Nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək? - Ekspert danışır...
17-05-2024, 13:08
Bir çox sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq edilməsi ilə bağlı işlər görülür.
Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək.
Maraqlıdır, nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək?
"Cebhe.info"-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Bakı və Abşeron rayonu ərazisində ortalama 5 minə qədər çıxarış (“kupça”) ala bilməyən fərdi həyət evləri və torpaq sahələri var:
"Ümumilikdə ölkə ərazisində sənədsiz evlərin sayı çoxdur. Təbii ki, bu əmlaklara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəb həmin torpaqların təyinatının fərqli olması, bəzilərində tikinti normativlərinin uyğun aparılmaması, bəzilərində isə həmin tikililərin qadağan olunmuş ərazilərdə yüksəkgərginli elektrik naqillərinin ətrafında tikilməsidir.
Bu səbəbdən həmin əmlaklarla çıxarışlar verilə bilmir. Burada itirən tərəf isə vətəndaşdır. Çünki mülkiyyət hüquq tanınnmır, həm də dövlət büdcəsi bu sahədən yararlana bilmir. Həmin əmlakların çıxarışı olsaydı, əmlak, torpaq vergisi ödəməli olardı, sığortalana bilərdilər".
Ekspertin fikrincə, illərdir bütün vətəndaşlar "əmlak amnistiyası"ni gözləyir:
""Əmlak amnistiyası" tətbiq olunarsa, ölkə iqtisadiyyatında sürətlə müsbətə doğru dönüş ola bilər. Həmin həyət evlərinin alıcıları daha çox ola bilər. Bundan əlavə, həmin əmlakların çıxarışlarının olmaması səbəbindən o əmlaklar bağışlana bilmir, əmlak sahibi rəhmətə gedəndə vərəsələr arasında bölünə bilmir, boşanmalar zamanları məhkəmədə əmlak bölgüsündə ciddi problemlər yaşanır.
Çox sayda problem var ki, onun da kökündə çıxarışların olmamasıdır. Qonşu Gürcüstanda artıq "əmlak amnistiyası" tətbiq olundu. Ölkəmizdə də bunu səbrsizliklə gözləyirik. Həm vətəndaşların mülkiyyət hüququnun tanınması, həm də dövlət büdcəsinin bundan yararlana bilməsi üçün "əmlak amnistiyası" yaxın zamanlarda tətbiq oluna bilər".