Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?

Dünən, 17:28           
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritəni paylaşıb. Hər kəs Trampın müharibə fikrində olmadığını, ancaq iqtisadi maraqlar üçün addımlar atacağını desə də, görünür o da digər böyük güclər kimi yeni ərazilər zəbt etmək fikrindədir. Bəs Kanada ABŞ -ın 51-ci ştatı olacaqmı? Bu sülh, yoxsa hərbi yolla olacaq?

Bu barədə Moderator.az-a danışan politoloq Tofiq Abbasov qeyd edib ki, Donald Trampın artıq bir neçə dəfə çox gurultulu səslə anonsları eşidilib ki, o müharibələrə son qoyacaq, əsas məsələləri Amerika siyasəti daxilində həll edəcək:
“Tramp hələ səlahiyyətlərinin icrasına başlamadan çox təhlükəli planlar səsləndirir. Panama kanalı üzərində nəzarətin bərpası, Kanadanın ABŞ-yə birləşdirilməsi və sair. Dgər tərəfdən də İranı hədələyir. Bu onu göstərir ki, Amerika istər Trampın dövründə, istər ondan sonra da hegemon dövlət siyasətini davam etdirəcək və onlar çalışacaqlar ki, öz nüfuzlarını dünyada möhkəmləndirsinlər. Əslində, Tramp qeyri - adi yanaşması ilə bir növ Amerika Birləşmiş Ştatlarının beşinci prezidenti Ceyms Monronun gedişini təkrarlayır. O, ilk Amerika prezidenti idi ki, dövlətinin xarici siyasət konsepsiyasını artıq yazıb dərc etmişdi. O bildirirdi ki, Amerika Birləşmiş Ştatları fövqəldövlətdir və o gərək Avropa məmləkətlərinin müstəmləkəçi siyasətinə bir sədd qoysun. Onun əsas baxışlarından biri o idi ki, Amerika Birləşmiş Ştatları Qərb yarımkürəsində bütün proseslərin müqəddəratını öz məsuliyyətinə götürsün. Yəni biz Avropanın işlərinə qarışmayacayıq, Avropada bizim işlərimizə qarışmasın”.

Politoloq hesab edir ki, Tramp məhz Ceyms Manronun yolu ilə getmək istəyir:
“Tramp bir növ Avropaya bildirir ki, mən bir qədər öz münasibətimi, nəzarətimi sizdən azaldacam, amma sizi də qoymayacam ki, Amerikanın işlərinə qarışasınız. Yəni Amerikanın - həm şimalın, həm cənubun gedişatını, idarəçiliyini, məsuliyyətini mən öz üzərimə götürəcəyəm. Artıq Kanada Trampın bu planlarını sərt reaksiya ilə qarşılayır. Kanada Britaniyanın nəzarətində olan dövlət statusuna malik ərazidir. Kanadanın qanunvericiliyi Britaniyanın kralını öz rəhbəri kimi təsbit edir. Yəni baş nazir - hökumətin başçısı, amma dövlət başçısı kimi Britaniyanın kral mövqeyində olan şəxsdir. Kanadanın artıq oturuşmuş institutları var. Kanada müstəqil dövlət kimi özünü aparır baxmayaraq ki, Britaniyanın təsiri altındadır, onun dominionudu. İndiki baş nazir Trüdo Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı olacaq sözlərinə çox sərt reaksiya verib. Bu onu göstərir ki, Amerika ilə Kanada arasında çox böyük qarşıdurmalar da ola bilər. Bu heç də iki ölkə üçün yaxşı bir perspektiv vəd etmir. 1860-cı illərdə bu iki ölkənin arasında çox ciddi ərazi mübahisələri var idi. Heç bir tərəfdən – nə şimalda olan Kanada, nə cənubunda olan Amerika Birləşmiş Ştatları güzəştə getmək istəmirdilər. O zaman iki tərəfin məsul nümayəndələri ikili xəritələri tərtib edib öz ictimai qruplarına təqdim etdilər. Bununla da iki ölkə arasında gərgin mübahisələrə son qoyuldu. Yəni ikitərəfli münasibətlərdə çox gərgin, mübahisəli məqamlar, qarşıdurmalar olub”.

T.Abbasov onu da əlavə edib ki, Donald Tramp çalışır ki, bu gərginlikləri yenidən gündəmə gətirsin:
“Amerika xalqı Trampın bu fikirlərini necə qarşılayacaq onu zaman göstərəcək. Səlahiyyətlərinin icrasına başlamamış Donald Tramp gərginlik yaradır və bu heç də yaxşı göstərici deyil. Çünki onsuz da qlobal dünyanın vəziyyəti bir o qədər də sabit deyil. Qarşıdurmaların, gərgin bölgələrin sayı durmadan artır. Təsadüfi deyil ki, insanlar, ekspertlər, siyasətçilər Üçüncü Dünya Müharibəsinin olacağını istisna etmirlər. Yəni elə bir mexanizm, yanaşma yoxdur ki, bir gündə bir plan cızılsın və bütün bu gərginliklər hamısı aradan qaldırılsın. Planların hamısını mərhələli şəkildə həll etmək lazımdır. Yəni hər bir bölgənin özünəməxsus spesifik göstəriciləri var və onların da problemlərini həll etməkdən ötrü gərək tərəflər qeyri - adi qərarlar qəbul etsinlər, yanaşmalar tətbiq etsinlər. Bu baxımdan da çox təəssüf ki, Tramp belə bir lazımsız dedi - qodulara imkanlar yaradır. Bu heç də yaxşı bir başlanğıc deyil, əksinə Tramp həqiqətən də işgüzarlıq keyfiyyətlərinə arxalanaraq Amerikanın yenidən gücünü qaytarmaq istəyirsə, o gərək aram- aram hərəkət etsin. Digər tərəfdən, ABŞ-nin yeni Prezidenti gərək bu tikanlı ideyalarını açıqlamasın, xalqların da mənliyinə toxunmasın. Tramp gərək göstərsin ki, o, həqiqətən də praqmatizmə yaxın ola biləcək adamdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.