Rail Rzayevin qətl işinə görə sabiq müşaviri dindiriblər – sensasion təfərrüatlar
13-03-2017, 09:58
Çingiz Baxşıyevin işçisi olmuş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Rövşən Əhmədovun məhkəmədə dedikləri istintaqçıların diqqətini çəkib
2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ləğv olunmuş Nəqliyyat Nazirliyində müşavir vəzifəsində çalışmış Çingiz Baxşıyev sorğu-sual olunub.
Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, fevral ayının əvvəlindən bu günə qədər sabiq müşaviri 2-3 dəfə istintaqa çağırıb dindiriblər. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ç.Baxşıyevin işçisi olmuş Rövşən Əhmədov məhkəməsində sabiq müşavirin generalın qətl işinə aidiyyəti haqda sensasion faktlar açıqlamışdı. Yada salaq ki, R.Əhmədov Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-zinət əşyalarını mənimsəməkdə suçlanır.
R.Əhmədov ittihamı qəbul etmir, bildirir ki, Ç.Baxşıyevin işçisi olduğu dövrdə onun çoxlu qanunsuz əməllərinin şahidi olub. Buna görə də ondan uzaqlaşmaq qərarı verib. Bundan sonra isə Ç.Baxşıyev ondan heç bir əsası olmayan şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib, özünə, ailə üzvlərinə qarşı təzyiqlərə, təhdidlərə keçib.
R.Əhmədov Ç.Baxşıyevi narkoticarətin təşkilində suçlamış, 2009-cu il fevralın 11-də Bakıda öldürülən müdafiə nazirinin müavini Rail Rzayevin qətlində adını hallandırmışdı. Bu haqda qəzetimizin 10 fevral 2017-ci il tarixli sayında “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” sərlövhəli məqalə dərc etmişdik.
Məlumata görə, R.Əhmədovun susması üçün təzyiqlərin nəticə vermədiyini görən Ç.Baxşıyevin onun oğluna qarşı addımlar planlaşdırır: “Rövşən Əhmədovun narkoticarət, Rail Rzayevin qətl işi üzrə məlumatları məhkəmədə açıqlaması Çingiz Baxşıyevi son dərəcə qəzəbləndirib. O, Rövşən Əhmədovun qardaş-bacılarını onun üzərinə qaldıırb, hamı ilə münasibətlərini pozub. Bununla Rövşən Əhmədova təzyiq göstərmək istəyirdi. Buna nail olmadığını görəndə başqa yol axtarıb, Rövşən Əhmədovun oğlunu ilişdirmək üçün planlar qurmaqdadır. Çingiz Baxşıyev Rövşən Əhmədovu susdurmaq üçün bütün addımları atacağını gizlətmir” deyə, mənbə qeyd edib.
Mənbəmiz narkoticarətin kimlər üzərindən həyata keçirildiyini də açıqlayıb. Bəzi detalları dəqiqləşdirəndən sonra həmin məlumatları da bölüşəcəyik. Bilinən odur ki, xüsusi dövlət maşını ilə İranla sərhəddə, Astaraya həftədə 2 dəfə gedib Salyan mal bazarına yük gətirirlər.
Qeyd edək ki, Çingiz Baxşıyev nəqliyyat nazirinin müşaviri olduğu dövrlərdə və ondan əvvəl R.Əhmədovla 12 il işləyib. R.Əhmədovun adı “Sərnişinnəqliyyat”da müfəttiş gedib, faktiki isə Çingiz Baxşıyevin göstərişlərini yerinə yetirib. Həbsindən az əvvəl Çingiz Baxşıyev R.Əhmədovu gecələr şəhərin müxtəlif nöqtələrinə göndərib. Bir dəfə deyib ki, “Komfort taksi”dən bir “BMW X6" götür get ”Spar" mağazasına, orada maşının işıqlarını iki dəfə ardıcıl, bir dəfə də qısa fasilədən sonra yandır söndür. Maşına gətirib yük qoyacaqlar, həmin yükü götür gəl. R.Əhmədov onun dediyini edib.
Maşına bir böyük çantada ağzına qədər pul qoyublar. Ondan sonra R.Əhmədov bir neçə dəfə “İvanovka” mağazasına göndərilib, eyni qaydada müəyyən işarələr veriləndən sonra maşına böyük çantada pul qoyulub. Bakıda S.Vurğun küçəsindəki çay fabrikinin yaxınlığında da maşına çantalarla pul qoyulub. R.Əhmədov bir müddət sonra belə göstərişlərini yerinə yetirməkdən imtina edib. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməyib, R.Əhmədovun “Sərnişinnəqliyyat”dan aldığı aylıq “paket” maaşını kəsdirib. Sonuncu da işdən çıxıb. Həmin pullar qanunsuz fəaliyyətdən əldə olunmuşdu.
Xatırladaq ki, R.Əhmədov ilkin olaraq dələduzluq ittihamı ilə həbs olunub. İttiham təsdiqini tapmayanda ona mənimsəmə ittihamı verilib. R.Əhmədov ittihamı qəbul etmir, ittihamın əvvəlcədən düşünülmüş olduğunu məhkəməsində dəfələrlə bəyan edib.
E.MƏMMƏDƏLİYEV
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.