Əliyev-Paşinyan görüşünün nəticələri - Razılıq ƏLDƏ OLUNDU
Bu gün, 15:02

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki görüş konstruktiv atmosferdə keçib.
Modern.az xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Xatırladaq ki, Əbu-Dabidəki sülh danışıqlarında liderlərinin görüşü əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə gerçəkləşib, sonra təkbətək formatda davam edib. Liderlərin danışıqları 5 saatadək davam edib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov daxil idi.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Baş nazirin müavini Mher Qriqoryan və parlamentin sədr müavini Ruben Rubinyan təmsil olunub.