QUBAD İBADOĞLU SİYASİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Partiyanı buraxdı
16-05-2024, 00:04
Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.
Bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbukda paylaşım edib.
"Dünən (14 may 2024-cü il) ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edildi. Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə edib.
Qubad İbadoğlu ADR-dəki fəaliyyəti dövründə onunla bir cərgədə mübarizə aparmış partiya rəhbərliyinə və üzvlərinə, xüsusilə həbsdə olduğu müddətdə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını çatdırır",-deyə paylaşımda bildirilir.