Kreml İrəvandakı əsas adamı haqqında şok faktlar – Katolikos II Qaregin niyə Paşinyanı devirməyə çalışır?

Bu gün, 00:01           
Kreml İrəvandakı əsas adamı haqqında şok faktlar – Katolikos II Qaregin niyə Paşinyanı devirməyə çalışır?
Ermənistan-Rusiya münasibətlərinin kəskinləşdiyi hazırkı dövrdə rəsmi Moskvanın İrəvana təsir imkanlarını qorumaq üçün istifadə etdiyi əsas vasitələrdən biri də Erməni Apostol Kilsəsi və onun rəhbəri Katolikos II Qaregin (əsl adı Ktriç Nersisyan) hesab olunur.

Rusiya ilə əlaqələrin soyuması fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan həm ölkə daxilindəki radikal müxalifətlə, həm də kilsə rəhbərliyi ilə qarşıdurma yaşayır. Paşinyanın Qərbə inteqrasiya siyasəti Katolikosun açıq narazılığı ilə müşayiət olunur və bu narazılıq artıq ictimai müstəviyə keçib.

Paşinyanla Katolikos arasında qarşıdurma necə başladı?

Katolikos II Qareginin fəaliyyəti ilə bağlı narazılıqlar Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən dərhal sonra özünü göstərməyə başladı. Sosial şəbəkələrdə “Yeni Ermənistan – yeni Katolikos” şüarları yayıldı. II Qareginin keçmiş rejimlərlə və Rusiya ilə yaxın münasibətləri Paşinyana yaxın mediada sərt tənqid olundu.

2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Katolikos hökuməti məğlubiyyətdə ittiham edərək, Rusiyayönlü müxalifətlə eyni cəbhədə yer aldı. Həmin dövrdə kilsə nümayəndələri ordunu çevrilişə çağırırdı. 2021–2024-cü illərdə qarşıdurma daha da dərinləşdi. Paşinyanın hüquq-mühafizə orqanları kilsə daxilində bəzi şəxslərlə bağlı istintaqlara başladı. Katolikos isə bu addımları “dövlətin dinə qarşı savaşı” kimi qiymətləndirdi.


2025-ci ilin iyul ayında isə hakimiyyətə yaxın “Telegram” kanallarında Katolikos II Qareginə qarşı ciddi ittihamlar yayılıb. Həmin mənbələrin iddialarına görə:

-Ktriç Nersisyan 1979-cu ildə SSRİ KQB-nin agenti kimi ifşa olunub, bu isə onun hazırda Rusiya xüsusi xidmət orqanları – FSB və ya SVR-lə əlaqədə olması ehtimalını artırır.

-Katolikos seçkiləri zamanı rəqiblərinin müəmmalı şəkildə aradan götürülməsi, kilsədə apardığı “təmizləmə” əməliyyatları və qardaşı Mkrtiç Nersisyanı Moskvada yüksək vəzifəyə gətirməsi suallar doğurur.

-Katolikos subaylıq andını pozaraq ailə qurub və övladı var – bu isə kilsə qanunlarına ziddir.

-Moskva erməni kilsəsində Katolikosun Rusiyanın OMON qüvvələrindən istifadə edərək opponentlərini sıxışdırdığı, Arxiyepiskop Tiranı vəzifədən uzaqlaşdırdığı iddia olunur.

-II Qaregin 1999-cu il 27 oktyabr terror aktı günü Katolikos seçilib və həmin terror hadisəsinin ideoloji sponsorlarından biri olmaqda ittiham edilir. O, sonradan Vazgen (Baqrat) hərəkatına xeyir-dua verib və çevriliş çağırışları edən Gevorq Acapaxyanı müdafiə edib.

-2018-ci ildə Rusiyadan çağırılan OMON-un Moskvadakı erməni icmasına qarşı zorakılıq tətbiq etdiyi, bu əməliyyata Mkrtiç Nersisyanın rəhbərlik etdiyi deyilir.

-2024–2025-ci illərdə Katolikos hüquq-mühafizə orqanlarını “repressiv qurum” adlandıraraq, Eçmiədzindəki zəngləri çaldırmaqla xalqı üsyana səsləməyə cəhd edib.


“Pandora qutusu artıq açılıb”

“Telegram” kanallarında vurğulanır ki, Katolikos II Qaregin anti-erməni və anti-xristian fəaliyyəti, xarici maraqlara xidmət edən ritorikası və terrora dəstək xarakterli bəyanatları ilə cəmiyyətdə etimadını tamamilə itirib. Bu kanallar açıq şəkildə bildirir: “Əgər Ktriç haqqında deyilənlər yalandırsa, o, məhkəməyə müraciət etsin. Amma bu baş vermir”.

Erməni Apostol Kilsəsi artıq sırf dini qurum olmaqdan çıxaraq, siyasi mübarizə alətinə çevrilib. II Qareginin Kremlə işlədiyi və Ermənistanda anti-hökumət, anti-dövlət fəaliyyətində iştirakı ilə bağlı iddialar Nikol Paşinyan üçün yeni təhlükə yaradır. Bu məsələ təkcə bir Katolikosun deyil, Rusiyanın kilsə institutları vasitəsilə həyata keçirdiyi hibrid müdaxilənin real göstəricisi kimi dəyərləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.