Xristian türklərə münasibətdə milli, yoxsa dini kimlik önəmli...
15-03-2017, 09:20
Sabir Rüstəmxanlı: “Millət əbədidir, dinlər keçicidir, dinlər dəyişilir, Allah qalır, amma Allaha ibadətin, sitayişin yolları dəyişir”
Avropada qitəsində yerləşən yeganə türk muxtariyyəti Qaqauziya (Rəsmi adı Qaqauz Muxtar Regional Torpağı) Moldovanın tərkibində olmasına baxmayaraq, qaqauzlar muxtar bölgə daxilində müstəqildirlər.
Xristian (pravoslav) türklər kimi tanınan qaqauzlar dil olaraq Azərbaycan və Türkiyə türkcəsinə ən yaxın ləhcədə danışan bir etnik qrupdur. 11-ci əsrdə Səlcuqlar dönəmində Avropaya yerləşən, Ukrayna, Moldova, Bolqarıstan, Makedoniya, Yunanıstan və Rumıniya kimi ölkələrə səpələnən qaqauzların bir qismi Mərkəzi Asiyada yaşayır. Qaqauzlar oğuz türkləridir və Qaqauz sözünün mənası da Oğuz türkü deməkdir.
Qeyd edək ki, MDB ərazisində 200 min nəfərə yaxın qaqauz yaşayır. Bunların 77 faizi və ya 152 min nəfəri Qaqauziyada, 32 min nəfəri Ukraynada, Odessa vilayətində, yerdə qalanları isə Rusiya və Qazaxıstan ərazilərində yaşayır. Ancaq Qaqauziya sakinlərinin bir çoxu iş və dolanışıq üçün Avropa və Rusiyaya mühacirət edib.
Qaqauzlar 1917-ci ilə qədər Rusiyanın tərkibində olub. Daha sonra Rumıniya ərazisinə daxil olan Qaqauziya 1944-cü ilə qədər Rumıniya torpağı olub. 1944-cü ildən bu günə qədər Moldovanın tərkibindədir. 1990-cı ildə SSRİ-də başlayan milliyyətçilik hərəkatı dalğasında qaqauzlar Qaqauz Muxtar Sovet Sosialist Respublikası elan edib. Ancaq bu qərar Moldova Ali Şurası tərəfindən rədd edilib. Daha sonra Qaqauz Respublikası elan olunsa da, Moldova hökuməti bölgəyə ordu və millətçi qüvvələri cəlb edib, yaranmış qarşıdurma Rusiyanın müdaxiləsi ilə dayandırılıb. 1991-ci il avqustun 27-də Moldova müstəqilliyini elan edib, bundan sonra qaqauzların da siyasi tələbləri davam edib və 1994-cü il 23 dekabrda Moldova parlamenti Qaqauziyaya “Qaqauz Yeri” adı altında xüsusi status verilməsi ilə bağlı qanun qəbul edib. Bu qanuna əsasən, Qaqauziya daxili müstəqillik əldə edib və Moldova qanunlarına zidd olmayan qanunlar qəbul etmək, daxili iqtisadi və sosial həyatı təşkil etmək haqqı alıb. Muxtar respublikada 3 dil-qaqauzca, moldovan və rus dilləri dövlət dilidir.
Türkiyədə Moldova-Türkiyə dostluq dərnəyi fəaliyyət göstərir. Dərnək 1999-cu ildə təsis olunub. Dərnəyin sədri Rafet Köksal Ankarada “Yeni Müsavat”ın əməkdaşına müsahibəsində deyib ki, bu gün iqtisadi imkanların zəifliyi, iş yerlərinin azlığı səbəbindən digər bölgələrdə olduğu kimi, Qaqauziyada da böyük köç var. Bu bölgədə türk əhalinin qorunub saxlanması, inkişafı üçün lazımi addımlar atılmasa, tezliklə qaqauzların sayı azala və bölgədəki mövqelərini itirə bilərlər. Bu istiqamətdə ən böyük dəstəyi isə təbii ki, Türkiyə verə bilər. Türkiyənin Qaqauziya bölgəsinə yatırım qoyması, ərazidə iş yerlərinin və infrasturukturun yenilənməsinə dəstəyi burada inkişafa səbəb ola bilər. Bunu muxtar respublikanın hazırkı rəhbərliyi də istəyir. Bir neçə dəfə Türkiyəyə səfərə gələn Qaqauziya prezidenti Türkiyə hökumətindən Qaqauziyaya dəstək olmağı istəyib.
Qeyd edək ki, qaqauzların İslam dininə sitayiş etməmələri bəzi insanlarda və türk dövlətlərində onlara laqeyd yanaşma hallarının meydana gəlməsi ilə müşayiət olunur. Bəziləri “onlar müsəlman deyil, deməli, bizlərdən biri deyillər” şəklində yanaşırlar. Bəs əslində türk dövlətləri, türk xalqı xristian qaqauzlara necə yanaşmalıdırlar, onlara sahib çıxamlıdırlarmı?
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, millətlər dindən öncə yaranıb, ona görə də qaqauz türklərinə də münasibətdə onların türk olması öncə gəlməlidir: “Tarixə nəzər yetirəndə görürük ki, türklər dünyanın bütün dinlərindən keçiblər. Ən qədim ibtidai dövrdəki dinlərdən, büdpərəstlikdən, monoazimdən, dadaizmdən, tanrıçılıqdan, yəhudi dinindən, xristianlıqdan keçib gəlib İslamda dayanıblar. Ona görə ki, o dinlər cəmiyyəti tam təmin eləməyib, cəmiyyətin yaşayış tərzinə uyğun gəlməyib və imtina eləyiblər. Sonra başqa bir dövr başlayıb. İslama qədər atəşpərəstlik də var idi və biz atəşpərəstlikdən də keçmişik. Amma İslam dinini daha mütərəqqi saydılar və keçdilər İslama. Lakin günün birində din millətin ayağında zəncirə, qolunda qandala dönəndə o zaman onu atıb keçirlər və zaman-zaman keçiblər. Çünki millət əbədidir, dinlər keçicidir, dinlər dəyişilir. Allah qalır, amma Allaha ibadətin, sitayişin yolları dəyişir. Bu mənada bir türkün dini xristiandırsa, bu o demək deyil ki, biz din amilini qabartmalıyıq və onu türk saymamalıyıq, ona sahib çıxmamalıyıq”.
S.Rüstəmxanlı dedi ki, hazırda dünyada türklərin içində yəhudi dininə sitayiş edən türklər-karaim türkləri də var. Litvada yaşayırlar. Biz onlardan imtina etməli deyilik: “Mən bilən Hindistanda yerli dinlərə bağlı olan türklər də var. Tatar türklərinin bir hissəsi xristiandırlar. Türkiyənin özündə son dövrlərə qədər xristian türklər də var idi. Xristian türklərin bir hissəsi dinə görə köçüb Yunanıstana, bir hissəsi isə şimali Qafqaza köçüblər. Dilləri, yaşayış tərzləri türkdür, amma dinləri pravoslav olduqları üçün özlərinə rum deyirlər. Bütün millətlərin içində müxtəlif dini meyllər var. Lakin bu, milləti ayırmaz. Ona görə də xristianlığı, din məsələsini ortaya atıb milləti parçalamaq qətiyyən olmaz. Qaqauzlarla da, karaimlərlə də, digər qeyri-İslam dininə sitayiş edən türk mənşəli xalqlarla sıx əlaqələr saxlanılmalıdır, əlaqələr gücləndirilməlidir. Bir qardaş kimi onlara sahib çıxmalıyıq. Xristian olmaları qaqauzları qətiyyən bizdən uzaqlaşdırmayıb. Əksinə, xristian toplumun içində onlar öz mənəvi varlıqlarını, adət-ənənələrini, dillərini daha möhkəm şəkildə qoruyub saxlayırlar. Onları heç vaxt unutmaq olmaz. Dini sitayişinə görə millətin varlığını dəyişmək olmaz. Gələcək dinlərin taleyinin necə olacağı dəqiq bilinmir, amma millətlər yaşayacaq”.
Etibar SEYİDAĞA