Yeni Kaledoniya etirazları: Fransa niyə Azərbaycanı ittiham edir?

18-05-2024, 11:34           
Yeni Kaledoniya etirazları: Fransa niyə Azərbaycanı ittiham edir?
Azərbaycan Fransanın Yeni Kaledoniyada keçirilən etirazlarla əlaqədar ona qarşı irəli sürdüyü ittihamlarını rədd edib.

Rəsmi Paris etirazlardan sonra deyib ki, oradakı etirazlar “xarici təsirin nəticəsidir”.

“Bu, fantaziya deyil. ... Təəssüf edirəm ki, bəzi müstəqillik tərəfdarı olan liderlər Azərbaycanla anlaşma ediblər”, - Fransanın xarici işlər naziri Gérald Darmanin Fransa-2 televiziyasına deyib.

Azərbaycan Fransanı belə iddiaları dayandırmağa çağıraraq ittihamları rədd edib.

Sakit Okeanda yerləşən Yeni Kaledoniya adalar qrupu 19-cu əsrdən bəri Fransa ərazisidir.

Hazırda baş verənlər 1980-ci illərdən bəri müşahidə edilən "ən pis iğtişaş" hesab edilir.

Yeni Kaledoniyada nə baş verir?
Rəsmi Paris Yeni Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququ verən Konstitusiya dəyişiklərini təsdiqlədikdən sonra orada narazılıqlar baş verib.

Bəzi yerli liderlər bu dəyişikliyin yerli kanak əhalisinin səsini azaldacağından narahatdırlar.

Konstitusiyaya dəyişikliklər bazar ertəsindən bəri adalar qrupunda etirazlara səbəb olub, nəticədə azı beş nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Rəsmilər ölənlərin ikisinin polis olduğunu, digərlərinin isə yerli kanaklar olduğunu deyib.

Rəsmi məlumatlara görə, 200 nəfərə yaxın insan saxlanıb.

Bundan sonra, Yeni Kaledoniyada beynəlxalq hava limanı kommersiya uçuşlarına qapadılıb, bizneslər və məktəblərdə dərslər ləğv edilib.

Paytaxt Numeada fövqəladə vəziyyət və komendant saatı elan edilib.

Fransadan adaya yüzlərlə polis qüvvəsi göndərilib.

Fransanın ərazi üzrə ali komissarı Louis Le Franc onların "son günlərdə nəzarətimizdən çıxmış ərazilərə nəzarət etmək... şəhər ərazisində itirdiyimiz bütün əraziləri yenidən ələ keçirmək üçün" gəldiyini söyləyib.

Fransa rəsmiləri deyiblər ki, "iğtişaşçılara və talançılara ən sərt cəzalar” nəzərdə tutulub.

Etirazlardan çəkilmiş fotolarda ticarət mərkəzindən alov və tüstü qalxması, yanmış avtomobillər, dükanların qarşısında ərzaq axtaran insanların uzun növbələri görünür.

Hakimiyyət iğtişaşları təşkil etməkdə ittiham olunan 10 fəalın ev dustaqlığına buraxıldığını bildirib.

İğtişaşlara cavab olaraq, Fransa həmçinin Yeni Kaledoniyada TikTok-a qadağa qoyub.

Azərbaycan Yeni Kaledoniyaya dəstək verirmi?
Fransanın daxili işlər naziri Gerald Darmanin yerli mediaya müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan liderlərlə "anlaşmaqda" ittiham edib.

Darmanin-a görə, orada baş verənlər "xarici təsirin nəticəsidir". O əlavə edib ki, “müdaxilə cəhdləri olsa belə, Fransa öz ərazisi üzərində suverenliyini qoruyub saxlayır”.

Fransalı nazir hansı müdaxiləni nəzərdə tutduğunu açıqlamayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları "qəti rədd edib".

"Fransanın daxili işlər naziri Jerald Darmananın ... ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik", - XİN sözçüsü Ayxan Hacızadə deyib.

Yeni Kaledoniyada etirazlar davam edərkən, ötən il Azərbaycanda yaradılmış Bakı Təşəbbüs Qrupu "Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini" bəyan edib.

Bakıda mənzillənən Qrup "müstəmləkələşmiş bölgələrin bütün əhalisini müstəqillik uğrunda ədalətli mübarizəyə" çağırıb. Bu çağırış mayın 16-da "Kanak xalqı ilə həmrəylik" onlayn konfransında səslənib.

Bakı Təşəbbüs Qrupu 2023-cü ilin iyulunda, həmin vaxt Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupunun X hesabında paylaşılmış son postlarından birində "Yeni Kaledoniya heç vaxt Fransa olmayıb" yazılıb.
Azərbaycan bundan qabaq dəfələrlə Fransanı "müstəmləkəçiliyi davam etdirməkdə" ittiham edib.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il deyib ki, "Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır".

Yeni Kaledoniyanın nümayəndə heyəti ən son, bu il aprelin 18-də Azərbaycanda olub.

Onlar Milli Məclisdə keçirilmiş "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfransda iştirak ediblər, eləcə də bir sıra rəsmi görüşlər keçiriblər, yerli media yazıb.

Keçən ildən bəri mediada keçmiş müstəmləkə ölkələrində keçirilmiş etirazlarda Azərbaycan bayrağının qaldırıldığını göstərən fotolar yayılıb.

Baş verənlər Fransa -Azərbaycan əlaqələrinə necə təsir edə bilər?
Cənubi Qafqaz üzrə araşdırmaçı Şücaət Əhmədzadə düşünür ki, Azərbaycanın Fransa ilə əlaqəli etdiyi hərəkətlər daha çox reaksiya xarakteri daşıyır.

“Düşünmürəm ki, Yeni Kaledoniyada hazırda iğtişaşların səbəbi odur ki, Azərbaycan onları hər hansı bir formada dəstəkləyib” deyən Əhmədzadə etirazları “lokal və daxili narazılıq” adlandırıb.

Bu il Yeni Kaledoniyadan Bakıya gələn nümayəndələrlə görüşdə iştirak etmiş millət vəkili Zahid Oruc Azərbaycanın Yeni Kaledoniyaya dəstəyini "mənəvi-siyasi" adlandırıb.

"Bakı Təşəbbüs Platforması Kaledoniya xalqının, Korsikanın, Mikroneziyanın, Polineziyanın və s. nümayəndələrinə imkan verdi ki, onlar öz fikirlərini daha geniş müstəvilərə çıxara bilsinlər, informasiya məkanında onların fikirləri eşidilsin", - deyə o, Azərbaycanın dəstəyini izah edib.

Cənab Oruc əlavə edib ki, Azərbaycanın mənəvi-siyasi dəstəyi "hüquqi müstəvidən kənara" çıxmayıb.

O, Azərbaycanın Yeni Kaledoniya nümayəndələri ilə əlaqələrini parlament, hökumət təmsilçiləri səviyyəsində olduğunu qeyd edib.

Zahid Orucun sözlərinə görə, Azərbaycan-Yeni Kaledoniya münasibətləri "şəffaf müstəvidə" baş versə də, Fransa bunu "qlobal təhlükəsizliyə zərbə kimi qələmə verməyə" başlayıb.

"Azərbaycanın Yeni Kaledoniyaya dəstəyi Fransanın Ermənistana verdiyi dəstəyin qarşılığı kimi qiymətləndirmək olarmı" sualının cavabında Zahid Oruc bunu inkar etmir, amma onu da əlavə edir ki, Parisin Qarabağla bağlı hazırkı mövqeyi fərqli olsaydı da, Azərbaycan keçmiş müstəmləkə xalqlarının azadlığını müdaifə edərdi.

İki ölkənin bir-birinə ittihamları fonunda o, Azərbaycan-Fransa əlaqələrinin pisləşəcəyini və diplomatik əlaqələrin daha aşağı səviyyəyə enəcəyini gözləyir.

Mayın 16-da Fransanın daxili işlər naziri Gerald Darmanin-in Azərbaycanı "diktatura" adlandırmasını rəsmi Bakı "qəbuledilməz" adlandıraraq, "qətiyyətlə" rədd edib.

Azərbaycan XİN sözçüsü bildirib ki, Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir.

"Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır", - Ayxan Hacızadə deyib.

Böyük erməni icmasının yaşadığı Fransanın Ermənistana və Qarabağ ermənilərinə dəstək verməsi, o cümlədən Ermənistanla silah anlaşması Bakıda narazılıq yaradır.

Hər iki ölkə bir-birinin iki diplomatını "arzuolunmaz şəxs" elan edərək ərazisindən çıxarıb.

Azərbaycan-Fransa münasibətləri barədə ətraflı bu yazıda oxuyun

Yeni Kaledoniyanın tarixçəsi
Yeni Kaledoniyanın 300 minə yaxın əhalisi var. Onların 40 faizi və ya 112 minini yerli kanaklar təşkil edir.

Sakit Okeanının cənubunda, Avstraliya və Fici adaları arasında yerləşən adalar qrupu 19-cu əsrdən bəri Fransa ərazisidir.

Hazırda baş verənlər 1980-ci illərdən bəri müşahidə edilən "ən pis iğtişaş" kimi qiymətləndirilir.

1998-ci il Nouméa sazişinə əsasən, Fransa əraziyə daha çox siyasi muxtariyyət verməyə razılaşıb.

Həmçinin qərara alınmışdı ki, əyalət və məclis seçkilərində yalnız həmin vaxt orda olan yerli sakinlər iştirak edə bilər.

O vaxtdan bəri 40 mindən çox Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb.

Saziş, həmçinin ölkənin gələcəyi ilə bağlı üç referendumun keçirilməsinə imkan verirdi.

Bütün referendumların nəticəsi Fransanın tərkibində qalmağın lehinə olub.

Müstəqillik tərəfdarı olanlar 2021-ci ildə keçirilmiş son referendumun nəticəsini tanımır, çünki onun koronovirus pandemiyası zamanı keçirildiyini deyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.