Hər dəfə qanunda dəyişikliklər olanda sonda ziyan camaata olur, ...

14-05-2024, 23:40           
Hər dəfə qanunda dəyişikliklər olanda sonda ziyan camaata olur, ...
Təzə söhbət var – hökumət minimum aylıq əmək haqqından, minimum saatlıq əmək haqqı modelinə keçmək istəyir. Niyyətlərini, təqribən, anlasam da, düşünək ki, pozitiv yanaşma ilə bunu etmək istəyirlər. Yəni, aparıcı ölkələrin təcrübəsinə əsaslanaraq bu keçidi etmək niyyətindədirlər (əsl niyyətləri, çox güman, statistika ilə oynayaraq işsizlik rəqəmlərini daha da aşağı çəkmək, regionda aşağı maaş göstəricilərini rəqəmlərlə “rəqs edərək” yaxşılaşdırmaqdır).
Ölkədə minimum əmək haqqı 345 manatdır, indiki rəqəmi, 8 saatlıq iş gününü, 5 günlük iş həftəsini nəzərə alsaq, bir saatı 2 manat 15 qəpiyə düşür, 6 günlük iş həftəsi olanlar üşün isə bir saatlıq ödəniş 1 manat 79 qəpik edir – açığı, utanılası rəqəmlərdir (məsələn, ABŞ-da bir saatlıq minimum əmək haqqı 7,25 dollar, 12 manat 32 qəpikdir, yəni, işçiyə bundan aşağı maaş ödəmək olmaz. İsraildə isə bir saatlıq minimum əmək haqqı 8,41 dollar, 14 manat 29 qəpikdir).
Yaxşı, tutalım hökumət xoş niyyətlə bu addımı atmaq istəyir, bu zaman onlarla sual yaranır, mən yazım, siz oxuyun, görək kimsə cavab verəcəkmi:
1) İndiki sistemdə 345 manatdan aşağı aylıq maaş vermək olmaz, tutalım, bir saatlıq minimum əmək haqqını artırıb 3 manat etdilər. İşəgötürən işçiyə dedi ki, sənin 2 saatlıq işinə ehtiyacım var – günə 6 manat, 5 günlük iş həftəsinə 30 mant, aya da 120 manat ödədi, belə olan halda işçi nə etməlidir, kim udacaq, kim uduzacaq?!
2) DSMF ödənişləri (özəl sektorda) işəgötürən və işçi üçün ağır yükdür, indi sövdələşib minimum aylıq əməkhaqqına yaxın müqavilə bağlayırlar ki, hər ikisi DSMF-yə az ödəsin, çünki, hər ikisi DSMF-yə inanmırlar. Saathesabı ödənişə keçsələr hər bir işçi ilə 3-4 saatlıq iş rejimi müqaviləsi bağlasalar, bu zaman legal ödəniş azalacaq, yaxşı, DSMF ödənişləri necə hesablanacaq?!
3) Biz illərdir deyirdik ki, VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum maaşa bağlılığı ləğv edilməlidir, çox mənasız bağlantıdır – yəni, minimum əməkhaqqı artan kimi VÖEN-lə işləyənlərin DSMF-yə ödənişləri də avtomatik olaraq artırdı. Yaxşı, bəz indi saathesabı minimum ödəniş sisteminə keçsələr fərdi sahibkarların DSMF ödənişi necə hesablanacaq?! Saatlıq minimum ödənişi 8 saat, 30 günəmi vuracaqlar?! Bu zaman, zatən beli bükülmüş kiçik-orta sahibkarlar bankrot olacaqlar, bəs yaxşı hansı müxanizmlər düşünülüb?!
4) Minimum əməkhaqqı ilə bağlı onlarla qanunda müdəalar var, bəs o qanunlar da dəyişəcəkmi?!
5) Elə ay olur ki (məsələn, yanvar, mart), bir həftə, və ya daha çox istirahət günləri olur, bəs o zaman saathesabı ödənişlər necə olacaq, necə hesablanacaq – ümumiyyətlə, bayram günləri məsələsi necə həllini tapacaq?!
6) Ölkədə Həmkarlar Təşkilatı formallıqdır, hətta işçi üçün “vergi” növüdür, bəs Həmkarlar bu məsələyə necə baxacaq, nə deyəcəklər?!
Hər dəfə qanunda dəyişikliklər olanda sonda ziyan camaata olur, ona görə də, bu suallara aydınlıq gətirsələr, biz də predmetli müzakirə açardıq...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.