PA-da siyasi partiyaların rəhbərləri ilə görüş keçirildi - Görüşdə MSK, Hesablama Palatası və Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edib
17-05-2024, 11:08
Bu gün PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirildi. Görüşdə MSK, Hesablama Palatası və Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edirdi.
İlk öncə PA-nın müvafiq şöbəsinə maraqlı tədbir təşkil etdiyi üçün təşəkkür edirəm, ümumiyyətlə belə tədbirlər çox faydalıdır.
İştirakçı sayı çox, vaxt isə məhdud idi, rəsmi açılış və çıxışlardan sonra REAL Sədri və Siyasi Komitənin üzvü Mahmud bəy tədbirdə qalsa da, təəssüf ki, vacib məsələyə görə mən çıxmalı oldum.
Söz alıb danışsaydım, əsasən siyasi partiyaların üzvlük haqqı məsələsini önə çəkəcəkdim, bu sahədə ciddi problemlər var. Qanun dəyişib deyə, üzvlük haqqını praktiki olaraq yığmaq mümkün deyil. Nəzəri yolları var, amma praktiki tədbiqi çox çətinləşdirilib.
Amma hamı üçün yox – YAP-ın 2023-cü il son maliyyə hesabatında qeyd olunub ki, il ərzində üzvlərdən 29 mln. 674 min 281 manat üzvlük haqqı yığılıb. Son rəsmi məlumata görə YAP-ın 730 354 nəfər üzvü var. Deməli il ərzində hər bir üzv, ortalama, 40 manat 63 qəpik, ayda isə 3 manat 38 qəpik üzvlük haqqı ödəyiblər. Qanun deyir ki, üzvlər ancaq köçürmə yolu ilə, bank vasitəsi ilə ödəniş edə bilərlər. Başqa partiyanın üzvləri ayda, məsələn, 2 manat ödəmək üçün gərək fiziki olaraq Banka getsinlər, bütün rekvizitləri doldursunlar, şəxsi məlumatlarını təqdim edib ödənişi etsinlər – bu çox çətin və praktiki olaraq səmərəsiz üsuldur. Amma YAP üzvləri üçün sistem qurulub – istənilən YAP üzvü maaşından avtomatik olaraq üzvlük haqqı tutulur və YAP-ın hesabına köçürülür, onların Banka getməsinə, bu çətin prosedurlardan keçməsinə ehtiyac qalmır.
Yaxşı, tutalım, REAL üzvü öz iş yerində mühasibatlığa ərizə ilə müraciət etsə ki, hər ay mənim maaşından 2-3 manat tutun, REAL-ın rəsmi hesabına köçürün – görəsən bunu edəcəklərmi?! İnanmağım gəlmir...
Siyasi partiyaları üzv və tərəfdaşları maliyyələşdirməlidir, bunu asanlaşdırmaq daha məntiqlidir.
REAL ölkədə ilə dəfə üzvlük haqqını mobil tədbiq üzərindən ödəmək üçün online platforma hazırladı, Mərkəzi Bank və digər dövlət-hökumət qurumları tam şəffaf olan bu üsulun tədbiqinə icazə vermədi.
Ölkədə siyasi rəqabət üçün qeyri-bərabər imkanlar var, bunun üzərinə də maliyyə mənbəələrini məhdudlaşdıracaq addımları gələndə, fəaliyyət alanı daha da daralır – bu isə ölkədə keyfiyyətli, ideoloji əsaslı siyasi diskursun yaranmasını çətinləşdirir...
Natig Cəfərli
TEREF