“Bayram günlərində banklarla bağlı ciddi problemlər yaşana bilər” - Xəbərdarlıq

13-03-2017, 10:52           
“Bayram günlərində banklarla bağlı ciddi problemlər yaşana bilər” - Xəbərdarlıq
Novruz bayramı ilə əlaqədar içərisində olduğumuz həftənin sonundan etibarən Azərbaycanda 9 gün iş olmayacaq. Belə ki, bu il Novruz bayramı tətili mart ayının 20-dən 24-dək davam edəcək. Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyinə görə, beş günlük qrafiklə çalışanlar 9 gün istirahət edəcəklər.

Bəs bu tətilin ölkə iqtisadiyyatına təsirləri necə olacaq?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli model əsasında qurulsaydı, bu cür tətilin iqtisadi təsirləri daha çox olardı: “Ancaq hər il biz görürük ki, tətilin ölkə iqtisadiyyatına ciddi təsirləri olmur. Səbəb odur ki, Azərbaycanın əsas iqtisadi göstəriciləri enerji sektorundadır və ümum daxili məhsula (ÜDM), ölkənin gəlirliyinə, iqtisadi aktivliyə təsir edən əsas sektor neft-qaz sektorudur. Orada isə iş günləri növbəli olduğu üçün iş prosesi dayanmadan baş verir. Ona görə də mart ayı Azərbaycanın iqtisadi göstəricilərinə ciddi təsir etmir. Bu da heç də yaxşı hal deyil. Əgər normal iqtisadi model olsaydı, bu kimi tətil ÜDM-in azalmasına və iqtisadi aktivliyin zəifləməsinə səbəb olardı. Lakin digər faktorlar var ki, bu günlərdə onlara pozitiv təsirlər olacaq. Misal üçün ticarət dövriyyəsini qeyd edə bilərik. Belə ki, bu günlərdə bayram süfrəsini hazırlamaq üçün maddi baxımdan kasıbından varlısına qədər hər kəsin xərcləri artır. Bu da ticarət, xidmət dövriyyəsinin, həmin sahə ilə məşğul olan insanların gəlirlərinin artmasına səbəb olur. 2000-ci illərin əvvəllərindən bu günə qədər mart ayında Azərbaycanda iqtisadi göstəricilərdə heç də ciddi dəyişikliklər olmur. Bunun da səbəbi yuxarıda qeyd etdiyimiz kimidir”.

Ekspert bayram günlərində bankların işləməməsinin maliyyə bazarına olan təsirlərindən də danışıb: “Banklarla bağlı doğrudan da ciddi problemlər yaşana bilər. Yaxın ölkələrdən Azərbaycana bu günlərdə turistlərin gəlməsi də mümkündür. Bankların işləməməsi isə həm də valyutadəyişmə məntəqələrinin bağlanması deməkdir. Bu isə əlavə problemlər yaradacaq. Ötən il də biz belə bir problemlə üzləşmişdik. Yaxşı olardı ki, banklar ən azından bir filiallarının çalışması haqqında qərar versinlər. Bankların böyük əksəriyyəti kommersiya bankları olduğu üçün dövlət müdaxilə edə bilməz. Ancaq ən azından özlərinin iş prosesinin yaxşılaşdırılması, gələn qonaqlara, yerli əhaliyə çətinliklər yaşatmaması üçün bir çox bankların şöbələrini bayram günlərində növbəlilik əsasında çalışmağa təşviq etmək olar. Bu həm də pul köçürmələrinin, biznes əlaqələrinin gecikməsinin də qarşısını ala bilər. Düşünürəm ki, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Mərkəzi Bank banklara bu cür tövsiyələr verə bilər. Dövlətin nəzarətində olan Beynəlxalq Bank, yaxud da səhmlərinin böyük əksəriyyəti dövlətin əlində olan Azər-Türk bank qərar ilə iş rejimini dəyişə bilər. Kommersiya banklarına isə Mərkəzi Bankın tövsiyə xarakterli müraciəti olarsa, yaxşı olar”.

Ekspert qeyd olunan iqtisadi vəziyyətin fonunda mart ayında manatın məzənnəsinin necə dəyişəcəyi haqda deyib ki, əgər banklar normal iş fəaliyyətlərini qura bilməsələr bayram günlərində “qara bazar”ın yenidən ciddi şəkildə vüsət alması ehtimalı var: “Çox güman ki, belə də olacaq. Ötən il bununla bağlı çox böyük problemlər yaşandı. Hətta ölkəyə gələn turistlər də narazılıq edirdilər. Hətta taksi sürücüləri, mağazada çalışanlara qədər bir çoxları valyutadəyişmə məntəqəsinə dönmüşdü. Bəzən də insanları aldadaraq, valyutanı dəyişmək istəyirdilər. Məzənnəyə gəlincə isə çox güman ki, son iş günü Mərkəzi Bank bayram günlərinə rəsmi məzənnəsini elan edəcək. Ancaq hələ bayrama qədər bir neçə önəmli iqtisadi faktorlar olacaq. Belə ki, martın 15-də gecə saat 11-də Amerikada Federal Ehtiyatlar Sistemi qərarını açıqlayacaq. Çox güman ki, uçot dərəcələrində faiz artımı ola bilər. Faiz artarsa, həmin günü və səhəri gün bütün dünyada dolların bahalaşması prosesi baş verəcək. Bu, Azərbaycandan da yan keçməyəcək.

Nəticədə Azərbaycan hökuməti və Mərkəzi Bank həm də bir bəhanə əldə edərək məzənnəni bayram ərəfəsində daha yüksək səviyyədə qapadacaq. Bu, Mərkəzi Bankın siyasətindən asılıdır. Əslində nə qədər etiraf etməsələr də məzənnə inzibatidir və inzibati qərarla müəyyənləşdirilib. Hansı növbəti inzibati qərarın veriləcəyini söyləmək isə çətindir. Gedən proseslər onu göstərir ki, Azərbaycanda bayramlar öncəsi valyutaya tələbat artır. Çünki ölkədən də gedənlərin sayı çoxalır. Valyutaya tələb çoxaldıqca isə bunun dəyərinin də artması gözləniləndir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.