Qarabağ Xronikası: Azərbaycan mövqelərini gücləndirir
21-05-2024, 09:38
Baku TV-nin "Qarabağ xronikası" verilişinin 137-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasından bəhs edib.
O bildirib ki, xarici hərbi qulluqçuların torpaqlarımızdan çıxarılması rəsmi Bakı və Moskva münasibətlərində yeni mərhələnin başlanğıcına işarə edir:
"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ondan xəbər verir ki, rəsmi Bakı və Moskva münasibətlərdə daha çox siyasi-iqtisadi məsələlərə üstünlük verəcək. Qeyd etməliyik ki, Qarabağda fəaliyyətini dayandıran Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşdirilməsində məqsəd Azərbaycana qarşı yönələ biləcək informasiya diversiyalarının qarşısını almaq idi.
Revanşizm xülyasında olan bəzi qrupların yaydığı əsası olmayan məlumatlar məhz bu mərkəz tərəfindən operativ şəkildə aşkarlanıb, müvafiq instansiyalara təqdim edilib. Sülhməramlı kontingent isə bəzi hallarda informasiya diversiyalarının ardınca həyata keçirilməsi planlaşdırılan silahlı diversiyaların qarşısını müvafiq qaydada almağa müvəffəq olub.
Xatırladaq ki, bu, bəzi hallarda baş verib. Çünki sülhməramlılar əsasən neytral mövqe sərgiləyiblər. Əksər hallarda diversiyaların qarşısı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin ayıq-sayıqlığı nəticəsində alınıb".
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması rəsmi Bakının siyasi səriştəsini aşağılamaq və müstəqilliyimizi sual altına almaq məqsədi güdən bütün proqnozların tamamilə əsassız olduğunu sübut edib. Əsası olan "Qarabağ məsələsi" adlandırılan gündəliyin bütün müstəvilərdə rəsmi Bakı tərəfindən həmişəlik bağlanmasıdır.
Ətraflı süjetdə: