"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi

17-05-2024, 12:45           
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
"Trendyol"da daşıma xərclərinin bahalaşması "Trendyol"un özü tərəfindən verilmiş qərardır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Trendyol"-un Azərbaycanda rəsmi tərəfdaşı olan "Starex" Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov bildirib.
O, "Trendyol" vasitəsilə sifariş verilən məhsulların daşıma qiymətlərinin bahalaşmasının "Starex"lə bir əlaqəsi olmadığını söyləyib.
""Trendyol"la imzaladığımız müqaviləyə görə, biz onların verdiyi qərarlarla bağlı açıqlama verə bilmərik. Bizim işimiz müştərinin sifariş etdiyi məhsulu "Trendyol"dan gətirib müştəriyə çatdırmaqdır. Qiymət siyasətinə qarışmırıq. Daşıma qiymətləri "Trendyol" tərəfindən tənzimlənir".

Qeyd edək ki, bu günlərdə Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşma olub.
"Trendyol Azərbaycan" şirkəti daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyinin olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.
"Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər" - şirkətdən bildirilib.
"Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artmasının onlara sərf etməyəcəyi qənaətindədirlər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıma xərclərinin "Trendyol"dan qaynaqlandığını düşünmür.
"Türkiyədə "Trendyol" da daşıma qiymətlərində hər hansı bahalaşma baş verməyib. Sifarişlərin tırlarla gətirildiyini nəzərə alsaq, nəqliyyat xərclərində, yanacağın qiymətində də artım olmayıb. Bu zaman daşınma xərclərinin artması sual yaradır. Ehtimal var ki, buna hansısa lobbi qrupları təsir göstərib. Yaxud başqa bir onlayn satış platformanın xeyrinə qərar qəbul edilib. Çünki, bu günlərdə Azərbaycan üçün yeni onlayn satış platforması yaradılıb. Əks halda qiymət artımı ilə bağlı qərar "Trendyol"un müştərilərini itirməsinə səbəb olacaq" - iqtisadçı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.