Ağ Ev elçisi İsraildə atəşkəsi müzakirə edir

20-05-2024, 13:04           
Ağ Ev elçisi İsraildə atəşkəsi müzakirə edir
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın İsrailə səfəri əsnasında həmin ölkənin baş naziri Benyamin Netanyahu ilə Qəzzadakı əməliyyatları müzakirə edəcəyi gözlənilir. Güman edilir ki, Sallivan öz görüşlərində İsraili HƏMASa qarşı daha dəqiq hədəfli hərbi əməliyyatlar keçirməyə və yerli əhalinin təhlükəsizliyinə həssas yanaşmağa təşviq edəcək.

Ağ Evin müzakirələrdən öncə verdiyi məlumata görə, Sallivanın İsraili cənub sərhəd şəhəri Rəfaha tam-miqyaslı hücum etməməyə və atəşkəs əldə edilməsinə çağıracağı gözlənilir.

İsrail Rəfahı HƏMAS qüvvələrinin sonuncu istehkamı hesab edir, lakin bura həmçinin məcburi köçkünlərin Qəzza zolağının digər hissələrindən axışaraq cəmləşdikləri məkandır. İki həftə öncə - əməliyyatlar başlanmazdan əvvəl təxminən 1,4 milyon fələstinlinin burada sığınacaq tapdığı ehtimal olunurdu.

Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlar üzrə agentliyinin (UNRWA) rəhbəri şənbə günü bildirib ki, o vaxtdan bəri şəhəri tərk edən təxminən 800,000 insanın gedə biləsi yer yoxdur.

UNRWA rəhbəri Filipp Lazzarini sosial media platforması X-də yazıb ki, bundan əvvəl məcburi köçkün düşmüş sakinlər Rəfahı tərk edərək "dağıdılmış binalar da daxil olmaqla orta ərazilərə və Xan Yunisə" yollanırlar.

Lazzarininin sözlərinə görə, insanlar su və ya kifayət qədər sanitariya-gigiyena imkanları olmayan yerlərə, o cümlədən sahil qəsəbəsi olan Əl-Məvasi şəhərinə, eləcə də bu yaxınlarda məcburi köçkünlərlə dolu Deyr-əl-Balah şəhərinə qaçırlar.

Fələstinli mülki müdafiə agentliyi bildirir ki, bazar günü HƏMAS militantlarının toparlanmasının qarşısını almağa çalışan İsrailin Qəzzada endirdiyi zərbələr nəticəsində azı 31 adam həlak olub.

İsrail hərbçiləri deyir ki, şimali Qəzzanın Cabaliyyə zonasındakı əməliyyatlar silahlı terrorçu qruplaşmalarının müəyyən edilməsinə yönəlib.

Mövcud müharibəyə səbəb oktyabr ayında İsrailə qarşı edilən HƏMAS terror aktı olub ki, İsraili rəsmilərinin bildirdiyinə görə bunun nəticəsində 1,200 nəfər həlak olub və 250-yə yaxın adam girov götürülüb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada bundan sonrakı əks-həmləsi 35,000-dən çox fələstinlinin həyatına son qoyub ki, bu sıraya dinc sakinlərlə yanaşı döyüşçülər də daxildir. Lakin nazirlik ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.

İsrail isə bildirir ki, ölənlərdən 14 mini militant və təqribən 16 mini isə mülki vətəndaşdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.