Əmrullayev ölkə təhsilini HARA APARIR? - BELƏ DAVAM EDƏ BİLMƏZ...

Dünən, 12:49           
Əmrullayev ölkə təhsilini HARA APARIR? - BELƏ DAVAM EDƏ BİLMƏZ...
Emin Əmrullayevin "sarvanı olduğu təhsil karvanı" keyfiyyət sarıdan quraqlıq olan "təhsil səhrasında" doğru yolu itirdiyi üçün, fırlanıb durur.

Hər gün Azərbaycan təhsilində bir yeni macəra, bir yeni qalmaqal...

Uşaqdan böyüyə hər kəsin üzündə acı gülüş yaradan səbəblər müxtəlif olsa da oyatdığı təəssüratlar, acınacaqlı nəticələr və ən başlıcası isə yaranma səbəbləri eynidir.

Təhsil sahəsində rəhbər vəzifələrdə çalışanların böyük əksəriyyətinin Emin Əmrullayevin qohumları və yaxınlarının olması, qohum evliliyinin fəsadları kimi, elm sahəsində gələcəyimizi şikəst edir.

"DogruXeber.az" bildirir ki, iki gün əvvəl Bakının Pirallahı rayonun Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun yayılan səs yazısına gülməli deyil, əksinə təhsilimizin kimlərin əlində olduğuna yana-yana ağı deyib, dizimizə döyüb ağlamalıyıq.

Nazirin ən yaxın çalışanının bacısı olduğu deyilən Bakı Şəhər Təhsil İdarəsinin müvəqqəti müdiri Nərminə Hüseynova və yenə nazirin özünün qohumu olduğu deyilən müdür müavini Xəyalə Əhmədzadənin cavabdehlik daşıdıqları paytaxt məktəblərində bir neçə gündür artıq "8 mart yığımı"na start verildiyi barəsində də yerli saytlarda məlumatlar yayımlanır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) isə "gözə kül üfürmək" üçün ötən gün rəsmi saytlarda güya 8 martda uşaqlardan pul yığılmaması üçün konkret tapşırıqlar verildiyini dərc etdiriblər.

MÜTDA-nin yersiz pul yığımı və rüşvət mövzusundakı ciddiyəti də Fəranə Məhərrəmova, Zəminə İsayeva və digər korrupsioner bağça müdirlərinə "kəsilən cəzalar"dan çoxumuza tanışdır.

Nə MÜTDA rəhbəri Eşqi Bağırov, nə də nazir Emin Əmrullayevin özü uşaq bağçalarında və digər təhsil müəssisələrində mənimsənən inventarlar, min bir bəhanə ilə yığılan pullar, işə işçi götürmək, məktəbə (yaxud uşaq bağçasına) uşaq götürmək üçün alınan rüşvət və sair barəsində yayılan faktlara qarşı inanılmaz rahatlıq nümayiş etdirdilər. Belə olan halda vəzifə başında özünə və yaxınlarına xidmət edən "şəcərə"yə qarşı məcbur anlayışlı oluruq.

Bu Elm və Təhsil nazirinin Bakı təhsilinə rəhbər vəzifələrə yerləşdirdiyi qohumlarının, dostlarının idarəçiliyinin təhsilimizi necə viran qoyduğunun göstəricisidir. Artıq təhsil işçilərinin böyük əksəriyyəti məktəbləri biznes mərkəzi, şagirdləri isə onlara gəlir gətirən "vitrin malı" gözündə görürlər ki, bu da təsadüfi deyil. Necə ki, nazirliyin səlahiyyətliləri direktor və müəllimləri belə gözlə görürlər. Başları zəhmətsiz pul qazanmağa elə qarışıb ki, dərsliklərdə nə yazıldığının fərqində belə olmadan, onları şagirdlərə tədris edir, üstəlik utanmadan bu kimi gülünc misallardan imtahan sualları da hazırlayırlar.

Yer gəlmişkən, martın ikisində keçirilən buraxılış imtahanlarından birində düşən bu yanlış sual da şagirdlərin özlərinin gülüşünə, eyni zamanda aqressiyasına səbəb olub.

Suala və tərcüməyə baxın:

Bu barədə iqtisadçı Eldəniz Əmirov da öz sosial hesabında irad bildirərək yazıb ki, "DİM tərəfindən 11-ci siniflər üçün keçirilən Buraxılış imtahanında 81-ci sualı (riyaziyyatdan) mənə göndərdilər ki, baxım.

Məsələ tərtibində ciddi problemlər var.
Qeyri-dəqiq ifadələrlə məsələ tərtib edilməməlidir.
Məsələnin həm şərtləri, həm də sualı aydın deyil.
Birincisi, sual turba ilə bağlıdırsa, ya "neçə ədəd turba lazımdır", ya da "neçə metr turba lazımdır" formasında verilməlidir. Çünki məsələnin şərtində "hər bir turbanın uzunluğu" ifadəsi yer alır. Lakin sual "nə qədər turba" şəklində qoyulub ki, bu da dəqiqlikdən uzaqdır.
Bu səbəbdən sual neçə metr üzərində qurulmalıdır.

Bundan əlavə, sual açıq tipli olduğuna görə cavab variantları təqdim edilsəydi, abituriyentlər cavablara baxaraq metr və ya ədəd anlayışını daha asan ayırd edə bilərdilər.

Digər tərəfdən, sualda "ən azı" ifadəsi işlədilib. Bu ifadə yalnız o halda istifadə olunmalıdır ki, şərtləri ödəyən bir neçə mümkün hal olsun və abituriyent onların içindən ən kiçiyini seçsin. Lakin bu məsələdə konkret şəkil təqdim edildiyi üçün "ən azı" ifadəsi artıqdır və yalnız çaşdırıcı təsir yaradır."

Odur ki, suallar elə tərtib edilməlidir ki, qeyri-müəyyənlik və ikibaşlılıq yaranmasın. Məsələnin bütün məqamları dəqiq və anlaşılır olmalıdır.

Bu cür suala doğru cavab verən şəxsi belə səhv çıxarmaq ikini ikiyə vuracaq qədər bəsitdir. İmtahandan keçə bilməyən imkanlı şəxslər çox zaman belə məqamlarda sahənin səlahiyyətliləri ilə bir "masaya əyləşib, qarşılıqlı razılığa gəlmək" məcburiyyətində qalır ki, bu da hamımıza tanış olan və geniş yayılmış bir ehtimaldır.

Əslində, 2024-cü ildə keçirilən sertifikasiya imtahanından kəsilən müəllimlərin iddiasını xatırlayanda, imtahan zamanı da böyük məbləğdə
rüşvət yığılması məsələsinin mövcudluğu ehtimaldan daha çox mövcudluğun isbatıdır.

El arasında belə bir sual dolaşır, - "Görəsən axırımız hara gedir?"

Emin Əmrullayevin yüyənindən yapışıb, arxasınca çəkməli olduğu təhsil karvanını, əksinə qohum-əqrəbalarının yardımı ilə arxadan qovub bataqlığa salması, mərak etdiyimiz axırımızın heç də parlaq, eyni zamanda heç də uzaqda olmadığının proqnozunu verir.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.