Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər

24-05-2024, 08:36           
Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Bakı İrəvanı dalandan çıxarmaq qarşılığında azərbaycanlıların öz yurdlarına qayıdışını tələb edir" adlı süjetdə Qərbi Azərbaycana qayıdış strategiyasının Qarabağın azad edilməsindən sonra dövlət və millət olaraq prioritet hədəfə çevrildiyi, 44 günlük müharibədən sonra bu istiqamətdə mühüm addımların atıldığı bildirilib.

Qeyd olunub ki, son illərdə deportasiya olunmuş soydaşlarımızın icmalaşması sürətlənib, azərbaycanlıların öz yurdlarına qayıdışı Ermənistanla danışıqlar masasına daxil edilib, Qərbi Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılıb: "Ermənistanı ən çox narahat edən məqam Qərbi Azərbaycan məsələsinin beynəlxalq təşkilatların gündəliyinə daxil edilməsidir. Misal üçün, rəsmi Bakının Qərbi Azərbaycanı ATƏT platformasında gündəmə gətirməsi İrəvanda isteriya yaradıb. Ermənistanın və erməni diasporu/lobbisinin bütün cəhdlərinə baxmayaraq, Qərbi Azərbaycana qayıdışı məsələsi artıq beynəlxalq müstəvidə də qəbul edilir".

Diqqətə çatdırılıb ki, əsas məsələ soydaşlarımızın öz yurdlarına təhlükəsiz şəraitdə qayıtmasıdır: "Beynəlxalq hüquq bunu dəstəkləyir. 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qeyd olunur ki, qaçqın irqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsdir. Azərbaycanlılar da məhz irqi, dini və milli mənsubiyyətlərinə görə öz yurdlarından qovulub və bu gün öz mənsubiyyətlərinə görə evlərinə qayıda bilmirlər. Ermənistan beynəlxalq hüququn bu tələbini yerinə yetirməlidir. Əsas məsələ Ermənistanın beynəlxalq hüququn tələbini yerinə yetirməsi - soydaşlarımzın təhlükəsiz şəraitdə evlərinə qayıdışını təmin etməsidir".

Bildirilib ki, Ermənistanın ən böyük problemi "dalan ölkə" olmasıdır: "Bu dalandan çıxa bilməsələr, XX əsrin əvvəlində bizim torpaqlarımız hesabına yaratdıqları "Ermənistan" adlı dövlətin mövcudluğu sual altına düşəcək. Bu baxımdan, bu coğrafiyada dövlət kimi qalmalarının yeganə yolu Azərbaycanla anlaşmaq və regional layihələrə qoşulmaqdır".

Süjetdə həmçinin Qərbi Azərbaycana qayıdışdan sonra azərbaycanlıların təhlükəsizliyini Rusiya və Türkiyənin birgə qorumaq imkanlarından, Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuzun eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə biləcəyindən də söz açılıb.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycana böyük qayıdışın birdən çox yolu var: "Bu yollardan ən məqbulunu seçmək Ermənistana qalıb, əks təqdirdə, ermənilər üçün arzuolunmaz ssenari ilə aktuallaşacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.