"Çiçəklənirik" nağılı... İctimai nəqliyyat, dükan, zibil qutusu "tapılmayan" kəndlərdə inkişafdan danışılır
16-05-2024, 10:18
Kəndlərdə infrastruktur nəinki aşağı səviyyədədir, ümumiyyətlə, yoxdur. Dağ kəndlərinin əksərində adicə dükana rast gəlmək olmur. İctimai nəqliyyat əlçatan deyil. Kanalizasiya sistemi formalaşdırılmayıb. Məişət tullantıları üçün nəzərdə tutulan xüsusi qutuları kənd adamları yalnız televizorda görür. Vəziyyət bu qədər acınacaqlıdır.
Bizimyol.info xəbər verir ki, sosial mediada Göyçayın Qarabaqqal kəndindən video yayılıb. Burada selin tamamilə məişət tullantılarına büründüyü görünür. Yəni kəndin yaxınlığından böyük bir zibillik axır. 21-ci əsrdə belə mənzərəni görmək həqiqətən utancvericidir.
Azərbaycanda elə böyük kəndlər var ki, xaricdə həmin böyüklükdə hətta şəhərlərə rast gəlmək mümkündür. Məsələn, Qazaxın Birinci Şıxlı kəndinin əhalisi 4 min nəfərə yaxındır. Böyük tarixi, burada doğulmuş tanınmış simaları var. Amma bir müddət əvvəl sakinlər kənddə zibil atmaq üçün qutu olmamasından şikayət etmişdilər. Məişət tullantıları kəndboyu səpələnir. Yerli bələdiyyə məsələyə biganə yanaşdığından, çarəsiz vəziyyət yaranır.
Şəmkirdə də oxşar durumdur. Kəndlərin heç birində məişət tullantıları üçün qutular, konteynerlər nəzərdə tutulmayıb. Sakinlər həmin tullantıları ya basdırmaq, ya da yandırmaq məcburiyyətində qalırlar.
Könüllü kəndinin sakinləri zibili yaşayış məntəqəsinin bir-iki kilometrliyinə atmağa vadar olur. Kənd sakini Vidadi Cəfərov deyir ki, məişət tullantısını daha çox həytində yandırmağa üstünlük verir. Lakin hər şeyi də yandırmaq olmur.
Göyçaydakı videoya görə kənd camaatını qınayıblar. Əlbəttə, təbiətin qayğısına qalmaq hamının borcudur. Amma gündəlik məişət qayğılarının öhdəsindən gələ bilməyən camaat dövlət orqanlarının köməyi olmadan necə hərəkət edə bilər? Məişət tullantılarını hara atsınlar? Bütün eybəcərliklər təkcə sadə adamların məsuliyyətinə daxil deyil ki! Məsul orqanlar üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bütün kəndlər bizil qutuları ilə təmin olunmalıdır. İnsanlara yaşamaq üçün ləyaqətli şərtlər təklif edilməlidir.
Kəndlər çox baxımsız vəziyyətdədir. Sonra da şikayət edirik ki, insanlar böyük şəhərlərə üz tutur. Biz onlar üçün başqa seçim qoymamışıq.