Ulu Öndər Heydər Əliyevin Novruz bayramı haqqında unudulmayan tarixi çıxışı - TAM MƏTN
14-03-2017, 10:13
Ulu Öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində xalqımızın müqəddəs bayramı olan Novruz bayramında etdiyi unudulmaz çıxışını təqdim edirik:
Hörmətli qonaqlar, dostlar!
Mən sizin hamınızı əziz bayramımız Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm və hər birinizə, hər bir Azərbaycan vətəndaşına cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır.
Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır.
Dünən biz gecənin-gündüzün bərabərləşdiyini müşahidə etdik. Məhz bu dəqiqələrdə, bu gündə Novruz bayramı başlayıb və bir bayram kimi qeyd edilir. Yəni bu bayramın, yenə də deyirəm, bəlkə də dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi. Amma kimlər isə bundan çox edə bilirdi - şəkərbura, əlbəttə ki, paxlava, başqa şirniyyatlar... kimsə bundan çox edə bilsəydi də, elə ailə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlər istifadə etməsinlər və bayramı qeyd etməsinlər.
Ona görə bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır. Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramımın fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır.
Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.
Bu bayram həmişə arzular bayramıdır. İnsan bu bayramı keçirərkən arzu edib. Bahar gəlir, yeni il gəlir, Novruz bayramıdır, hər kəsin arzusu var, hər insanın öz arzusu var. Eyni zamanda bizim xalqımızın, millətimizin arzusu vardır.
Mən bu bayram günü hamının öz arzularına, niyyətlərinə çatmasını istəyirəm. Arzu edirəm ki, hər bir insanın, hər bir Azərbaycan vətəndaşının arzusu bu il yerinə yetsin. Amma eyni zamanda, bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır. Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, inkişaf etsin.
Biz səkkiz ildir ki, bu bayramı bir müstəqil dövlət kimi, azad xalq kimi qeyd edirik. Ona görə də hamımızın ümumi arzumuz odur ki, bizim bu milli azadlığımız, bizim dövlət müstəqilliyimiz daimi olsun, əbədi olsun. Biz hamımız bu arzularla yaşayırıq və tam əminəm ki, bu arzularımıza ilbəil nail olacağıq.
Novruz bayramında adətən insanlar istəyirlər ki, dərddən-qəmdən xilas olsunlar, dərddən-qəmdən uzaqlaşsınlar, ya da bundan sonra dərd-qəm olmasın. Hamıya arzu edirəm ki, bu il, bu bayramdan sonra heç kəsin dərdi-qəmi olmasın. Olsa da elə olsun ki, insanlar o dərdi-qəmi, kədəri keçirə bilsinlər.
Amma yenə də xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir. Ancaq bu dərdi çəkərək biz heç də sınmırıq, ağlamırıq, inildəmirik. Biz bu dərdi mərdliklə, dəyanətlə çəkirik. Eyni zamanda çalışırıq və çalışacağıq ki, bu dərddən-qəmdən xilas olaq. Əminəm ki, biz bundan xilas olacağıq.
Ancaq indi bu bayramı çadırlarda keçirənlər də vardır. Evini-eşiyini itirmiş, ayrı-ayrı yerlərdə əlverişsiz şəraitdə yaşayanlar da vardır. Mən şübhə etmirəm ki, - bu da bayramın xüsusiyyətidir, - hər bir çadırda bu gecə şam yandırılıbdır, bayram yeməyi bişirilib, bayram keçirilibdir. Əvvəl mən bunu dedim ki, xalqımız ən ağır zamanlarda, ən ağır yaşayış şəraitində bu bayramı edibdir. İnanıram ki, bu gün qaçqınların və köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində də belə bayram əhval-ruhiyyəsi vardır.
Onlar da sizin kimi, hamımız kimi çalırlar, oynayırlar, bayram edirlər. Çünki bu, bizim millətimizin xüsusiyyətidir - sınmamaq, əyilməmək, dərdə dözümlü olmaq. Bəli, bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir. Bunları deyərək, bunları hər gün hiss edərək mən sizə və bütün Azərbaycan vətəndaşlarına deyirəm ki, bu günlər çadır şəhərciklərində yaşayan insanlar da bayram edirlər.
Mən sizin hamınızı təbrik edirəm. Ancaq o soydaşlarımızı xüsusi təbrik edirəm. Onlara bir daha bildirirəm ki, bizim apardığımız işlər, həyata keçirdiyimiz tədbirlər, - bu işləri ardıcıl aparırıq, - Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını, respublikamızın ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaq və o gün gələcəkdir ki, o yerlərdə bayram tonqalı yandıracaqdır, bayram şənlikləri, yığıncaqları keçiriləcəkdir. O yerlərdə hər kəs öz evində bayram axşamı plov, paxlava bişirəcəkdir, bayramı öz evində edəcəkdir.
Əziz dostlar, əziz bacılar və qardaşlar!
Bizim həyatımızın son illər çox müsbət cəhətləri də var, ancaq eyni zamanda bizi narahat edən cəhətləri də vardır. Biz bunların hamısını ədalətli qiymətləndiririk. Çatışmazlıqları, nöqsanları heç vaxt gizlətmirik. Amma nailiyyətləri də qeyd edirik və onlarla fəxr edirik. Çətinliklərə, nöqsanlara baxmayaraq indi, bu gün Bakıda da, Azərbaycanın hər bir yerində də insanlar bayram əhval-ruhiyyəsindədirlər. Buraya toplaşanların hamısı, təkcə burada deyil, mən bilirəm ki, indi Bakının bütün meydançalarında, küçələrində insanlar bayram şənlikləri keçirirlər, bayram əhval-ruhiyyəsindədirlər.
Bu günlər, axşamlar fişəng partlamasının səsindən qulaq batır. Bizim hüquq-mühafizə orqanları bundan qorxurlar və onu qadağan edirlər. Amma indi təsəvvür edin, bizdə fişəng istehsal olunmur. Bunu insanlar hansısa ölkələrdən alırlar, gətirib burada satır, pul qazanırlar. İnsanların imkanları vardır ki, gedirlər, həmin o fişəngə pul verirlər, alırlar və onu bir saat, iki saat içərisində partladırlar. Kimsə bundan narahat olur. Bəlkə, deyək ki, bu, onun əhval-ruhiyyəsinə təsir edir. Amma məsələn, mən narahat olmuram. Bu, bizim xalqımızın keçmiş adət-ənənəsidir. Amma o vaxtlar heç də bu qədər fişəng olmayıbdır. Kim ki bir-iki fişəng qayıra bilirdisə, o bunu edirdi. Amma indi Bakının küçələrində, orada-burada nə qədər fişəng səsləri eşidirik. Bu, nəyi göstərir? Deməli, insanların əksəriyyəti elə yaşayırlar ki, hətta onların fişəng almağa və çox fişəng atmağa da imkanları vardır. Demək istəmirəm ki, onların hər şeyi vardır. Yox. Amma bu bayram elə bayramdır ki, kimsə bəlkə ona lazım olan başqa şeydən imtina edir, onu almır, yəni, neçə deyərlər, boğazından kəsir, amma o fişəngi alır, bu bayramı qeyd edir. Bax, budur bizim Novruz bayramımız.
Ona görə də bu bayram əhval-ruhiyyəsi, təbiidir ki, bizim hamımıza nikbinlik verir, hamımızda nikbin əhval-ruhiyyə yaradır. Mən sizi əmin edirəm ki, bu nikbinliyə haqqımız var, əsasımız vardır. Çünki apardığımız iqtisadi siyasət, daxili və xarici siyasət Azərbaycanın həyatını gündən-günə yaxşılaşdıracaq, Azərbaycan yüksələcək və respublikamızda hər bir vətəndaş öz hüququndan istifadə edib rahat yaşayacaqdır.
Mən sizin hamınızı bir də təbrik edirəm, sizə cansağlığı arzu edirəm ki, həmişə belə gözəl əhval-ruhiyyədə olasınız!
Çox sağ olun.
Mətn dövlət televiziyasının çəkilişindən əldə olunub.
Qlobal.az