklav kəndinin qaytarılması, 1991-ci il Almatı Bəyannaməsinin imzalanacaq sənəd üçün əsas götürülməsi ilə bağlıdır. Hər üç məsələyə dair Bakının mövqeyi aydın və dəyişilməzdir. Zəngəzur dəhlizinə nəzarət 10 noyabr bəyanatı əsasında həyata keçirilə bilər. Hesab edirəm ki, kompromis variant kimi, Türkiyənin də iştirakı təmin edilməklə beynəlxalq nəzarət mexanizminin müzakirə olunmasıdır. Hələ də ermənilərin nəzarətində qalan 4 anklav kəndimiz, Qazağın 3, Sədərəyin 1 kəndi “torq” mövzusu olmamalıdır". Tarixçi ekspertimiz hesab edir ki, 1991-ci il Almatı Bəyannaməsi nəzərə alına bilər, amma əsas sənəd kimi götürülə bilməz: “Sovet işğalı dövründə ərazilərimizin xeyli hissəsi Moskvanın qanunsuz qərarları ilə Ermənistana verilib. Həmin ərazilər Azərbaycana qaytarılmalıdır! Bu gün xarici ölkələrin Ermənistana təzyiqi bir qədər azalıb. Bir müddət əvvəl xarici ölkə faktoru həlledici idi, amma indi Fransanın məsuliyyətsiz hərəkətlərindən sonra Qərbin təsir imkanları azalıb, Rusiya da ehtiyatla davranmağa çalışır”. A.Nağı bildirdi ki, Ermənistanda kilsənin ön plana keçməsi vəziyyəti dəyişib, hər hansı müdaxilə hadisələrin arzuolunmaz istiqamətdə getməsinə səbəb ola bilər: “Almatı görüşünün ən əsas nəticəsi vasitəçisiz danışıqların davam etdirilməsindən ibarət oldu. Bundan sonra görüşün harada keçirilməsi deyil, vasitəçisizliyi önəmli olacaq”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə hesab edir ki, Ermənistanda Azərbaycanla sülh imkanlarını istəməyən xarici dairələr fəallaşmağa başlayıblar: “Əslində Ermənistanda aksiyaların önündə görünən keşiş Baqrat Srbazan daha əvvəl ictimai-siyasi fəaliyyəti ilə çox da seçilməyib. Eyni zamanda bu adamın yepiskop kimi də Ermənistandakı dini camiə içərisində heç vaxt yüksək nüfuzu olmayıb. Amma biz görürük ki, bu adam birdən-birə Tavuş bölgəsində ortaya çıxaraq, Azərbaycanla sülh imkanlarının əleyhinə addımlar atır. Əlbəttə ki, burada maraqlı tendensiyalar müşahidə edilir. Əvvəla, bəllidir ki, Ermənistanı sülhə məcbur edən Azərbaycandır. Bizim Ermənistanı sülhə məcbur etməyimiz beynəlxalq hüququn əsasları fonunda baş verib. Digər bir tərəfdən, Azərbaycanın bu gün regionda qalib tərəf kimi diktə etdiyi şərtlər Ermənistanı sülhlə bağlı addımlar atmağa məcbur edir”. T.İsmayılovun sözlərinə görə, əlbəttə ki, bütün bunların fonunda gələcəkdə Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə “maşa” kimi istifadə etmək elementlərinin zəifləyəcəyini düşünən bəlli güc mərkəzləri və xarici dairələr Ermənistanı daha çox qızışdırmaqla məşğuldurlar: “Bugünkü xaosun arxasında da məhz Ermənistanı Azərbaycan və Türkiyə əleyhinə təhrik edən qüvvələr açıq-aydın dayanırlar. Amma mən hesab edirəm ki, Ermənistan hakimiyyəti də bu aksiyalardan yararlanmağa çalışır. Onların nəzərincə, beynəlxalq aləmə fon yaratmaq lazımdır ki, Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istədikləri halda, guya cəmiyyətdə Paşinyanın bu qərarlarına qarşı ciddi etirazlar var. Hər halda, Ermənistan hakimiyyətinin içərisində də yeknəsəklik olmadığı, ictimai-siyasi sabitlik kövrək olduğu üçün bu xaosun daha da ciddiləşmək ehtimalları var. Amma Nikol Paşinyan əlindəki vasitələrdən istifadə edərək yaxın zamanlarda bu aksiyaların kökünü kəsəcək. Amma biz görürük ki, birdən-birə Tavuş bölgəsində ortaya bu adam çıxaraq Azərbaycanla sülh imkanlarının əleyhinə addımlar atır. Faktiki bu gün 3+3 çərçivəsində də işlər görülür. Amma hansısa Qars müqaviləsinə bənzər saziş real görünmür”.
Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı isə mövzumuzla bağlı bunları söylədi: “Azərbaycanın və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında son görüş formatının davam etməsi qərarının alınması o deməkdir ki, barış üçün üçüncü tərəfin iştirakı olmayacaq. Artıq sənəd ortadadır. Adı da "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş"dirsə, demək, üçüncü tərəf olmayacaq, bunu 1921- ci il Qars müqaviləsi ilə müqayisə etmək qüsurludur. Çünki həmin müqavilədə üç Cənubi Qafqaz dövləti və region dövlətləri tərəf idi. Ermənistanda bu sazişin qarantoru olmasını iddia edənlər olsa da, həmin vasitəçilərin öz maraqlarının olması səbəbindən ondan imtina edilir". Q.Çaxmaqlı qeyd etdi ki, hansısa Avropa ölkəsinin və beynəlxalq qurumun müdaxilələrinin yaxşı nəticə vermədiyi məlumdur: “Çünki maraqlar toqquşur və müqavilənin imzalanması gecikir. Kollektiv Qərb də əsas aktorlar Rusiya, İran, Türkiyə də bunları yaxşı anlayır. Həm də ikitərəfli anlaşmaya nail olunsa, o, zənnimcə, daha qalıcı sülh demək olar. Yeni görüşün harada olmasından asılı olmayaraq danışıqlar bu formatda davam etsə və razılaşdırılmamış məqamlar açılsa, bu ilin sonuna qədər sülh sazişi bağlana bilər”.