"Cənubi Qafqazda sülhə razı olan Qərb və müttəfiqləri artıq Paşinyan hakimiyyətini dəstəkləyirlər"
15-05-2024, 00:05
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası üzrə komissiyanın aprelin 19-da əldə etdiyi razılığa əsasən sərhədlərin delimitasiyası başlandı və mayın 15-nə qədər həmin ərazidə delimitasiya başa çatmalı və 4 kəndin verilməsi məsələsi başa çatdırılmalıdır. Ancaq buna etiraz edən Tavuşdakı müxalif qüvvələrin rəhbəri olan keşiş Baqrat Qalstanyan Tavuşdan İrəvana yürüş etdi və mayın 10-dan etiraz aksiyaları başlanıb. Etiraz aksiyaları hər gün davam edir. Əvvəlki günlərdə verilən məlumatlara görə, aksiyalarda 30 minə yaxın əhalinin olması göstərilir. Bunlar da əsasən keçmiş prezidentlər - Köçəryan və Sarkisyan tərəfdarları, son dövrlər korrupsiyaya görə vəzifədən uzaqlaşdırılanlar və onların yaxın adamları və 5-ci kalon, bütövlükdə hamısı bir yerdə cəmləşib. Onlar bir ağızdan Paşinyanın istefasını tələb edirlər".
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, bu gün 3 milyon əhalisi olan Ermənistanın 3 faizi yəni 30 min nəfəri küçələrə çıxıb. Elşad Həsənovun fikrincə, bu rəqəm 20-30 faiz olarsa, o zaman nəsə etmək mümkün olardı.
Politoloq hesab edir ki, bu aksiyalar ciddi nəticə verməyəcək. Çünki Azərbaycanla Ermənistan arasında delimitasiyasının başlanmasını Amerika, Avropa İttifaqı dəstəkləyir və bununla bağlı öz bəyanatlarını verirlər.
“Mayın 10-da Azərbaycan prezidenti Şuşa şəhərində Şuşalılarla görüşü zamanı səsləndirdiyi bəzi mesajlar da həmin dairələrə çatıb. Bu da çox sevindiricidir ki, Fransa Xarici İşlər Nazirliyi yaydığı bəyanatında Azərbaycanla Ermənistan arasında Alma-Ata danışıqlarını dəstəklədiklərini, sülh müqaviləsinin tezliklə olacağına və Cənubi Qafqaza sülh gələcəyinə inandıqlarını bildirir. Bu, yaxşı mesajdır. Çünki indiyə qədər biz Fransanın ancaq bir tərəfli qaydada Ermənistanı dəstəklədiyini və sülhə mane olduğunu görürdük. İndi sanki prezidentin mesajlarına baxıblar və biliblər ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır və Azərbaycansız Cənubi Qafqazda nəsə etmək mümkün deyil”-deyə politoloq bildirib.
Elşad Həsənov vurğulayıb ki, ABŞ Dövlət Departamentinin müavininin köməkçiləri də “biz Alma-Ata görüşlərini dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olacağına inanırıq” deyə bildirib.
Politoloqun fikrincə, Ermənistanda keşiş Baqrat Qalstanyanın apardığı aksiyalar getdikcə zəifləyir, insanların sayı azalır. Keşiş artıq öz hərəkətləri ilə cinayətə yol verir. Belə ki, mitinq iştirakçılarını yolları bağlamağa çağırır.
“Keşiş dünənki çıxışında "vətəndaş itaətsizliyi"nə çağırışlar edib. Yəni bütün bunlar qanun pozuntularıdır. Mənə elə gəlir ki, yaxın günlərdə ona qarşı qanunun müvafiq maddələri tətbiq olunacaq”-deyə politoloq bildirib. Elşad Həsənov əlavə edib ki, Qalstanyan təkcə Ermənistan vətəndaşı deyil, həm də Kanada vətəndaşıdır. Əvvəllər Kanadada yerləşən kilsədə keşiş işləyib və orada da böyük maliyyə "fəaliyyətlər"ini icra edib. Hətta kilsəni banka girov qoyub və oradan böyük pullar götürüb, aradan çıxıb. Hazırda həmin kilsənin banka 1milyon dollardan artıq borcu olduğu da bildirilir. Bu da Ermənistan mətbuatında gedən yazılardandır”-deyə Elşad Həsənov vurğulayıb.
Politoloq bildirib ki, Paşinyan öz hakimiyyətinin devrilməsini gözləmir.
“Həm Avropa İttifaqı, Fransa və ABŞ artıq mövcud hakimiyyətin nümayəndəsini Paşinyanı və onun hakimiyyətini dəstəkləyir. Onlar da imkan verməz ki, hansısa keşiş gəlsin və Ermənistanda çevriliş etsin, hakimiyyəti devirsin”-deyə Elşad Həsənov qeyd edib.