Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu, Qallant və HƏMAS-ın 3 liderinin həbsinə order verilməsini istəyir
21-05-2024, 17:58
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru bazar ertəsi İsrail və Həmas arasında müharibə ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, eləcə də Qəzzada HƏMAS-ın üç liderini müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək, onların həbsinə order verilməsini istədiyini bildirib. Beynəlxalq məhkəmənin baş prokuroruru Kərim Xanın qərarı reaksiyalarla qarşılanıb.
İsrail prezidenti İsxak Hersoq bu açıqlamanın "hiddət doğurduğunu" və "beynəlxalq məhkəmə sisteminin nə dərəcədə dağılmaq təhlükəsi ilə üzləşdiyini göstərdiyini" bildirib.
Herzoq X sosial media platformasında əlavə edib ki, "bu qəddar terrorçular ilə beynəlxalq hüquq prinsiplərinə tam riayət etməklə öz vətəndaşlarını qorumaq və müdafiə etmək vəzifəsini yerinə yetirmək üçün çalışan demokratik yolla seçilmiş İsrail hökuməti arasında paralellər aparmaq cəhdi hiddət doğurur və qəbuledilməzdir".
İsrailin xarici işlər naziri İsrael Katz Hersoqun açıqlamalarını təkrarlayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallantın həbsinə order verilməsi tələbini “hiddət doğuran qərar" adlandırıb.
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru bazar ertəsi İsrail-HƏMAS müharibəsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, Qəzzada HƏMAS lideri Yəhya Sinvar və HƏMAS-ın digər iki rəsmisinin həbsinə order verilməsini istədiyini bəyan edib.
Kərim Xan verdiyi açıqlamasında bildirib ki, onun ofisi Netanyahu və Qallantın müharibə üsulu olaraq, mülki əhalinin aclığa məhkum edilməsi və mülki əhaliyə qarşı qəsdən hücumlar da daxil edilməklə, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə, "cinayət məsuliyyəti daşımalı" olduğunu hesab edir.
"Mənim ofisim bildirir ki, bu addımlar müharibə üsulu kimi aclıqdan və Qəzzanın mülki əhalisinə qarşı digər zorakılıq aktlarından HƏMAS-ı məhv etmək, HƏMAS-ın oğurladığı girovların geri qaytarılmasını təmin etmək üçün ümumi planın bir hissəsi, eləcə də İsrail üçün təhdid hesab etdikləri Qəzzanın mülki əhalisini kollektiv şəkildə cəzalandırması” üçün atılır" - deyə, Xan açıqlamasında bildirib.
Xan Sinvardan başqa, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Diab İbrahim Əl-Masri və HƏMAS;n siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin də hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Xan HƏMAS rəsmilərinə qarşı ittihamlar arasında qətl, girov götürülmə, zorlama və digər cinsi zorakılıq və işgəncələr kimi müharibə cinayətlərinin yer aldığını bildirib.
"Mənim ofisim hesab edir ki, bu şəxslər 2023-cü il oktyabrın 7-də cinayəti planlaşdırıb və təhrik edib və oğurlandıqdan qısa müddət sonra girovlara şəxsən baş çəkmək də daxil olmaqla bu cinayətlərə görə məsuliyyətlərini etiraf ediblər. Biz bildiririk ki, bu cinayətlər onların göstərişi olmadan törədilə bilməzdi."
ABŞ-ın danışıqları
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qəzza zolağında vəziyyətin nizamlanması məqsədilə İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar aparıb.
İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi Sallivanla görüşü zamanı İsrailin Qəzzanın cənubunda Rəfah şəhərində quruda əməliyyatları genişləndirəcəyini bildirib.
Qallant açıqlamasında Sallivana Rəfahda səylərin HƏMAS silahlı qruplaşmasını dağıtmaq və hələ də Qəzza zolağında saxlanılan girovların geri qaytarılmasını təmin etmək məqsədi daşıdığını deyib.
Qallant həmçinin Sallivanla İsrailin Yaxın Şərqdə mövqeyinin gücləndirilməsi yollarını müzakirə etdiyini bildirib.
Ceyk Sallivan bazar günü İsrailin Qəzzada HƏMAS-a qarşı mülki insanlara zərər vurma riskini azaldacaq daha hədəfli hərbi əməliyyatı müzakirə etmək üçün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Ağ Ev Baydenin humanitar fəlakət təhlükəsinə görə Rəfahda böyük zərbədən qaçmaq çağırışlarına istinad edərək, ABŞ rəsmisinin prezident Co Baydenin “Rəfahla bağlı uzun müddətdir davam edən mövqeyini” bir daha təkrarladığını bildirib.
Netanyahu İslamçı qrup məğlub olana və bütün girovlar evə gətirilənə qədər HƏMAS-a qarşı mübarizəni dayandırmayacağına söz verib.
Bununla belə, onun kabineti daxildə müharibədən sonrakı Qəzzanın idarəçiliyi planı ilə bağlı fikir ayrılıqları ilə üzləşir.
Netanyahunun müharibə kabinetinin nazirlərindən biri olan Benni Qantz şənbə günü Netanyahu iyunun 8-dək müharibədən sonrakı "fəaliyyət planını" təsdiqləməzsə, hakim koalisiyadan çıxmaqla hədələyib.