"Azəriqaz" İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb - Məhkəmə işi
14-05-2024, 15:39
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirililən şəxslərin cinayət işində 3 nəfər- Abdullayev Şirin Tapdıq oğlu, Quliyev Emin Faiq oğlu və Şıxıyev Rasim Bəyoğlan oğlu zərərçəkmiş qismində tanınıb.
Hər iki təqsirləndirilənin vəkili cinayət işində qanunsuzluqlar oldugu üçün materialın geri-ibtidai istintaq orqanına qaytarılmasını istəyib. Dövlət ittihamçısı Ziya Mansurov isə cinayət işinin ibtidai istintaq orqanına qaytarılması ilə bağlı vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə prosesi 16 may tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, zərərçəkmiş Şirin Abdullayev Bakı şəhərində bir neçə masaj salonunun sahibidir. Bayram Aslanovda bir müddət onun obyektlərində ofisiant, barmen, sonra isə Şirin Abdullayevin obyektlərindən birini icarəyə götürüb işlədib. Sonuncu dəfə isə Play sağlamlıq mərkəzində Şirin Abdullayevə obyekti partlatmaq məqsədi ilə qumbara çəkərək 50 min manat pul tələb edib.
Qeyd edək ki, təqsirləndirilən Bayram Aslanov əvvəllər 2 dəfə məhkum olunub, həmin cinayət işlərinin birindən isə bəraət alıb.
Digər təqsirləndirilən 2-ci Vətən Müharibəsi qazisi Rəşad Quliyev isə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.
Xatırladaq ki, Bayram Aslanov "Azəriqaz" İB-nin direktor müavini Cahid Hüseynovun yaxın qohumudur.
Qeyd edək ki, Bayram Aslanovun ibtidai istintaq zamanı imzası saxtalaşdırılıb. Belə ki, o, heç bir sənədə qol çəkmədiyini məhkəmə heyətinin nəzərinə çatdırıb. Hakim Səbinə Məmmədzadə isə Bayram Aslanovun vəkilinə bununla bağlı vəsatətin təqdim edilməsindən sonra müzakirəyə çıxarılacağını qeyd edib.