Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
15-05-2024, 08:38
Qraçya Qalustyan: “II Qaregin Qalstanyanın fəaliyyətini koordinasiya edir keşiş Rusiyanın göstərişi ilə hərəkət edən qüvvələrin tərəfində dayanır”
Tevos Arşakyan: “Qalstanyan Saqatelyan və Ohanyanı öpən zaman, Köçəryanla görüşən zaman keşişə kimin rəhbərlik etdiyi bəlli oldu”
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan və Baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraza başlayan “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tənqid atəşinə tutulur. Erməni analitiklər hesab edirlər ki, keşiş siyasətə qarışmaqla “Qarabağ klanı” adlanan müxaliflər, sabiq Prezident Robert Köçəryanın, Serj Sarkisyanın aləti rolunda çıxış edir. Bununla yanaşı, Qalstanyanın Rusiyanın və Rusiyadakı erməni diasporunun tapşırıqlarını yerinə yetirən marionetka olduğu bildirilir.
Erməni analitik Qraçya Qalustyan məqaləsində qeyd edir ki, keşiş proseslərdə siyasi iştirakı ilə təkcə özünü deyil, Rusiya Erməniləri İttifaqını (ÜAK) da ifşa edir: “Xalqı aldatmaq cəhdi, xalqı axmaq yerinə qoymaq yolverilməzdir. Erməni Apostol Kilsəsinin nümayəndələri tərəfindən belə cəhdlərin necə həyata keçirildiyini müşahidə etmək xüsusilə xoşagəlməzdir. Kilsə birləşdirməlidir, insanları parçalamamalıdır. Təəssüf ki, son vaxtlar tamamilə fərqli bir şey gördük. Keşiş Qalstanyan deyir ki, Ermənistan hakimiyyəti kilsənin işlərinə daim müdaxilə edib və müdaxilə etməyə çalışacaq. Bu, yanlışdır. İndiki iqtidarı çoxsaylı uğursuzluqlarına, kobud səhvlərinə və yerinə yetirilməmiş layihələrə, vədlərə görə tənqid etmək olar, amma kilsəyə müdaxilədə ittiham etmək doğru deyil. Biz görürük ki, kilsə açıq-aşkar siyasi proseslərə müdaxilə etmək cəhdindədir ki, bu, qəbuledilməzdir, Konstitusiyaya ziddir. Biz nə İranıq, nə də Vatikanıq. Biz hökumətin ədalətli, demokratik seçkilər yolu ilə seçildiyi və dinin siyasətdən ayrıldığı dünyəvi dövlətik. Və heç kimə bu vəziyyətə göz yummağa icazə verilmir”.
“Arxiyepiskopun siyasi proseslərə cəlb edilməsi artıq yanlış addımdır. Biz Konstitusiyaya məhəl qoyulmayan təxribatla üz-üzəyik. Üstəlik, Kanada vətəndaşı pasportunun sahibi tərəfindən. Arxiyepiskop Baqrat Castin Trüdonun zorakılıqla devrilməsi tələbi ilə Torontodan Monreala yürüş etsəydi, onu çoxdan həbs etmişdilər. Amma Paşinyan hökuməti kilsə adı altında bayağı siyasi spekulyasiyalarla məşğul olanlarla hələ də kifayət qədər ehtiyatlı davranır. Əslində o təkcə özünü təmsil etmir, bütövlükdə kilsəni siyasətə qatır. Axı Qalstanyan bütün ermənilərin katolikosu II Qareginlə vaxtaşırı görüşdüyünü etiraf edir. Onun sözlərinə görə, sonuncu görüş üş gün əvvəl baş tutub. Düzdür, arxiyepiskop II Qareginin onun təşəbbüsü ilə başlayan “Vətən naminə Tavuş” hərəkatı ilə bağlı hansı fikri ifadə etdiyini açıqlamayıb. Amma bu görüşün özü onu göstərir ki, II Qaregin Qalstanyanın fəaliyyətini koordinasiya edir. Və buna uyğun olaraq o, Rusiyanın göstərişi ilə hərəkət edən qüvvələrin tərəfində dayanır”, - analitik vurğulayıb.
Qalustyan hesab edir ki, prosesin qazanclısına çevrilməyə çalışan Robert Köçəryan və Serj Sarkisyan Rusiyadan informasiya, siyasi və digər dəstək alırlar: “Rusiya və onun Prezidenti Vladimir Putin indi bütün diqqətini Ukraynaya cəmləyib, Xarkov vilayətini ələ keçirməyə çalışır. Amma bu hərbi kampaniyanın sonunda o, bizim bölgəyə keçəcək və ilk növbədə Ermənistana. Məhz keçmiş, tamamilə korrupsioner hökumət və ÜAK nümayəndələrinin əli ilə Ermənistanda qalmaq istəyir. Bu şəraitdə qanuni və demokratik yolla seçilmiş hökumətin bu təxribata qarşı çıxmaq üçün bütün rıçaqlardan istifadə etmək hüququ var. Səlahiyyətli orqanlar zəiflik göstərsə, proseslər tamam başqa forma və miqyas ala bilər. Ta ki, Ermənistan qanlı terror bataqlığına qərq olana qədər. Bu, təbii ki, heç də ölkəmizə lazım olan, ona xeyir və firavanlıq gətirəcək şey deyil. Biz qonşularımızla beynəlxalq səviyyədə qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan yeni münasibətlər formatı qurmalıyıq. ÜAK rəhbərliyinin və Ermənistanın keçmiş prezidentlərinin göstərişi ilə hərəkət edən keşiş Qalstanyanın Rusiyanın əlinə oynayan hərəkatı isə bütün bu prosesə ancaq əngəl törədir. Yaxşı ki, Ermənistan əhalisinin əksəriyyəti bu aşkar reallığı dərk edir. Artıq özlərini Ermənistanın başında görənləri hiddətləndirən də məhz budur”.
““Qarabağ klanı”, daşnaklar və onların şirnikləndirdiyi keşişlər - II Qareginin nökərləri ən adi manqurtlardırlar, cinayətkar dəstədir. Maskalar yırtılır, daşlar yerinə oturur. Qalstanyan ÜAK-ın xidmətçisi, dağıdıcı qüvvələrin əlində marionetdir”. Bu sözləri isə başqa bir erməni analitik Tevos Arşakyan məqaləsində yazıb. Onun sözlərinə görə, əvvəlcə Tavuşdan İrəvana bir din xadiminin başlatdığı yürüş ilə bağlı bütün bu hay-küy ayıq düşüncəli ermənilərə ciddi görünməsə də, bəziləri bunu ciddi qəbul ediblər: “Baqrat Qalstanyan indiki hakimiyyətə qarşı olan əhalinin bir hissəsinin diqqətini çəkdi. Başqa necə ola bilərdi? Axı keşiş Azərbaycana “birtərəfli güzəştlərə”, sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxdı, reallığı hələ də qəbul edə bilməyənlərin hissləri ilə məharətlə oynadı. Bəli, bu reallıqdır, acıdır, amma başı çiynində olanlar bilir ki, İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vəziyyəti dəyişmək mümkün olmayacaq. Paşinyan olmayacaq, Qriqoryan olacaq, fərqi nədir? Azərbaycana gücümüz çatırmı? Əslində, müharibə istəyən də çox deyil. Ən azı, 44 günlük müharibədə mən onların heç birini döyüşdə görmədim. Sadəcə demaqoqluq, bayraq dalğalandırmaq və yüksək səsli çıxışlar var idi. Amma həmin aksiyaların iştirakçılarından yalnız bir neçəsi hərbi komissarlıqlara gələrək döyüşə gedib. Məğlubiyyətdən sonra onları belə tapmaq mümkün deyildi. Ermənistandakı Qarabağ erməniləri belə müharibəyə həvəsli deyil. Əgər onlar istəmirlərsə, o zaman müharibəni kim edəcək? Yeni müharibə bizim üçün daha böyük faciəyə çevriləcək”.
“Buna baxmayaraq, cəmiyyətin bir hissəsi Qalstanyana inanaraq onun arxasınca getdi, bilmədən, adi bir təxribatçının arxasına düşdü. Hətta yürüşün lap əvvəlində onun məharətlə manipulyasiya edildiyinə dair şübhələr var idi. Və tezliklə, artıq İrəvanda o, Paşinyana ultimatumlar verməyə, istefasını tələb etməyə başlayanda hər şey aydın oldu. Arxiyepiskop da, onun arxasında duran qüvvələr də, göründüyü kimi, hamısı öz eqoist maraqlarını güdürdülər. Qalstanyanı daşnak İşxan Saqatelyan və keçmiş müdafiə naziri Seyran Ohanyan öpən zaman keşişə kimin rəhbərlik etdiyi bəlli oldu. Şəxsən mənim üçün Ohanyanla Qalstanyan arasındakı dostluq soyuq duş effekti yaratdı. Axı bu həmin Ohanyandır ki, ordunu şəxsi varlanma vasitəsinə çevirib, onun içindəki bütün komandanlıq mövqeləri sağa-sola satılanda onu metodik şəkildə məhv edib talayıb. Ohanyanla gəzən adamın arxasınca getmək olar?”, - deyə analitik sərt ifadələrə yer verib.
Bununla yanaşı, Arşakyan bildirir ki, Qalstanyan Köçəryanla görüşə gedəndə, nəhayət, hər şey aydın olub: “Bütün bu teatr tamaşası Ermənistanda hakimiyyəti dəyişmək və Azərbaycanla yeni müharibəni qızışdırmaq məqsədli sabiq prezidentlər tərəfindən koordinasiya edilib. Üstəlik, Ermənistanın Rusiya protektoratı altına qayıtmasını istəyirlər. Baqrat artıq ifşa olunub. Eləcə də “təcili yardım məntəqəsi” ilə bağlı yalanları onu ifşa etdi. Guya ki, Tavuşdan İrəvana gələndə ayaqları qanayıb. Yalançılıq və və əclaf hərəkətdir”.
“Baş verənlərin məğzini başa düşmək lazımdır. “Qarabağ klanı”, daşnakları və onların şirnikləndirdiyi keşişlər - II Qareginin nökərləri ən adi manqurtlardır, onilliklər ərzində bizdən və ölkəmizdən istifadə edib zənginləşən cinayətkar dəstədir. Onlar hakimiyyətə qayıtmaq, yenidən çapıb-talamaq arzusundadırlar. Və onların hakimiyyətə əsas namizədi qaniçən Robert Köçəryandır. Dünən meydanda Baqratın sözlərinə qulaq asanlar o vaxtları unudublarmı? Ermənilər ölkəni yenidən Köçəryan-Sarkisyan dəstəsinin zənginləşmə mənbəyinə çevirmək istəyirlər? Onların ölkədə hansı vəhşiliklərini necə törətdikləri unudulub? Məncə, unudulmayıb. Düzdür, Paşinyan mələk deyil, amma onu “Qarabağ klanı”ndan olan qatillərlə müqayisə etmək olmaz. Sonda heç olmasa, özünüqoruma instinkti işə salınmalıdır. Əgər sərhədin müəyyənləşdirilməsi prosesi pozularsa, deməli, bizi müharibə gözləyir. Baqratlar, qareginlər, köçəryanlar, sarkisyanlar, saqatelyanlar, ohanyanlar məhz buna nail olmağa çalışırlar. Ölkə nə qədər pisləşsə, Paşinyanı devirmək şansları bir o qədər çox olur”, - deyə analitik bildirib və erməniləri ağıllarını başlarına toplamağa çalışıb.
Müəllif: Turan Abdulla
ayna.az