Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
Bu gün, 08:41
“Təəccüblənirəm ki, bu videonu yayan xəbər saytları tələbələrin əslində azərbaycanca nə qışqırdığını öyrənməyə belə əziyyət çəkməyiblər”
Artıq bir neçə gündür ki, Rusiya və Ermənistan KİV-lərində Moskva Maliyyə və Hüquq Universitetində (MMHU) bir qrup azərbaycanlı tələbənin “Yaşasın Azərbaycan!” şüarını səsləndirdiyi video yayılır..
Lakin Rusiya və Ermənistan mediası bu şüarı “Allahu Əkbər” və ruslara qarşı zorakılığa çağırış kimi təqdim edir, baxmayaraq ki, videoda bundan əsər-əlamət yoxdur.
Bununla bağlı MMHU -nun bir qrup azərbaycanlı tələbələri videomüraciətlə çıxış edərək qeyd ediblər ki, videoçarx noyabrın 14-də müxtəlif millətlərin nümayəndələrinin öz çıxışlarını təqdim etdiyi “Mənim kiçik və böyük Vətənim” adlı tədbir zamanı lentə alınıb. Buna görə də tələbələr “Yaşasın Azərbaycan!” qışqırırdılar. Bu an baş verənlərin mahiyyətinin təxribat xarakterli təhrifi ilə noyabrın 16-da Rusiya “Telegram” kanallarında yayılmağa başlayan videoya çəkilib.
Bu da öz növbəsində ajiotaj yaradıb. İş o yerə çatıb ki, MMHU rəhbərliyi azərbaycanlı tələbələrin universitetdən qovulması məsələsini qaldırıb və Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
İstintaq Komitəsinin məlumatına görə, əllərində Azərbaycan bayraqları olan bir qrup şəxs ekstremist şüarlar səsləndirib və buna görə də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə cinayət işi açılıb.
Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov AYNA-ya deyib ki, araşdırma zamanı məlum olub ki, tələbələr tərəfindən heç bir ekstremist ifadələr işlənməyib: “Bu tələbələr Azərbaycan əsilli Rusiya vətəndaşlarıdır, bir çoxu burada doğulub. Təəccüblənirəm ki, bu videonu yayan xəbər saytları tələbələrin əslində azərbaycanca nə qışqırdığını öyrənməyə belə əziyyət çəkməyiblər. Axı kadrlarda onların qışqırmasını aydın eşidirsən: Yaşsın Azərbaycan! Sözün əsl mənasında, universitetdən qovulma təhlükəsi ilə üzləşən tələbələr üçün bir problem yaratdılar. Onlar heç bir qanun pozuntusuna yol verməyiblər və biz burada Azərbaycan xalqını ləkələmək, millətlərarası nifaq salmaq üçün bu cür alçaq üsullardan istifadə etməkdən çəkinməyən Azərbaycanın bədxahlarının informasiya hücumunu açıq şəkildə görmək olar. Əgər cinayət işinin başlanması lazımdırsa, bu, tələbələrə qarşı deyil, təhrif olunmuş, təxribat xarakterli məlumatlar yayaraq onlara böhtan atanlara qarşı edilməlidir”.
Onun sözlərinə görə, Azərbaycan əsilli Rusiya vətəndaşlarına münasibətdə belə yanaşma yolverilməzdir: “Qanunvericiliyə görə, azərbaycanlılar Rusiya Federasiyasında yerli xalqdır. Biz “Roskomnadzor” və hüquq-mühafizə orqanlarına məktub hazırlayaraq, təxribat xarakterli materialı dərc edən saytların onları yığışdırmasını və böhtana görə üzr istəməsini xahiş edirik. Qeyd etmək istərdim ki, bu işdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Moskvanın Azərbaycanlı İcmasından da yardım aldıq”.
Gördüyümüz kimi, Azərbaycan xalqına qarşı növbəti dəfə təxribat törədilib. Onun cəzasız qalıb-qalmayacağını zaman göstərəcək...
Müəllif: Asif Aydınlı
ayna.az