BAKI 231 ŞƏHƏR İÇİNDƏ 199-cu OLDU – Hesabat
15-03-2017, 06:58
Beynəlxalq insan resursları şirkəti «Mercer», hər il olduğu kimi, şəhərlərin qiymətləndirməsini aparıb, dünyanın ən yaxşı şəraitli şəhərlərinin adını açıqlayıb.
İlk 10-luğa düşənlər daha çox Almaniyanın şəhərləridir. Avstriyanın paytaxtı Vyana artıq 8-ci ildir ki, siyahıya liderlik edir.
VYANA YENƏ BİRİNCİDİR
«Mercer»in siyahısında ilk 10 yeri tutan şəhərlər aşağıdakılardır:
1. Vyana (Avstriya)
2. Sürix (İsveçrə)
3. Oklend (Yeni Zelandiya)
4. Münhen (Almaniya)
5. Vankuver (Kanada)
6. Düsseldorf (Almaniya)
7. Frankfurt (Almaniya)
8. Cenevrə (İsveçrə)
9. Kopenhagen (Danimarka)
10. Bazel (İsveçrə)
Şəhərlər elektrik enerjisiylə, içməli suyla təminatına, telefon və post, nəqliyyat xidmətinin səviyyəsinə, tıxacların həddinə, yerli hava limanının beynəlxalq uçuş imkanlarına görə qiymətləndirilib.
Azərbaycanın paytaxtı şəraitinə görə 231 şəhər arasında 199-cu yerdədir. Moskva 168, Yerevan 172, Tbilisi 187-cidir.
İLK 30-LUĞA DÜŞMƏYƏNLƏR VAR
Dünyanın ən iri şəhərləri olan London, Paris, Tokio, Nyu-York ilk 30-luğa da düşməyib.
ABŞ şəhərlərindən irəlidə olanı San-Fransiskodur – 29-cu yeri tutub.
Asiyada ən yaşamalı şəhər Sinqapurdur, «Mercer»in siyahısında Sinqapur 25-ci yerdədir.
Afrikanın ən yaxşı şəraiti olan şəhəri isə Cənubi Afrika Respublikasının Durban şəhəridir, siyahıda 87-cidir.
Dünyanın ən pis şəraiti olan şəhəri yenə İraqın paytaxtı Bağdaddır.
«Mercer» ildə bir dəfə yaydığı hesabatlarıyla şirkətləri məlumatlandırır, onlara dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən işçilərinə ədalətli əməkhaqqı verməsini təmin etməyə çalışır. Şirkət beynəlxalq təşkilatlardan ötrü şəhərlərin infrastrukturunun xüsusi əhəmiyyəti olduğunu vurğulayır.