Növbədənkənar sessiya buna görə çağırılır - YAP-çı deputat açıqladı

21-05-2024, 17:48           
Növbədənkənar sessiya buna görə çağırılır - YAP-çı deputat açıqladı
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb. Milli Məclisin daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Növbədənkənar sessiyada hansı məsələlərin müzakirə olunacağına dair hələlik heç bir açıqlama verilməsə də, bu xəbər özlüyündə geniş müzakirələrə səbəb olub. Cəmiyyətdə bir çox insan növbədənkənar sessiyada parlamentin buraxılması ilə bağlı qərarın qəbul ediləcəyini iddia edir. Bəs görəsən, bu baş verə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Elman Nəsirov bildirib ki, növbədənkənar sessiyanın çağırılmasının xüsusi bir səbəbi yoxdur:

“Əvvəla onu qeyd edim ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı məsələdən xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Məsələ ondadır ki, may ayının 31-də yaz sessiyasının müddəti bitir. Əksər hallarda minimum 42 deputatın imzası ilə növbədənkənar sessiya çağırılır. Bu yeni hadisə deyil və demək olar ki, hər il belə olur. Çünki bir çox qanunların qəbul edilməsi vacibdir”.

Deputat hər ilin iyununda yaz sessiyasının bitməsi ilə bağlı növbədənkənar sessiyanın çağırıldığını qeyd edib:

“Ona görə də bu prosesi tam yekunlaşdırdıqdan sonra, Milli Məclis tətilə çıxır. İyun ayının 15-dən deputatların tətili başlayır. Bu səbəbdən növbədənkənar sessiyanın çağırılmasının parlamentin özünü buraxması kimi qiymətləndirmək yanaşmadır. Hər il iyun ayında növbədənkənar sessiya çağırılır. Bəzən isə bu proses hətta iyulun ortasına qədər davam edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.