Britaniya Baş naziri Starmer Ukrayna məsələsində fikir ayrılıqlarına baxmayaraq, Trampla birlik yaratmağa çalışır
Bu gün, 12:24

Britaniyanın baş naziri Keir Starmer bildirib ki, o, prezident Donald Trampla Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına dair Kyivin də iştirak edəcəyi və Avropa sülhməramlı qüvvələrinin yerləşdiriməsini ehtiva edəcək razılaşmanın əldə olunmasını müzakirə edib.
Cümə axşamı Ağ Evdə keçirilən görüşlərdən sonra Starmer deyib ki, plan “sərt və ədalətli sülhə nail olacaq, Ukrayna onu formalaşdırmağa kömək edəcək və bu, [Rusiya prezidenti Vladimir] Putinin daha çox şey üçün geri dönməsinin qarşısını alacaq güclə dəstəklənəcək.”
Starmer vurğulayıb ki, heç bir razılaşma “təcavüzkarı mükafatlandıran” sülhə gətirib çıxara bilməz. Bununla da o, Fransa prezidenti Emmanuel Makronun bazar ertəsi Ağ Evdə Trampla görüşündə dediyi kimi, “təcavüzkar Rusiyadır” ifadələrini təkarlayıb.
"Biz razılaşdıq ki, tarix işğalçının deyil, sülhməramlının tərəfində olmalıdır," Starmer Trampla birgə mətbuat konfransı zamanı deyib.
Starmer digər Avropa liderləri ilə sıx əməkdaşlıq edəcəyinə söz verib və bildirib ki, Birləşmiş Krallıq öz müttəfiqləri ilə birlikdə sülhməramlı qoşunlar yerləşdirməyə hazırdır, çünki “sülhün davamlı olmasının yeganə yolu budur.”
Lakin Tramp, potensial atəşkəsi tətbiq etmək üçün ABŞ-ın, təklif olunan kimi, Avropa sülhməramlılarına dəstək verməsi mövzusunda öhdəlik götürməyib. Bu isə Starmerin tələb etdiyi bir şərtdir.
“Mən razılığa gəlməyənədək, sülhməramlılıq haqqında danışmağı sevmirəm,” Tramp mətbuat konfransı zamanı deyib.
Tramp ABŞ-ın, Kyivlə təmin etməyə çalışdığı Amerikaya Ukraynanın nadir torpaq minerallarına çıxışına və keçmiş prezident Co Bayden administrasiyası tərəfindən ölkənin müharibə səylərini dəstəkləmək üçün verdiyi vəsaitin geri qaytarılmasına imkan verəcək müqavilə vasitəsilə dəstək verə biləcəyinə işarə edib.
"Buna dəstək deyə bilərsiniz,” Prezident cümə axşamı Oval Ofisdə jurnalistlərə deyib.
Mətbuat konfransı zamanı Tramp Kyiv və ya avropalı müttəfiqlərin iştirakı olmadan Rusiya ilə birbaşa danışıqlar aparmaq qərarını “sağlam düşüncə” olduğunu müdafiə edərək, “Əgər sülh istəyirsənsə, hər iki tərəflə danışmalısan” deyib.
Tramp Moskva ilə danışıqların “çox yaxşı irəlilədiyini” deyib, lakin razılaşmanı təmin etmək üçün vaxtın az olması barədə xəbərdarlıq edib. O, Moskva ilə Kyiv arasında sülh razılaşması əldə olunarsa, Putinin “sözünün üstündə duracağına” və Ukraynaya qarşı əlavə hərbi müdaxiləyə başlamayacağına dair əminliyini ifadə edib.
"Mən onu çoxdan tanıyıram," o deyib.
Trampın Putinlə əlaqə qurması Rusiyanı diplomatiya və maliyyə cəhətdən təcrid etməyə çalışan və sülh danışıqları ilə bağlı “Ukraynasız Ukrayna haqqında heç nə” olmamasında israr edən Baydenin siyasətinin kəskin şəkildə dəyişməsidir.
Trampdan “diktator” adlandırdığı Ukrayna prezidenti Volodimir Zelenskidən üzr istəyib-istəməyəcəyini soruşublar. Üzr istəyəcəyini söyləməsə də, Tramp “Ona (Zelenskiyə) böyük hörmətim var” deyib.
Zelenski cümə günü Vaşinqtona səfər edir.
Ukraynada sülhməramlılar
Avropalı müttəfiqlər arasında gələcəkdə Ukraynaya qoşunların yerləşdirilməsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Böyük Britaniya Fransanın başçılığı ilə irəli sürülən təklifi dəstəkləyir, Polşa daxil olmaqla, digər ölkələr isə bunu rədd edir.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı hər hansı təklifi rədd edir. O, cümə axşamı deyib ki, “Qərb elitaları” Moskva və Vaşinqton arasında yeni qurulmuş dialoqu pozmağa çalışır.
Trampın sülhməramlıların yerləşdirilməsi ilə bağlı mövqeyini aydınlaşdırmağı istənilən yüksək rütbəli administrasiya rəsmisi cümə axşamı jurnalistlərə deyib ki, “Minsk I-dən sonrakı, hətta II-Minskdən sonrakı münaqişə” səviyyəsində qoşunların yerləşdirilməsi ilə bağlı “narahatlıqlar” var.
Rəsmi 2014 və 2015-ci illərdə Ukrayna ilə Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılar arasında döyüşlərə son qoymaq məqsədi daşıyan müqavilələri nəzərdə tutub.
Müdafiə xərcələrini artırmaq
Görüşdən əvvəl, NATO üzvlərinin müdafiə xərclərini Ümumi Daxili Məhsullarının 5%-nə qədər artırmasını istəyən Tramp, Avropanın öhdəliklərini “artırmalı” olduğuna dair mövqeyini təkrarlayıb. O, çərşənbə günü Ağ Evdə jurnalistlərə deyib ki, amerikalı vergiödəyicilər "avropalıların ödədiklərindən daha çox ödəməməlidirlər."
Starmer çərşənbə axşamı Birləşmiş Krallığın müdafiə xərclərini 2027-ci ilədək ölkənin ÜDM-nin 2.5%, növbəti il isə 2.6%-nə artıracağını elan edib. Belə görünür o, bu addımı Trampı sakitləşdirmək üçün atıb.
“Bu həftə Prezident Trampla görüşəndə açıq deyəcəm: Mən bu əlaqələrin daha da güclənməsini istəyirəm,” Starmer Britaniya Parlamentinin üzvlərinə deyib və ölkəsinin ABŞ-la “ən vacib ikitərəfli ittifaqının” olduğunu vurğlayıb.
Starmer çərşənbə axşamı müxbirlərə deyib ki, müdafiə xərclərində artım Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra “üç ildir ki, hazırlanırdı.” Bu xərcləri kompensasiya etmək üçün Britaniya onsuz da azalan xarici yardım xərclərini ölkə ÜDM-nin 0.3 faizinə azaldacaq.
O, müdafiə xərclərini artırmaq qərarının Tramp Ukraynanın və ya avropalıların iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq üçün addımlar atmasından və ABŞ-ın Avropanın təhlükəsizliyinə dəstəyini azaltdığını açıq şəkildə deməsindən sonra “sürətləndirildiyini” etiraf edib.
“Prezident Tramp düşünür ki, biz daha çox iş görməliyik və mən onunla razıyam. Bu, mənim bu məsələdəki düşüncəmlə üst-üstə düşür,” Starmer deyib. O bildirib ki, o, növbəti ümummilli seçkidən sonra ən azı 2029-cu ildə işə başlayacaq növbəti parlamentdə müdafiə xərclərini 3 faizə artırmağı hədəfləyir.
Alman Marşal Fondunun Geostrategiya komandasının elmi işçisi Cesin Veberin dediyinə görə, Starmerin vurğulamalı olduğu əsas mesaj odur ki, avroplaılar Ukrayna ilə bağlı hər hansı müzairələrin bir hissəsi olmalıdır.
“Çünki maddi yükü avropalılara ötürüb, strateji öhdəlik və strateji düşüncəni ötürməmək çox qəribə olardı,” o, Amerikanın Səsinə deyib.
Stolkholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun topladığı ABŞ hökumətinin məlumatlarına əsasən, 2023-cü ildə ABŞ ÜDM-nin 3.4 faizini müdafiəyə xərcləyib.